Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə: Demək olar ki, orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslər qalxanabənzər vəzinin nəzarətindədir
– Azad müəllim, ilk öncə bilmək istərdik ki, qalxanabənzər vəzi nədir?
– Qalxanabənzər vəzi insan orqanizmində çox əhəmiyyətli hormon ifraz edən vəzilərdən biridir. Elmi ədəbiyyatlarda qalxanabənzər vəzinə tireoid vəzi də deyilir.
Boyunda, qırtlağın önündə yerləşən kiçik bir orqandır. Amma kiçikliyinə baxmayaraq demək olar ki, orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslər onun nəzarətindədir. Yəni, maddələr mübadiləsinin sürətindən tutmuş sinir sisteminin inkişafına qədər bir çox proses onun ifraz etdiyi hormonlarla tənzimlənir.
– Uşaqlarda tireoid xəstəlikləri olurmu?
– Böyüklərdə olduğu kimi, uşaqlarda da bu vəzinin xəstəliklərinə rast gəlirik. Bu xəstəliklər həm vəzinin fəaliyyətinin az olması, həm çox fəaliyyət göstərməsi, həm də düyünləri ilə əlaqədar ola bilir. Müalicələri böyüklərdəki kimi aparılır. Tireoid xəstəlikləri də anadangəlmə, qazanılmış, müvəqqəti və daimi xarakter daşıya bilir.
– Bəs bu xəstəliklər yenidoğulanlarda da rast gəlinirmi?
– Bəzən yenidoğulan körpələrdə də qalxanabənzər vəzinin xəstəliklərinə rast gəlinir. Xüsusilə qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə müşahidə olunan anadangəlmə hipotireoz xəstəliyi çox önəmlidir. Əgər həkim bu xəstəliyi vaxtında müəyyən etməzsə, o zaman uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər. Amma vaxtında müalicə başlanarsa, o zaman uşaq öz inkişafını normal şəkildə tamamlaya bilər.
– Uşaqlarda hansı yaş dövründə tireoid xəstəliklərinə daha çox rast gəlinir?
– Demək olar ki, bütün yaş qruplarında rast gəlmək olur. Amma xüsusilə uşaq və yeniyetmə dövründə daha tez rast gəlinir. Bu dövrdə digər baş verən fizioloji problemlərlə yanaşı, əlamətləri daha dəqiq təyin edərək xəstəlik vaxtında müəyyən edilməli və müalicəyə vaxtında başlanılmalıdır.
– Bəs bu xəstəlikləri necə aşkar edək?
– Qalxanabənzər vəzinin çatışmazlığı ilə gedən vəziyyətlərdə inkişaf geriliyi, boyümə sürətinin azalması, yorğunluq, halsızlıq, uşaqlarda nevroloji inkişaf gerilikləri, kobud səs, qəbizlik, göbək yırtığı, quru dəri, zəif və cansız saç, saç tökülməsi və s. əlamətlər müşahidə oluna bilir. Belə əlamətlərlə qarşılaşan zaman mütləq Hipotireoz (tireoid hormonların azlığı) xəstəliyi ağıla gəlməlidir.
Amma əksinə, vəzinin sürətli işlədiyi hallarda isə (hipertireoz, zəhərli zob) ürək döyünməsinin artması, narahatlıq, əsəbilik, əllərdə titrəmə, nəm və isti parlaq dəri, iştahın artmasına baxmayaraq çəki itirmə, ishal, bağırsaqda sorulma problemləri və s. kimi əlamətlər rast gəlinir.
– Hansı hallarda uşaqlarda cərrahi əməliyyata ehtiyac olur?
– Cərrahi əməliyyat ilk müraciət etdiyimiz üsul deyil. Xüsusilə qalxanabənzər vəzinin zəif işləməsi ilə müşahidə olunan vəziyyətlərdə əməliyyata ehtiyac yoxdur. Əməliyyat əsasən qalxanabənzər vəzinin bədxassəli düyünlərində və müalicəyə tabe olmayan toksik ur zamanı aparılır. Bu zaman qalxanabənzər vəzinin əsas hissəsi çıxarıldığı üçün vəzin çatışmazlığı baş verir. Xəstələr çatışmazlığın tənzimlənməsi üçün dərman istifadə edirlər. Yəni, əməliyyat olunmaq o demək deyil ki, uşaq dərman istifadə etməyəcək.
– Doktor, uşaqlarda biopsiya etmək olarmı?
– Qeyd etmək istəyirəm ki, biopsiya ən dəqiq müayinə üsullarındandır. Xüsusilə qalxanabənzər vəzinin şübhəli düyünlərinin aydınlaşdırılması üçün bu üsuldan istifadə edilməlidir. Bu zaman nazik iynə vasitəsilə ultrasəs aparatının nəzarətində şübhəli düyündən kiçik hissə götürülür və əkilmə üsulu ilə diaqnoz təsdiqlənir. Adətən valideynlər bu üsuldan qorxurlar. Buna əsas səbəb el arasında “düyünə toxunsan bədləşə bilər” fikridir. Bunu da burada qeyd edək ki, bu fikrin elmi əsası yoxdur. Əksinə, əgər incə iynə biopsiyası vasitəsilə bu düyünlərin xarakterlərini müəyyən etməsək və diaqnozu gecikdirsək, bu xəstəliyin ağırlaşmasına səbəb ola bilər.
– Yod çatışmazlığının qalxanabənzər vəzi ilə necə əlaqəsi var?
– Yod insan orqanizmində qalxanabənzər vəzi hormonlarının tərkibində mövcuddur. Yod qalxanabənzər vəzin hormonları üçün əvəzsiz “tikinti materialıdır”. Yodun çatışmazlığı elə qalxanabənzər vəzinin çatışmazlığı deməkdir. Ölkəmizin bəzi regionları yod çatışmazlığına görə endemik zonalara aiddir. Amma bu o demək deyil ki, yodu kontrolsuz qəbul etmək lazımdır. Yod çatışmazlığı yoxdursa, lazımsız qəbul edilən yod, əksinə, yan təsirlərə yol aça bilər.
– Qalxanabənzər vəzinin normal vəziyyətini saxlamaq üçün nə etmək lazımdır?
– Qalxanabənzər vəzinin normal vəziyyətini saxlamaq, həmçinin onun müalicəsi üçün bəzi tövsiyələrə əməl etmək lazımdır. İlk öncə xəstələrə qida rasionuna riayət etmək tövsiyə olunur:
• dəniz və tərkibində yod olan bütün məhsulları rasiona daxil etmək;
• adi duz yodlaşdırılmış duzla əvəz edilməlidir;
• yodun daha yaxşı mənimsənilməsi üçün selenium tərkibli qidaları və ya selenium əlavələrini rasionunuza daxil edin.
Qalxanabənzər vəzi xərçənginin, eləcə də diffuz düyünlü zobun qarşısının alınması düzgün qidalanma və pis vərdişlərdən imtina ilə başlayır. Toksik zobun səbəbi bir çox hallarda stress və qeyri-sağlam həyat tərzidir.