Tibb Bacılarının I Respublika Forumu keçirilib
Bakı, 13 may, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalında “12 may Beynəlxalq Tibb Bacısı Günü”nə həsr edilmiş “Tibb Bacılarının I Respublika Forumu” keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Komitənin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Türkiyənin “Florence Nightingale Xəstəxanalar Qrupu” və “Dayaq” patronaj xidmətinin əməkdaşlığı ilə keçirilmiş forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Açılış nitqi ilə çıxış edərək forum iştirakçılarını salamlayan DGK Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim Ceyhun Məmmədov səhiyyə sahəsində həkimlərlə yanaşı, onların ən yaxın silahdaşı olan tibb bacılarının və digər orta tibb personalının fəaliyyəti və zəhmətinin danılmaz olduğunu vurğulayıb. O, deyib: “Bildiyiniz kimi, qlobal səhiyyə tendensiyalarına uyğun olaraq bu gün Azərbaycanda da tibb bacısı ixtisasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Deyərdim ki, ölkəmizdə bu sahə həm tədris, həm də praktiki bacarıqlar baxımından öz inkişaf dövrünü yaşayır. Bu gün Respublikamızda baza tibb bacısı təhsili ilə yanaşı, ali “tibb bacısı işi” ixtisasının yaradılması, tibb bacılarının nəzəri və praktiki bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin həyata keçirilməsi, bu sahədə qurumlararası əməkdaşlığın gücləndirilməsi çox vacibdir”.
Forumun rəsmi açılış hissəsində TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, əməkdar müəllim Dilarə Məmmədəliyeva və Türkiyənin “Florence Nightingale Xəstəxanalar Qrupu”nun Tibb bacısı xidmətlərinin təşkili şöbəsinin müdiri Hülya Şahin Uyan da çıxış edib.
Spikerlər tibb bacılarının inkişafına istiqamətlənmiş tədbirin bu sahə ilə əlaqəli yerli və beynəlxalq statuslu aidiyyəti qurumları bir platforma ətrafında birləşdirdiyini qeyd edərək mövcud ənənənin Mərkəzi Gömrük Hospitalı tərəfindən başladılmasını yüksək qiymətləndiriblər.