Tibb təhsilli 132 gənc TƏBİB-in tabeli müəssisələrində işə qəbul olunub
Azərbaycan Tibb Universitetinin tələbələri TƏBİB-in tabeli müəssisələrində işlə təmin olunublar.
Bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.
Belə ki, TƏBİB və Azərbaycan Tibb Universitetinin (ATU) birgə layihəsi olan “Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində orta tibb heyəti üzrə işə qəbulu” Proqramı üzrə görülən işlərə həsr olunan hesabat tədbiri keçirilib.
TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova layihə haqqında məlumat verib: “Layihə başlandığı gündən etibarən böyük maraqla qarşılanıb. Belə ki, 435 tələbə bununla bağlı TƏBİB-ə müraciət edib. TƏBİB komandası tərəfindən namizədlərin uyğunluğu dəyərləndirilib və müsahibədən uğurla keçən 132 namizədimiz iş mühitinə daha tez adaptasiya olmaq, bilik-bacarıqlarında səriştəliliyi artırmaq məqsədilə peşəkar mütəxəssislərimiz tərəfindən keçilən təlimlərə cəlb olunub.
Təlimlərdə müvəffəqiyyət qazanan 132 gəncimizin hər biri TƏBİB-in 13 tabeli tibb müəssisəsində işlə təmin olunub. 65 nəfər Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, 16 nəfər Nərimanov Tibb Mərkəzində, 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasında, 9 nəfər Yeni Klinikada və 29 nəfər digər tibb müəssisələrimizdə işə qəbul olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında keyfiyyətli tibbi xidmətin səhiyyə infrastrukturu ilə yanaşı, kadr təminatı ilə bağlı olduğunu bildirib: “Biz bu gün xəstəxanalarımızı nə qədər müasir standartlara uyğun təchiz etsək də, ən son müasir tibbi avadanlıqlarla təmin etsək də, əgər peşəkar həkim-mütəxəssislərimiz olmasa, uğurlu nəticə almaq mümkün deyil. Bu baxımdan bütün dövrlərdə yüksək ixtisaslı tibb işçilərinin yetişdirilməsi Azərbaycan səhiyyəsi üçün prioritet istiqamətlərdəndir”.
Vüqar Qurbanov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi fəaliyyətə cəlb olunmaqla səhiyyə sahəsində ilk addımlarını atmaqları, özlərini inkişaf etdirmələri, bilik və bacarıqlarını təkmilləşdirmələri istiqamətində hər zaman gənclərə yardımçı olacaqlarını vurğulayıb.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov istənilən sahədə nəzəri bilikləri dərinləşdirmək, öz işinin peşəkarı olmaq üçün praktik vərdişlərin əhəmiyyətinin çox böyük olduğunu qeyd edərək tibb tələbələrinin işlə təminatını yüksək qiymətləndirib.
Tələbələrin orta tibb işçisi kimi fəaliyyətə başlayacaqları xəstəxanalardan Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Yeni Klinikanın direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov çıxışlarında gənclərin təhsillərini davam etdirdikləri bir dövrdə işlə təminatları və əmək mühiti ilə tanış olmalarının bu tələbələrin gələcək karyerasında mühüm rol oynayacağını bildiriblər.
Tədbirin sonunda təlimlərdə uğur qazanan tələbələr təltif olunublar.