Pediatriya.az: Qurban bayramı və uşaq psixologiyası

Qurban bayramı kimi dini mərasimlər uşaqlar üçün dəyər və paylaşma ruhunu aşılayan gözəl fürsətlərdir. Lakin, bu bayramın bəzi tərəfləri — xüsusilə də heyvanın kəsilməsi prosesi — uşaqların psixologiyasında mənfi iz buraxa bilər.
Psixoloqlar bildirir ki, uşaqlarda mücərrəd düşüncə qabiliyyəti təxminən 12 yaşdan sonra formalaşır. Yəni bu yaşa qədər uşaqlar “ölüm”, “qurban” və “fədakarlıq” kimi anlayışları tam mənimsəyə bilmirlər. Bu səbəbdən 12 yaşdan kiçik uşaqların qurban kəsilməsini izləməsi qətiyyən tövsiyə edilmir.
Əgər uşaq bu prosesi təsadüfən görərsə, ona hisslərini ifadə etməyə fürsət yaradılmalıdır. Məsələn, “Burda nə var ki, ağlayırsan?” kimi cümlələrlə uşağın duyğularını kiçiltmək əvəzinə, onun qorxu və narahatlığını dinləmək və qəbul etmək vacibdir. Bu mərhələdə uşağın ət yeməkdən imtina etməsi də tamamilə normal sayılır və buna görə məcbur edilməməlidir.
Valideynlər və yaxınlar bayramın əsas mahiyyətini — paylaşma, mərhəmət və yardımlaşma — uşaqlara izah etməlidirlər. Qurbanlıq heyvana əziyyət vermək, kəsim səhnələrini nümayiş etdirmək və uşaqlara bıçaq vermək kimi davranışlar bu məqamla ziddiyyət təşkil edir.
Unutmayaq ki, uşaqlar böyüklər kimi düşünmür və hiss etmir. Qurban bayramı günlərində uşaqlarda yuxu pozuntusu, qorxular, gecə yerini islatma və kabuslarla bağlı halların artdığı müşahidə olunur. Belə vəziyyətlərdə uşaq psixoloqundan dəstək almaq tövsiyə olunur.
Əziz valideynlər, gəlin övladlarımıza Qurban bayramının mənəvi dəyərini doğru şəkildə aşılayaq. Onları qorxu ilə deyil, sevgi və anlayışla böyüdək.
Hər birinizə sağlam, xoşbəxt və mənalı bir bayram arzu edirik!