Uşaqlarda birinci tip diabetə hansı yaşlarda rast gəlinə bilər? Ekspert danışır
Bakı, 1 fevral, AZƏRTAC
Son 10 ildə ikinci tip şəkərli diabet uşaqlar arasında artmaqdadır. Bu, kökəlməyə, insulin müqavimətinə bağlı olan vəziyyətdir. Diabetin bu növü adətən 10 yaşdan sonra qeydə alınır. Birinci tip şəkərli diabet isə bütün yaş qrupuna aid uşaqlarda ortaya çıxa bilər. Ən çox rastgəlmə dövrü 5 yaşdan 12 yaşa qədərdir. Lakin 1-2-3 yaşlarında da bu tip diabet aşkarlana bilər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin instaqram səhifəsində “Uşaqlarda şəkər xəstəliyi” mövzusunda canlı yayımda deyib.
Ekspert diabetin əlamətləri barəsində məlumat verərək valideynləri diqqətli olmağa səsləyib: “Birinci tipdə uşaqlar sidiyə çox gedirlər. Çox su itirdiklərindən nəticədə ifrat dərəcədə – 3-5 litr su içməyə başlayırlar. Sidik qaçırmalar artır. Çox yemək yeməyə başlasalar da, çəki itirirlər. Çünki bədən şəkəri yandıra bilmir və yağı, zülalı yandırmağa başlayır. Nəticədə bədənin digər funksiyaları zəifləyir, halsızlıq yorğunluq müşahidə olunur. Həmin proseslər birinci tip diabetdə 2-3 ay müddətində baş verir. Bu müddətdə uşaq hansısa infeksiyaya yoluxarsa, vəziyyət daha da kəskinləşir, qarın ağrısı, tənəffüs problemləri yaranır, tez-tez nəfəs almağa, ağızdan aseton iyi gəlməyə başlayır. Həmin əlamətlər də gözardı edilən zaman uşaqların vəziyyəti ağırlaşır və valideynlər onları çox ağır vəziyyətdə xəstəxanaya çatdırmalı olurlar.
İkinci tip diabetdə buna bənzər əlamətlər olsa da gec ortaya çıxır. Bu zaman uşaqlarda əksinə olaraq kökəlmələr meydana gəlir. Bədənin büküşlərində – boyun, qoltuqaltı, dirsək bölgələrində tündləşmələr əmələ gəlir. Halsızlıq, yorğunluq, diqqət pozulması, aclığa dözə bilməmək, tez-tez əsəbiləşmək, bir müddətdən sonra çox su içmək, çox sidiyə getmək, ağız quruluğu kimi əlamətlər də meydana çıxır”.