Silkələnmiş (Sarsılmış) Uşaq Sindromu: körpələr üçün görünməyən təhlükə. Həkim Nərmin Əzizova

Sarsılmış uşaq sindromu nədir?

Sarsılmış uşaq sindromu, körpə və ya kiçik yaşlı uşağın kobud şəkildə silkələnməsi nəticəsində yaranan ciddi beyin travmasıdır.

Bu vəziyyət kəllədaxili qanaxmalar, beyin şişməsi, torlu qişa qanaxmaları və hətta ölüm kimi ağır nəticələrə səbəb ola bilər. Xüsusilə iki yaşdan kiçik uşaqlarda, əsasən də altı aydan kiçik körpələrdə rast gəlinir. Beş yaşına qədər olan uşaqlarda da bu risk mövcuddur. Silkələmə zamanı körpənin beyni kəllə içində irəli-geri hərəkət edir. Bu proses qançırlar, şişmə və qanaxmalara səbəb olaraq, nevroloji zədələr yaradır.

Niyə körpələr daha həssasdır?

Körpələr və kiçik uşaqların anatomik və fizioloji xüsusiyyətləri onları sarsıntılara qarşı daha həssas edir:
– Kəllə sümükləri daha yumşaq və nazikdir, bu da beynin kəllə daxilində daha sərbəst hərəkət etməsinə səbəb olur.
– Baş bədənin digər hissələrinə nisbətən böyükdür, ümumi bədən çəkisinin təxminən 10%-ni təşkil edir.
– Beyin tam inkişaf etməyib, sinir yollarının örtüyü (miyelin qişası) hələ tam formalaşmayıb.
– Boyun əzələləri kifayət qədər güclü deyil, baş hərəkətlərini effektiv idarə edə bilmir.

Buna görə də, hətta qısa müddətli və “zərərsiz” görünən silkələmə belə ciddi travmalara yol aça bilər.

Sarsılmış uşaq sindromunun səbəbləri nələrdir?

Bu sindromun yaranmasına bir neçə faktor səbəb ola bilər:
– Gənc və ya təcrübəsiz valideynlərin körpə baxımı ilə bağlı məlumat çatışmazlığı
– Doğuşdan sonrakı depressiya
– Özü zorakılığa məruz qalmış valideynlər və ya baxıcılar
– Sosial dəstəyin olmaması, maddi çətinliklər və yüksək stres
– Körpələrin normal davranışları haqqında yanlış təsəvvürlər, xüsusilə uzunmüddətli ağlama

Bəzən “əzizləmə” məqsədilə körpəni havaya atıb tutmaq, həddindən artıq yellətmək kimi hərəkətlər də beyin zədələnməsinə səbəb ola bilər.

Bu sindromun əlamətləri hansılardır?

Sarsılmış uşaq sindromunun simptomları yüngüldən ağıra qədər dəyişə bilər və aşağıdakıları əhatə edir:
– Qıcolmalar
– Huşsuzluq və ya oyaq qalmaqda çətinlik
– Qusma və iştahsızlıq
– Tənəffüs çətinliyi və ya nəfəs almada problemlər
– Dərinin rənginin solğunlaşması və ya göyərməsi
– Paraliz (iflic)
– Görmə problemləri və ya tam korluq

Necə diaqnoz qoyulur?

Sarsılmış uşaq sindromunun diaqnostikası üçün əsas müayinə üsulları bunlardır:
– Maqnit Rezonans Tomoqrafiyası (MRT) və Kompüter Tomoqrafiyası (KT): Beyindəki zədələnmələri göstərir.
– Göz müayinələri: Torlu qişa qanaxmalarını aşkar edir.
– Rentgen müayinəsi: Sınıqların olub-olmadığını yoxlayır.
– Qan analizləri: Digər xəstəlikləri istisna etmək üçün istifadə olunur.

Gələcəkdə hansı fəsadlar yarana bilər?

Sarsılmış uşaq sindromu ciddi və uzunmüddətli fəsadlara səbəb ola bilər:
– Ciddi beyin zədələnməsi və daimi əlillik
– Onurğa beyni xəsarətləri və iflic
– Görmə problemləri, hətta korluq
– Motor və koqnitiv inkişafın ləngiməsi
– Sınıqlar və oynaqların çıxması
– İntellektual gerilik

Necə qarşısını almaq olar?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sarsılmış uşaq sindromunu qlobal sağlamlıq problemi kimi qəbul edir.

Bu sindromun qarşısını almaq üçün əsas tədbirlər bunlardır:
– Valideyn və baxıcıların maarifləndirilməsi
– Stress idarəetmə texnikalarının öyrədilməsi
– Körpələrin təhlükəsiz idarə edilməsi barədə məlumatlandırma
– İctimai səhiyyə kampaniyalarının təşkili

Pediatriya.az olaraq tövsiyəmiz:

Körpələrinizlə oyun zamanı onların sağlamlığını və təhlükəsizliyini qorumağı unutmayın.
Hətta “zarafatla” edilən hərəkətlər belə ciddi fəsadlara səbəb ola bilər.
Uşaqlarınızı əzizləyin, amma təhlükəsizliyə önəm verin.