Qohum nikahlarında qüsurlu uşaqların doğulma ehtimalı yüksək olur
Bakı, 10 aprel, AZƏRTAC
Qohum nikahları sağlam nəsil yetişdirmək üçün ciddi problemlərin başlanğıcıdır. Təəssüf ki, qohum evliliklərindən doğulan uşaqların qüsurlu olduğunu bilə-bilə əmiuşaqları, xalauşaqları, bibiqızı-dayıoğlu arasında nikah bağlayanlar az deyil.
AZƏRTAC xəbər verir ki, həkim-genetik Mircavid Müslümovun dediyinə görə, qohum evliliklərində uşaqların qüsurlu doğulma riski iki dəfə artır: “Eyni nəsildən gələn genlərdəki dəyişikliklər bir yerə düşür və uşaqda özünü büruzə verir. Bizim genetik kodlarımız fərqli nöqtələrdədir, onlar eyni bir nöqtəyə düşəndə xəstə uşaq doğulur və genetik xəstəliklərin üzə çıxmasına səbəb olur. Bunun eyni nəsildə olma ehtimalı yüksək olduğu üçün qohum evliliklərində daha çox rast gəlinir”.
Dünyada hər 250-300 nəfərdən biri qan xəstəsidir. Ölkəmizdə isə buna 25-30 nəfərdən bir rast gəlinir. Statistikaya görə, Daun sindromu 800 nəfərdən birində olursa, qohum evliliyində həmin rəqəm 8 dəfə çoxdur.
“Qohum evliliklərində ən çox qan xəstəliklərinə rast gəlinir. Cütlüyün hər biri ciddi xəstəlik daşıyıcısıdırsa, qohum evliliklərində hər hamiləlikdə 25 faiz xəstə uşaq doğulma ehtimalı var. Bəzən tərəflər düşünürlər ki, bizdə ciddi xəstəlik yoxdur və deməli, genetik xəstəlik olmayacaq. Lakin bu, tamamilə yanlış fikirdir, çünki hər kəs beta talassemiya, alfa talassemiya, kiçik fibroz, hemofiliya kimi 8-ə qədər genetik xəstəliyin daşıyıcısıdır”, – deyə həkim genetik bildirib.
Əsasən ağsaqqalların qohum bağlarının gücləndirilməsi fikri ilə qurulan ailələrdə gələcəyə sağlam nəsil verə bilməmək kimi ciddi problemlər yaranır.