Rentgen şüalarının təsiri

Bakı, 18 iyun, AZƏRTAC

Orqanizmdə baş verən dəyişiklikləri və meydana çıxan xəstəlikləri dəqiq müəyyən etmək üçün ilkin olaraq diaqnostik metoddan istifadə edilir. Çünki yalnız həmin metod vasitəsilə xəstənin hansı orqanında problemin baş qaldırdığını və onun hansı xəstəlikdən əziyyət çəkdiyini müəyyən etmək mümkündür.

Hazırda diaqnozun qoyulmasında müxtəlif vasitələrdən istifadə edilir. Həkimlərin üstünlük verdiyi müayinə vasitələrindən biri də rentgen, kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiya şüalanmasıdır.

Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb İdarəsinin həkim-radioloqu Elşən Rəhimovun AZƏRTAC-a verdiyi məlumata görə, xüsusən uşaqları rentgen və ya digər şüa-diaqnostika müayinələrindən keçirərkən diqqətli olmaq lazımdır: “Onların sümükləri və əzələ toxumaları bərkimədiyinə görə rentgen şüaları azyaşlılara mənfi təsir göstərə bilər. Yalnız 10 yaşından sonra uşaqların ildə bir dəfə olmaq şərtilə rentgenə salınması mümkündür. Yuxarı yaş həddində olanlara üç-dörd aydan bir rentgen və digər şüa müayinəsindən keçmək məsləhət görülür. Yaşı 60-dan yuxarı olanlar isə yalnız altı aydan bir rentgen müayinəsindən keçə bilər”.

Həkim-radioloqun dediyinə görə, ildə bir dəfə maqnit-rezonans, altı aydan bir kompüter tomoqrafiyasından keçməyin orqanizm üçün mənfi təsiri olmur: “Lakin tez-tez keçmək qanda dəyişiklik və s. əmələ gətirə bilər. Ona görə də tez-tez müayinədən keçməyə çalışmaq lazım deyil. Hamilə qadınların kompüter, xüsusilə maqnit-rezonans tomoqrafiyasından keçməsi müəyyən problemlər yarada bilər”.

Mütəxəssislərin fikrincə, rentgen şüasının orqanizmə mənfi təsirini azaltmaq üçün çoxlu maye qəbul etmək və açıq havada gəzmək lazımdır.