Uşağım (körpəm) yıxılıb. Nə edim? Uşaqlar yıxılanda nələrə diqqət edilməlidir. Həkim Nərmin Əzizova

Ümumi məlumat

Valideynləri ən çox narahat edən məsələlərdən biri də övladlarının yıxılan zamanı travma alıb-almamaları, bu zaman onlara vaxtında düzgün müdaxilənin olub-olmamasıdır.

3 aydan 5 yaşa qədər uşaqlar arasında ən çox rast gəlinən travma növü yıxılmadır.

Aşağıda qeyd olunan xüsusatlara diqqət yetirməyimiz tövsiyə olunur:

  • Təqribən 4-cü aydan etibarən körpə çevrilmə hərəkətini öyrənməyə başlayır. Körpə ani olaraq yana doğru çevrilib yıxıla bilərlər. Ona görə də körpələr yeni doğulmuş dövrdən başlayaraq divan, kreslo və hündür stullarda tək buraxılmamalıdırlar;
  • Körpədə iməkləmə təqribən 6 aylıqdan etibarən başlayır. Bu zaman körpələrin iməkləyərək pilləkandan yıxılmalarına çox rast gəlinir;
  • 1 yaşa yaxın bəzi uşaqlara yürütəclərdən («Ходунки») istifadəsinə başlanılır. Qeyd edək ki, yürütəclərdən istifadə zamanı yıxılmalara çox rast gəlinir. Nəzərə alınmalıdır ki, bir qayda olaraq yürütəclər uşağa yeriməyə kömək etmir, əksinə olaraq onların motor və zehni inkişafının ləngiməsinə səbəb ola bilər. Əgər valideyn istifadə etdirməyə qərar veribəs, övladlarının təhlükəsizliyinə ciddi diqqət edilməli və övladları heç vaxt tək qalmamalıdırlar;
  • Erkən yaşlı uşaqlar (1-3 yaş) üçün evlərin (mənzillərin) pəncərələri təhlükəli hesab olunduğundan pəncərələrə xüsusi qoruyucular quraşdırılmalıdır. Statistik təhlillər göstərir ki, uşaqların pəncərədən yıxılaraq xəsarət almaları (bir çox hallarda ölmələri) hallarına heç də az rast gəlinməməkdədir. Nəzərə alınmalıdır ki, uşağın pəncərə boşluğundan düşməsinə pəncərənin hətta 10-15 sm açıq olması belə kifayət edə bilər;
  • 18 aydan yuxarı uşağın qapı tutacaqlarına qalxaraq onu aça bilməsi və nəticə etiabrilə orada müxtəlif vəziyyətlərdə zədə alması mümkün olduğundan bu məsələyə də diqqət yetirilməsi məqsədəuyğundur;
  • Uşaqlarda 2-7 yaş arasında travmalar daha çox müşahidə edilməkdədir. Bu yaşda uşaqlara şəxsi təhlükəsizlik qaydaları ciddi izah edilməli və onlara nəzarət artırılmalıdır;
  • 7-14 yaş arasında uşaqların aldıqları travmaların fəsadları daha ağır gedişli olması mümkündür. Çünki, bu dövrdə uşaqlar nisbətən müstəqil həyata qədəm qoyur, ümumtəhsil müəssisələrinə gedirlər, kəllə sümükləri daha sümükləşir və sair.

Tövsiyələr:

  • Uşağınız evdə yıxılıb başından travma aldıqda ilkin olaraq ümumi müayinə aparılmalıdır;
  • Baş nahiyəsindən zədə aldıqdan sonra uşağı mümkün qədər az hərəkət etdirin;
  • İlkin olaraq zədə alan uşağınızın bütün paltarlarını əynindən çıxarın və aşağıdakı suallara cavab tapmağa çalışın:
  • Açıq yara və ya qanaxma varmı?
  • Bədənin hər hansı bir yerində şişlik, qızartı və ya göyərmə varmı?
  • Əllərdə, qollarda və ya ayaqlarda qeyri-adi dəyişikliklər varmı?
  • Əllərdə, qollarda, ayaqlarda və ya bədənin hər hansı digər hissəsində hərəkət məhdudiyyəti varmı? Sakitcə özünüz müayinə etməyə çalışın;
  • Əgər uşaq yıxıldıqdan sonra qollarını (ayaqlarını) hərəkət etdirə bilmirsə, uşağı (xüsusilə də, onun boyun nahiyəsini) qətiyyən tərpətmək olmaz;
  • Travmadan sonra uşağınız mümkün qədər sakit (təlaşsız) mühitdə olmalıdır;
  • Alınmış travma nəticəsində bədəndə qanaxma yeri vardırsa, ilk əvvəl qanaxmanı dayandırmaq üçün həmin nahiyəni steril vasitə (misal üçün, tənzif, cuna) ilə sarıyın və ya üzərinə basaraq tampon qoyun. Açıq yaranın ətrafı təmizlənməlidir;
  • Bədəndə şişlik və ya göyərmə vardırsa, həmin nahiyəyə buz qoya bilərsiniz. Şişkinlik və göyərmə olduğu müddətcə buz tətbiqini 2-3 saatlıq fasilə ilə bir neçə dəfə təkrarlaya bilərsiniz;
  • Uşağın özünü ifadə edə bilib-bilmədiyi, baş ağrısı, qusma, yatmağa meyilli olub-olmaması, qol və ayaq hərəkətlərinin normal olub-olmaması diqqətlə yoxlanılmalıdır;
  • Hər hansı bir şikayətləri olmayan uşaqlarda normal qidalanma və yuxu rejimi davam etdirilməli və hər 2 saatdan bir simptomlar yoxlanılmalıdır. Əgər uşaq yuxulayırsa, o oyandırılmalı və onu nitqi və sayıqlığı yoxlanılmalıdır. Bunlara xüsusilə uşaq zədə aldıqdan ilk 72 saat ərzində diqqət edilməlidir.

Ребёнок упал: что делать?

Diqqət !!! Nə vaxt dərhal həkimə müraciət edilməlidir?

  • Körpəniz səbəbi olmayan və sakitləşməyən yüksək səslə ağlayırsa;
  • Oyanmaq lazım olduğu vaxt yatmağa meyllidirsə və adi haldan daha uzun müddət yatırsa;
  • Qarışıqlıq, şüur itkisi və mənasız danışma varsa;
  • Ağzından, burnundan və ya qulağından qan və ya sarı, ağ və ya çirkli maye axıntı vardırsa;
  • Təkrarlanan və şiddətli qusma vardırsa;
  • Bulanıq, ikili görmə və ya hər hansı görmə itkisi vardırsa;
  • İşığa və səsə həssasdırsa;
  • Hər iki qolda və ayaqlarda zəiflik vardırsa;
  • Uşaqlarda yeriş pozğunluğu və ya tarazlığın itirilməsi vardırsa;
  • Baş ağrısı və başgicəllənmə şikayətləri vardırsa;
  • Əgər ətrafa biganədirsə və əmmə və yemək pozğunluğu vardırsa;
  • Gözlərin yuvarlanması, əllərdə, qollarda və ayaqlarda büzülmə, titrəmə kimi qıcolma əlamətləri vardırsa;
  • Düşdükdən sonra huşunu itirmə, qusma, burun qanamaları, açıq qanaxma yaraları vardırsa;
  • Şüurun itirilməsi, çaşqınlıq, huşunu itirmə, anlamaqda və danışmaqda çətinlik vardırsa;
  • Körpənin oyaq olması gözlənilən saatlarda yuxulaması vardırsa;
  • 5-6 dəfə püskürən qusma vardırsa;
  • Epilepsiya (epileptik tutmalar və ya konvulsiyalar) halları baş verirsə.

Yuxarıda sadalanan hallardan biri və ya bir neçəsi müşahidə olunan kimi dərhal ən yaxın tibb müəssisəsi ilə əlaqə saxlanılmalı və təcili tibbi yardıma  zəng etmək lazımdır. Xəstəxanada uşağın kliniki müayinəsi və görüntüləmə testləri aparılır. Lazımi müdaxilə edildikdən sonra alınmış travmanın vəziyyətinə uyğun olaraq cərrahiyyə də daxil olmaqla lazımi müalicə planı yaradılır.

Evdə uşaqları yıxılma təhlükəsindən qorumaq üçün nə etməliyəm?

 İlkin olaraq, uşaqları (xüsusilə körpələri) heç bir halda nəzarətsiz qoymayın

  • Uşaqlarınız üçün onların olduğu ərazilərdə təhlükəsiz mühit yaradın
  • Uşağın üzərinə düşə biləcək əşyaları digər yerə keçirin
  • Uşağın pənəcərədən baxmasına dair maraq oyatmayın. İstənilən halda pənəcərə qoruyucularından istifadə edin
  • Mebellərin uclarının (tinlərinin) övladınıza xəsarət yetirməməsi üçün qabaqlayıcı tədbirlər görün
  • Uşaq sürünməyə (iməkləməyə) başlayandan sonra döşəmə səthini sürüşməyən xalça ilə örtün, çünki xalça kimi yumşaq materiallar yıxılaraq daha ağır xəsarət almasının müəyyən qədər qarşısını alır
  • İstifadə edildikdən sonra evdə uşağın hərəkət zonasından oyuncaqları yığışdırın
  • Uşaqların masaların üzərindən hər hansı əşyanı götürməməsi və nəticə etibarilə üzərinə aşırmaması məqsədilə önləyici tədbirlər görün
  • İmkan daxilində uşaqlar üçün ikimərtəbəli çarpayılar almayın
  • Uşaqlarınızı silkələməyin. Körpələri oynadarkən ən çox müşahidə edilən işlərdən biri də onu atıb-tutmaq kimi bir məşğuliyyətdir. Lakin, nəzərə alınmalıdır ki, uşaqların beyni kəllənin içini tam doldurmur və sıçrayış zamanı sanki böyüklər uşağın beyninə sağdan-soldan zərbə vurur. Bu vəziyyət yıxılma kimi ciddi baş travmalarına səbəb ola bilər
  • Uşağınızı tək qoymayın. Məcburiyyət qarşısında qısa müddətlik onları çarpayıda (divanda və sair) tək qoyursuzsa, onun ətrafını yumşaq yastıqlarla “təhlükəsiz vəziyyətə” gətirin
  • Övladınız üçün təhlükəsiz idman növü seçin. Baş zədələrinin qarşısını almaq üçün məşqçilərin düzgün idman üsullarını öyrətdiyinə və tətbiq etdiyinə əmin olun. Həmçinin diqqət yetirin ki, müvafiq idman qurğusunda beyin sarsıntısı zamanı ilk tibbi yardımı və ilk yanaşmanı bilən insanlar vardır
  • İdman, velosiped sürmə, konki sürmə, skeytbord və ya xizək sürərkən uşaqların həmişə başlıq (dəbilqə) taxdığından əmin olun
  • Avtomobildə olarkən uşaqların xüsusi uşaq oturacağında oturmasını təmin edin. Daha yuxarı yaşlarda onların daima təhlükəsizlik kəmərindən istifadə etdiklərinə əmin olun.
  • Uşaqların pilləkənlərdən nəzarətsiz, özbaşına düşməmələri üçün qabaqlayıcı tədbirlər görün. Xüsusilə həyət evlərində evin bayır qapısının möhkəm bağlı olduğuna diqqət yetirin.
  • Uşaq meydançalarında və hovuz kənarlarında uşaqların yıxılıb travma almamaları üçün təhlükəsizlik təbdirlərinə ciddi riayət edin.

Xüsusi qeyd: Yadınızda saxlayın ki, alınmış hər bir kiçik travma belə Sizin övladınızın gələcək həyat keyfiyyətinə öz təsirini göstərə bilər. Övladınızı qoruyun, onu nəzarətsiz buraxmayın.

 

Nərmin Əzizova,

Pediatriya.az