Sağlamlığı daha etibarlı şəkildə qorumaq üçün “buster” dozanı vaxtında vurdurmaq tövsiyə olunur
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-dən etibarən Nazirlər Kabinetinin Qərarına əsasən yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin ikinci dozasının üzərindən altı ay keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilmir. “Peyvənd sertifikatı” tələb olunan sahələrdə çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən istifadə edən yaşı 18-dən yuxarı şəxslərin ikinci dozanın üzərindən 6 ay keçdikdən sonra “buster” doza ilə peyvəndlənməsi tövsiyə olunur.
AZƏRTAC xəbər verir ki, fevralın 15-dən etibarən ictimai iaşə müəssisələrinə (kafe, restoran və s.), mehmanxanalara, iri ticarət mərkəzlərinə, idman və sağlamlıq-bərpa obyektlərinə, toy və ya digər şənliklərə, ali təhsil müəssisələri və kolleclərə yaşı 18-dən yuxarı olan şəxslərdən yalnız etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı” olanların girişinə icazə verilir. Dövlət qurumlarında, eləcə də Qərarın əlavəsində sadalanan (tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələri və digər sahələrdə) iş və xidmət sahələrində çalışan işçilərdən etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı”nın olması tələb edilir.
Qüvvəyə minən qadağaların ikinci dozanın və “İmmunitet sertifikatı”nın vaxtı bitməmiş şəxslərə şamil olunub–olunmayacağı ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib: “Qərar daha əvvəl peyvənd olunub, lakin “buster” dozanın vaxtının çatmasına baxmayaraq, onu vurdurmayanlar və ya xəstəliyi keçirib sağalmasından 6 ay keçməsinə rəğmən, “buster” doza vurdurmayanlara şamil olunur. Yəni bundan əvvəl, 6 aydan qısa müddətdə ya xəstələnib sağalmış və ya iki doza peyvənd vurdurmuş vətəndaşlar üçün hələlik “buster” dozanın vurulması zamanı yetişməyib”.
Onun sözlərinə görə, COVID-ə yoluxmaq təhlükəsi hələ qalmaqdadır və buna görə də peyvənd edilmək mütləqdir: “Baxmayaraq ki, “omikron” ştamı “delta” variantı ilə müqayisədə daha yüngül formada keçir, ancaq bu, vətəndaşlarda arxayınlıq hissi yaratmamalıdır, çünki yenə də xəstəliyin öldürücülüyü var. Peyvənd vurdurmadıqda qanda olan anticisimlərin miqdarı minimuma enir. Belə halda virusa yoluxarkən xəstəliyin daha ağır formada keçmə ehtimalı var. Peyvənd vurdurmaqda məqsəd qanda olan anticisimlərin miqdarını daim olaraq optimal səviyyədə saxlamaq və xəstəliklə təmas zamanı onun daha yüngül formada keçməsini təmin etməkdir”.