Şarlatan həkimləri necə ayırd etməli? – Ağıllı pasiyentlər üçün 6 ipucu
Deyirlər, can sağlığını pulla almaq mümkün deyil. Amma hazırda sağlamlıq və müalicə dünyada ən bahalı nemətdir.
Xəstələnən kimi həkim axtarırıq. Əvvəllər bir-iki dövlət xəstənasası və yaxşı-pis kimi tanınan bir neçə həkim var idisə, indi addımbaşı klinika, tibbi mərkəzi və həkimlərdir.
“Yaxşı həkim yoxdur” deyənlərin sayı artır. Əgər həkimlər pasiyent ümidlərini doğrultmağa can atmırlarsa, o zaman pasiyentlər daha ağıllı olmalıdır.
Təəssüf ki, yaxşı həkimlər də pislərin oduna yanır. Hətta elə “həkimlər” var, təhsili və ya ixtisası üzrə diplomu olmaya-olmaya əməliyyat edir. Bəs necə etməli ki, şarlatan, dələduz və dırnaqarası həkimlərin güdazına getməyəsiz.
Medicina.az hər bir pasiyentə lazım olacaq 6 əlaməti təqdim edir:
1.Bütün xəstəliklərin müayinəsi və müalicəsi elanları
Hazırda bir çox yerlərdə bütün orqanların bir aparatla müayinəsi, müalicəsi elanlarına rast gəlinir. Özlərinə həkim deyən və hətta həkim olan bir neçə şəxs belə kiçik yerlər, kabinetlər açıb hansısa fantastik aparatla müayinələr edir, sonra həmin aparatla müalicə edir, marketinq şəbəkəsi olan xarici bir şirkətin məhsullarını, BAD və preparatlarını da yerindəcə satır.
Belə yerlərdən uzaq durmaq lazımdır. Onlar sizə şəfadan başqa hər şey verəcək.
2.Möcüzə üsulla ağır xəstəliklərin şəfasını vəd edir
Psixologiyanı gözəl bilən bu şəxslər ya elə burda, ya da xaricdə dəbdə olan bir metodu sınayır. Ağır xəstələrin ümidlərindən istifadə edərək, onları potensial qurban seçir, elə xəstəliklərin müalicəsini vəd edirlər ki, xəstə pulqabısındakı son qəpiyi də verməyə hazır olur. Çox zaman bu metod həmin “həkimin” özünəməxsus metodu olur və ya guya xaricdə hansısa alimdən, ustadından öyrəndiyini deyir.
Bəziləri isə insanın bioenerji informasiyası sahəsini düzəldəcəyini vəd edir. Bəziləri isə bir sıra dərman, cövhər, eliksir qarışımları təklif edir. Onların hamısının guya artıq şəfa tapmış, öyrədilmiş pasiyentləri qəbulda növbədə oturur ki, gələnləri öz hekayələri ilə tora salsın.
3.Yeni başlayan gənc həkimin otağında çoxsaylı diplomlar
Avropada belə bir fikir var ki, yaxşı həkimin otağında bir stul, bir masa, bir də xəstəni müayinə üçün tibbi çarpayı olmalıdır. Başqa heç nə.
Həqiqətən tibbi təhsili olan, amma üst-üstə heç 3 il iş təcrübəsi olmayan bir həkimin kabinetində az qala bütün divarların sertifikat, diplom, kağız və s.-lə doldurulduğunu gördükdə, bunun pasiyentə nə kimi faydası olacağını o həkimə sual etmək istəyirsən. Belə həkimlərə şarlatan demək də olmur, amma onlar elə şarlatanlığın yolunu tutub desək yanılmarıq. Çünki həkimin 2, uzağı 3 tibbi təhsil, hər hansı ixtisası bitirməsi, təkmilləşməsi barədə sənədi olar, onu da işlədiyi xəstəxanaya təqdim edir. İl ərzində hətta iştirak etdiyi idman yarışının sertifikatını, kursların, seminarların kağızını divara düzməklə, o pasiyentə xüsusi, seçilmiş həkim olmasını göstərməyə çalışır.
Bir həkim hələ müayinə və müalicə etmədiyi xəstəyə özünü divarı, sertifikatı, patent, kağızları ilə göstərirsə, deməli, onun bilmədiyi çox şeylər var. Deməli o da pasiyentin ümid və inamını başqa yollarla qazanmaq istəyir.
4.Xəstəlikləri ya ümumi sözlərlə izah edir, ya da çox anlaşılmaz tibbi terminlərdən istifadə edir
Əgər həkim “yəqin yaşlanmısan, yəqin soyuq olub, yəqin yeməkdəndir, havadandır, sudandır” deyib, xəstənin anamnezini ciddi yanaşmırsa və ya müasir tibbə məlum olmayan, beynəlxalq xəstəliklər sisteminə daxil olmayan, ümumiyyətlə dünya səhiyyəsinin tanımadığı diaqnozları qoyursa, böyrək həkimi olduğu halda mədəni araşdırırsa, mədə həkimi olsa da ürəyi yoxlayırsa, bu “universal” həkimdən qaçmağınız məsləhətdir. İndi bir tablet yazaram, keçib gedəcək deyən, yazdığı tableti isə konkret diaqnoza əsaslanmayan həkim də elə şarlatanlar siyahısındadır.
Və yaxud çox elmli olduğunu sübut etmək üçün, tibb elmində olan və olmayan ən qəliz terminləri, xəstəliyin klinik mənzərəsini professorun belə güclə anlayacağı dildə başa salan həkim xəstə qarşısındakı məsuliyyətindən yayınır, onu qəsdən çıxılmaz duruma qoyur, bir az da qorxudur və ya özü haqqında ağıllı həkim təsəvvürü yaradır. Suallara cavablardan yayınan və xəstə qapıdan çıxana kimi diaqnozunu səsləndirməyən həkimdən sizə fayda olmaz.
5.Vitamin, BAD- qida əlavələri “ulduzu”
Xəstəliklərin beynəlxalq təsnifatı olduğu kimi, ptorokollara görə hansı xəstəlikdə hansı dərman yazılması da dəqiqdir və ondan kənara çıxmaq olmaz. Konkret diaqnoz varsa, konkret də 3-4-5 dərman olmalıdır. Əgər reseptdə həkim əsas müalicənin yan-yörəsini müxtəlif vitamin kompleksləri, BAD- qida əlavələri, hansısa ot tərkibli möcüzə qüvvətləndiri kapsullarla doldurursa, o həkim aptek biznesində BAD şirkətlərinin ulduzudur.
Ağıllı pasiyent bu qədər vitamin, sirop, qida əlavəsinin nəyə lazım olduğunu soruşsa, ya cavabdan yayınacaq, ya da ümumi qüvvətləndirəcək deyəcək. Aptekdə isə müalicə dərmanları 30 manat edirsə, bu əlavələr ikiqat baha qiymətədir. Xəstələrin xəstəliyindən, ümidindən, həkimə inamından sui-istifadə edərək onların cibinə lazımsız yerə girib, büdcəsinə zərər vurmaq da, şarlatanlıq və dələduzluqdur.
6.Həkim dolabından bahalı, möcüzə dərman çıxır
Əgər bir həkim pasiyenti yoxlayıb, müayinələrdən və hətta resept yazdıqdan sonra, Amerikada, İsraildə və ya hardasa yeni çıxmış, super təsirli, möcüzə dərmandan bəhs edib, o dərmanı şəxsən xaricə gedəndə alıb, ekslüziv olaraq yaxın bildiyi və belə bir xəstəliyi olan pasiyentlərinə verib, effekt gördüyünü deyirsə, sonra o dərmanı sizə göstərib imkanınız çatdığı halda sizə satırsa və siz aptekləri gəzsəniz də, internetə ələk-vələk etsəniz də, o dərmanın adını tapmırsızsa, onu qəbul etməkdənsə, tullasanız yaxşıdır. O həkimi isə qara siyahıya salsanız məsləhətdir.
Ümumiyyətlə normal həkim kabinetində dərman satmaz. Adətən belə dərmanlar nə zərər, nə xeyir verməyən, Avropada, Türkiyədə hansısa fırıldaqçının nə vaxtsa icad edib, saxta yolla ölkəsində patent aldığı və aşağı səviyyəli farmakoloji istehsalat yerlərində sifarişlə hazırladığı hemeopatiya preparatı olur. Onun tərkibində elə qatqılar olur ki, ən yaxşı halda xəstəyə heç bir təsiri olmur. Bəxtiniz gətirməsə, o dərmanın içində sizə zərərli olan maddə də ola bilər.
Araşdırmalar göstərib ki, belə dərmanların tərkibində sidikqovucudan tutmuş qarın işlədici toz, hormonal dərman, ağrıkəsici, metamfetamin ola bilər. Böyük dozada qəbul zamanı dərman zəhərlənməsi də verə bilər.
“Ağıllı pasiyent” kitabının müəllifi, tibbi jurnalist Aleksey Vodovozov kitabında yazır ki, şarlatan həkimi təyin etmək üçün elə onların tibbi prinsipində olduğu kimi şkala üzrə ballar tətbiq etmək olar. Balların say çoxluğu həkimin kim olduğunu üzə çıxaracaq. 5-6 balın olması kifayətdir ki, o həkimin şarlatan olmasını biləsiz.
Məsələn, bir həkim xəstəyə çox geniş, saysız –hesabsız diaqnostik müayinələr, sahəsinə və şikayətlərə aid olmayan analizlər təyin edirsə, qanın kirlənib, disbakterioz, qaraciyərin gərginləşib, fermentopatiya kimi tibdə mövcud olmayan diaqnozlar qoyursa, üstəlik bu mövcud olmayan xəstəliklərin diaqnozu və guya müalicəsi üçün xəstəni xərcə salırsa, deməli, o həkim 100% şarlatandır.