Uşağınızın gözünə qar topu dəyibsə, mütləq bunları edin!

Qarlı günlər bir çox insanlara xoşbəxtlik və sevinc gətirsə də, təəssüf ki, belə havalar bir sıra hallarda insanların zədələnməsi ilə də nəticələnir.

Ölkə.Az xəbər verir ki, insanlar əylənmək üçün qar topu oynasa da, üz nahiyyəsinə dəyən qar topu zərbəsi sağlamlığımız üçün təhdid ola bilər.

Oftalmoloq Elgün Ağayevin sözlərinə görə, əgər qar topu uşağın gözünə dəyibsə və zədə əmələ gəlibsə, aşağıdakı addımları atmaq vacibdir:

1. Uşağı sakitləşdirin – Ağrı və qorxu hissi ola bilər, ona görə panikaya düşmədən uşağı sakitləşdirmək lazımdır.

2. Gözləri yoxlayın – Qızartı, şişkinlik, qanaxma və ya görmə problemləri olub-olmadığını yoxlayın.

3. Gözə toxunmayın – Gözləri ovuşdurmaq və ya əllə toxunmaq ziyan verə bilər.

4. Soyuq kompres tətbiq edin – Göz qapağının üstünə təmiz bir dəsmala bükülmüş soyuq kompres qoyun. Bu, şişkinliyi və ağrını azaldacaq.

5. Gözü yuyun – Əgər gözdə qar və ya çirk varsa, ilıq və ya steril su ilə yumşaq şəkildə yuyun.

6. Görmə yoxlanışı – Uşaq bulanıq görürsə, işıqdan narahatdırsa və ya gözdə qızartı davam edirsə, dərhal həkimə müraciət edin.

7. Oftalmoloqa getmə – Əgər zədə güclüdürsə (qanaxma, şiddətli ağrı, görmə itkisi varsa), mütləq göz həkiminə aparmaq lazımdır.

E.Ağayevin sözlərinə görə, gözlər çox həssas orqandır, ona görə də cüzi şikayətlər olsa belə, mütəxəssisə müraciət etmək vacibdir.

Billurə Yunus