Uşağınızın üstünə qışqırmayın! - Pediatr
Hər bir ailənin uşaq böyütmə və tərbiyələndirmə üsulu fərqlidir. Əgər valideyn həddən çox mülayimdirsə, o zaman uşaq ərköyün böyüyür. Çox sərt valideyn olmaq da xoşagəlməz sonlarla nəticələnə bilər. Hər bir valideyn uşağının həyatında baş verənləri ilk özü bilmək istəyir. Bunun üçün onunla daha yaxın dostluq etməyə çalışın. Amma özünüz də düşünün – qorxduğunuz biri ilə dostluq edərsinizmi? Belə olan halda uşaq bütün böyüklərdən qorxmağa başlayır.
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinin həkim-pediatrı Könül Zeynalova məlumat verib.
Həkim bildirib ki, uşağın fikrini bildirməsi üçün ona imkan yaradın. Onunla ünsiyyətdə yaxşı həmsöhbət olun. Uşağın üstünə qışqırmaq ona qarşı edilən fiziki zorakılıqla eyni sayılır. Onun üstünə qışqıranda uşaq özünə qapanacaq və valideynləri ilə münasibətində güvən yox olacaq: “Baş verənlərə kiçik yumorla reaksiya verin. Həmişə nəyi sevdiyi və nə ilə məşğul olduğu ilə maraqlanın.
Stress münasibətin mənfisidir və uşağa təsirsiz ötüşmür. Uşağı incidəndə, ya ona stress yaşadanda onda hormonal dəyişikliklər baş verir, bədəndə iltihab prosesləri başlayır.
Davranış və emosiyalarınızı idarə etməyi bacarın. Şəxsi problemlərinizi uşaqla münasibətə daşımayın. Onu həmişə əzizləyin və sevdiyinizi deyin”.
Könül Zeynalova qeyd edib ki, əgər uşağın üstünə dəfələrlə qışqırıb, səsinizi qaldırırsınızsa, müəyyən zaman sonra da o, elə cavab qaytaracaq, isterika çıxara bilər. Uşaqların içindəki bu alov onlara qarşı yönəlmiş qadağalar və pis davranışla əlaqəlidir. Həm də bu uşaqlar depressiyaya meylli olurlar: “Nəzərə alın ki, siz hər işdə uşağınıza bir nümunəsiniz. Ciddi olun, ancaq ədalətli . Arqument və narahatlığınızı sakit şəkildə çatdırın. Düzgün izah etməyəndə səhvlərinizi etiraf etməyi öyrənin. Dinləməyi və eşitməyi bacarın. Hər şeyə sevgi və səbr göstərməklə nail olmaq olar”.