Uşaqlarda Dəmir Çatışmazlığı barədə. Həkim Nərmin Əzizova

Dəmir çatışmazlığı dünyada ən çox rast gəlinən qida çatışmazlıqlarından biridir və bütün yaş qruplarına təsir edir. Lakin xüsusilə 6-24 ay arası körpələrdə və yeniyetmələrdə daha çox rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 5 yaşdan kiçik uşaqların təxminən 40%-i və yeniyetmələrin 30%-i dəmir çatışmazlığı anemiyasından əziyyət çəkir.
Doğuş zamanı, əgər anada hamiləlik dövründə ciddi anemiya müşahidə olunmayıbsa, yenidoğulmuş körpələrin kifayət qədər dəmir ehtiyatı olur. Ana südü ilə qidalanan körpələr ilk altı ay ərzində dəmir çatışmazlığından qorunurlar, çünki ana südündəki dəmir yüksək mənimsənilmə qabiliyyətinə malikdir. Lakin körpə böyüdükcə dəmirə olan ehtiyac artır və əgər qida rasionunda kifayət qədər dəmir yoxdur, çatışmazlıq inkişaf edə bilər.
Uşaqlarda dəmir çatışmazlığının səbəbləri
Uşaqlarda dəmir çatışmazlığı aşağıdakı səbəblərdən qaynaqlana bilər:
- Yetərsiz dəmir tərkibli qidalanma – Dəmir baxımından kasad qidalar qəbul etmək və ya həddindən artıq inək südü istehlak etmək (>500 ml/gün), çünki inək südü dəmirin mənimsənilməsini azaldır.
- Sürətli böyümə – Körpəlik və yeniyetməlik dövründə orqanizmin dəmirə olan tələbatı əhəmiyyətli dərəcədə artır.
- Tez-tez baş verən infeksiyalar – Xroniki infeksiyalar (məsələn, sidik yolları infeksiyaları) dəmir itkisinə səbəb ola bilər.
- Xroniki ishal – Çölyak xəstəliyi və ya iltihabi bağırsaq xəstəlikləri dəmirin mənimsənilməsini azalda bilər.
- Parazitar infeksiyalar – Bağırsaq parazitləri (məsələn, qancıq qurdu) qan itkilərinə səbəb olaraq dəmir çatışmazlığı yarada bilər.
- Yeniyetmə qızlarda menstruasiya – Aybaşı səbəbilə müntəzəm qan itirən yeniyetmələrdə dəmir çatışmazlığı riski yüksəkdir.
- Həzm sistemi problemləri – Mədə xorası, Meckel divertikulu, poliplər və iltihabi bağırsaq xəstəlikləri kimi vəziyyətlər gizli qan itkilərinə səbəb ola bilər.
Dəmir çatışmazlığının əlamətləri
Dəmir çatışmazlığı anemiyaya çevrildikdə aşağıdakı simptomlar müşahidə edilə bilər:
- Yorğunluq, əsəbilik və halsızlıq
- Diqqət və öyrənmə çətinliyi
- İştaahsızlıq
- Dərinin solğunluğu (xüsusilə göz qapaqlarının içi, ovuc içi və ağız içində daha aydın görünür)
- Başgicəllənmə və baş ağrıları
- Saçların və dırnaqların kövrəkləşməsi
- Qeyri-adi maddələr yeməyə meyl (Pika sindromu – torpaq, kağız və buz yemə vərdişi)
- Fiziki və əqli inkişafın ləngiməsi
- Tez-tez xəstələnmə
- Katılma nöbeti – Bəzi uşaqlarda dəmir çatışmazlığı ağlama zamanı nəfəsin tutulmasına və göyərməyə səbəb ola bilər.
Diaqnoz
Dəmir çatışmazlığı aşağıdakı qan testləri ilə müəyyən edilir:
- Hemoqlobin və hematokrit səviyyələri
- Serum ferritin səviyyəsi (dəmir ehtiyatının əsas göstəricisi)
- Serum dəmiri və ümumi dəmir bağlama qabiliyyəti (TIBC)
- Retikulosit sayı və periferik qan yayması (eritrositlərin forması və ölçüsünü qiymətləndirmək üçün)
Uşaqlarda dəmir çatışmazlığının müalicəsi
Dəmir çatışmazlığının əsas müalicəsi dəmir preparatlarının qəbulu ilə həyata keçirilir. Bu preparatlar:
- Sirop və ya damcı formasında (körpələr və kiçik uşaqlar üçün)
- Kapsul və ya tablet şəklində (böyük uşaqlar və yeniyetmələr üçün)
- Venadaxili dəmir müalicəsi (ağır hallarda) istifadə olunur.
Ən çox istifadə edilən dəmir birləşmələri ferroz sulfat, ferroz glukonat, ferroz fumarat və ferroz suksinat kimi asan mənimsənilən formalardır. Dəmir preparatı acqarına və ya yeməkdən 2 saat sonra qəbul edilməli və C vitamini ilə birlikdə istifadə olunmalıdır ki, mənimsənilməsi artsın.
Vacib məqamlar
- Dəmir preparatlarını südlə verməyin – Kalsium dəmirin mənimsənilməsini azaldır. Süd içildikdən sonra ən az 30 dəqiqə gözlənilməlidir.
- Yan təsirlər mümkündür – Qəbizlik, ishal, qarın ağrısı və ürəkbulanma baş verə bilər, lakin bu əlamətlər müvəqqətidir.
- Qara rəngli nəcis normaldır – Dəmir preparatlarının istifadəsi nəcis rəngini tündləşdirə bilər, bu təhlükəli deyil.
- Dişlərin qaralmasının qarşısını almaq üçün – Dərmanı damcılıqla və ya suya/şirəyə qarışdıraraq vermək tövsiyə olunur.
- Müalicə müddəti – Adətən 3 ay davam edir. Bu müddətdən sonra qan analizi ilə vəziyyət qiymətləndirilməlidir.
Müalicə olunmamış dəmir çatışmazlığının fəsadları
Əgər dəmir çatışmazlığı müalicə olunmazsa, aşağıdakı problemlər yarana bilər:
- Beyin inkişafının ləngiməsi və öyrənmə çətinliyi
- Məktəb göstəricilərinin zəifləməsi
- İmmunitetin zəifləməsi və infeksiyalara həssaslıq
- Halsızlıq, zəiflik və iştahsızlıq
- Ağır hallarda ürək çatışmazlığı əlamətləri
Uşaqlarda dəmir çatışmazlığının qarşısının alınması
Dəmir çatışmazlığının qarşısını almaq üçün:
- Dəmir baxımından zəngin qidalar qəbul edilməlidir – Qırmızı ət (mal, qoyun əti), qaraciyər, yumurta, mərcimək, noxud və dəmirlə zənginləşdirilmiş dənli bitkilər.
- Lazım gələrsə, dəmir əlavələri verilməlidir – ÜST-nin tövsiyəsinə görə, vaxtından əvvəl doğulan körpələr 1-ci aydan, vaxtında doğulan körpələr isə 4-cü aydan etibarən dəmir əlavəsi qəbul etməlidir.
- Yeniyetmə qızlarda menstrual sağlamlıq izlənilməlidir – Dəmir itkisini kompensasiya etmək üçün zəngin qidalanma vacibdir.
- Xroniki xəstəliklər üçün müayinələr aparılmalıdır – Təkrarlanan infeksiyalar və zəif inkişaf edən uşaqlar dəmir çatışmazlığı üçün yoxlanılmalıdır.
Nərmin Əzizova,
Pediatriya.az saytının təsisçisi