Uşaq qidaları ilə bağlı tövsiyələr
Modern.az saytı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlıq çərçivəsində bu gündən yeni rubrikaya başlayır. Bundan sonra “AQTA maarifləndirir” adlı rubrikamızda Agentliyin qidalarla bağlı maarifləndirici tövsiyələri diqqətinizə çatdırılacaq.
Beləliklə, uşaq qidaları ilə bağlı ilk yazını təqdim edirik:
– Körpə uşaqlar üçün ən ideal qida ana südüdür. Lakin ana südü ilə tam təmin olunmayan uşaqların əlavə qidalandırılmasına zərurət yaranır. Bu zaman istehlakçılar konservləşdirilmiş uşaq qidalarına üstünlük verirlər.
Uşaq qidası özündə bütün zəruri qidalandırıcı maddələri, mikroelementləri və vitaminləri cəmləşdirməli, tərkibində süni boyalar, nişasta, sintetik dadlandırıcı maddələr, duz və şəkər, kənar qoxu, dad olmamalı, ekoloji cəhətdən təmiz məhsuldan hazırlanmalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaq qidası istehsalında GMO tərkibli və pestisidlərin istifadəsi ilə yetişdirilən xammal və süni rəngləyicilərdən istifadə qadağandır.
Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab verməli, texnoloji təlimata və reseptə əsasən müəyyən edilmiş qaydalara əsasən hazırlanmalıdır.
Süni qida məhsullarının üzərində ana südünün üstünlüyü, yalnız həkim məsləhəti ilə istifadəsi, qidanın düzgün hazırlanması və saxlanılması, yararlılıq müddəti, mənşəyi, istehsalçısının adı və ünvanı, enerji dəyəri, tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması, kimyəvi tərkibi, hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma barədə qeydlər olmalıdır.
İstehlakçılar uşaq qidası alarkən qablaşdırmanın bütövlüyünə, qidanın hansı yaş qrupu üçün nəzərdə tutulduğuna, istehsal və son istifadə tarixinə və tərkibindəki ‘‘E’’- qida əlavələrinə (ən zərərsiz qida əlavələri soda, sirkə turşusu, pektindir və müvafiq olaraq E-500, E-260, E-440 kimi işarə olunur) diqqət etməlidirlər.
Uşaq qidaları təmiz, quru və digər məhsullardan (kimyəvi tərkibli məhsullar, yuyucu vasitələri, ət və toyuq məhsulları) kənarda, yaxşı havalandırma sistemi olan yerdə, müvafiq temperatur rejimində saxlanılmalıdır. Quru uşaq qidalarını soyuducuda, xüsusən açıq halda saxlamaq olmaz. Belə ki, quru toz halında olan uşaq qidaları nəm çəkir və bu da sonradan onun yararlığına mənfi təsir göstərir.
Qabı zədələnmiş uşaq qidalarının alınması məsləhət görülmür. Uşaq qidası alarkən onun üzərində “uşaq qidası” və “6, 8, 10 və 12 aylıq uşaqlar üçün” kimi qeydlərin olmasına diqqət yetirilməlidir. Bundan əlavə, uşaq qidası kimi istifadə olunan konservlərin tərkibində duz və şəkər qarışığının olmamasına və ekoloji cəhətdən təmiz məhsuldan hazırlandığına xüsusi diqqət etmək lazımdır.