Qlandaları kəsdirməyə tələsməyin
Adətən boğazı tez-tez ağrıyan adama xalq arasında deyərlər ki, “qlandan var, get kəsdir, canın qurtarsın”. Əslində bütün insanlar qlanda, yəni damaq badamcıqları ilə doğulur. Damaq badamcıqları immun sistemində vacib rol oynayan orqandır. Lakin damaq badamcıqlarının xroniki iltihabı, tonzillit nəticəsində qlandalar öz funksiyasını yerinə yetirməz və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilər. Tonzillit, bu xəstəliyin fəsadları və müalicəsi ilə bağlı Səhiyyə Nazirliyi prof. Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi, tibb elmləri doktoru, professor Azər Xudiyev “Ekspress”ə müsahibəsində ətraflı danışıb.
https://www.ekspress.az/news/338-qlandalari-kesdirmeye-telesmeyin
Azər Xudiyev: Damaq badamcıqlarında iltihab prosesi başlayırsa, ürəkdə də müəyyən dəyişikliklər yaranır
Adətən boğazı tez-tez ağrıyan adama xalq arasında deyərlər ki, “qlandan var, get kəsdir, canın qurtarsın”. Əslində bütün insanlar qlanda, yəni damaq badamcıqları ilə doğulur. Damaq badamcıqları immun sistemində vacib rol oynayan orqandır. Lakin damaq badamcıqlarının xroniki iltihabı, tonzillit nəticəsində qlandalar öz funksiyasını yerinə yetirməz və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilər. Tonzillit, bu xəstəliyin fəsadları və müalicəsi ilə bağlı Səhiyyə Nazirliyi prof. Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi, tibb elmləri doktoru, professor Azər Xudiyev “Ekspress”ə müsahibəsində ətraflı danışıb.
– Damaq badamcıqları bədənimizdə hansı funksiyanı yerinə yetirir? Nə üçün son tibbi tədqiqatlarda qlandaların immun sistemi üçün önəmi vurğulanır?
– Damaq badamcıqlarına xalq arasında artıq ət və ya qlanda deyirlər. Qlanda sözü yunan terminidir. Badamabənzər vəzilər deməkdir. Bütün insanlarda qlanda dediyimiz badamabənzər vəzilər var, amma bu, artıq ət deyil. Badamabənzər vəzilər, yəni damar badamcıqları insan orqanizmi üçün müəyyən funksiyalar daşıyır, lakin damaq badamcıqları müəyyən müddətdən sonra bir sıra xəstəliklərin də yaranmasına gətirib çıxarır. Damaq badamcıqlarının irinli iltihab posesi tonzillit adlanır. Böyüklərlə müqayisədə uşaqlarda tonzillit daha çox müşahidə olunur. Bu xəstəlik yaşlılar arasında 4-12 faiz, uşaqlar arasında 12-15 faiz yayılıb.
Müasir tədqiqatlar onu göstərir ki, damaq badamcıqları heç də sıradan bir orqan deyil. Bunlar həm də immun sistemin daşıyıcılarıdır. Həm yerli immun funksiya, həm də ümumi immun funksiya daşıyırlar. Bunlar həm də müəyyən mənada orqanizmin qoruyucularıdır. Amma damaq badamcıqları orqanizm üçün xoşagəlməz xəstəliklər törətdiyi halda kəsilməlidir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, orqanizmdə Allah tərəfindən verilən bu orqan saxlanılsın, yəni imkan daxilində kəsilməsin. Ötən əsrin 40-50-ci illərində belə bir tendensiya var idi ki, damaq damacıqları orqanizm üçün artıq bir orqandır və onlar kəsilib götürülməlidir. Hesab olunurdu ki, qlandalar orqanizm üçün problem yaradır və kütləvi kəsirdilər. Ancaq sonrakı dövrlədə qlandaların lazımlı orqan olduğu sübut olundu. Xəstələrdə bu məsələyə individual yanaşılmalıdır.
– Niyə bəzi insanlarda qlandalarda tonzillit yaranır, digərlərində olmur? Tonzillitin səbəbi nədir?
– Hamıda qlandalar olsa da, bəzi insanlarda normadan böyük olur, qlandaları sağlam və ya xəstə olan insanlar var. Damaq badamcıqları elə yerdə yerləşir ki, bu orqan çox təsirlərə məruz qalır. Qlandalar qida keçən yerdə yerləşib, qəbul etdiyimiz qida udlaqdan boğaza keçən zaman sanki qlandaları yalayaraq, onlara toxunaraq keçir. Müəyyən mənada həm fiziki təsirlərə məruz qalır, həm də hava axını daxil olur, burunla nəfəs almaq çətinləşdikdə ağızla nəfəs alırıq. Soyuq, mirkoblu havanın ordan keçməsi, isti və soyuq qidanın qəbul olunması damaq badamcıqlarını qıcıqlandırır. Son anda xəstələnməsinə gətirib çıxarır. Ümumiyyətlə, xroniki tonzillitlə xəstələnmənin artma tezliyi iqlimdən, sosial və bir çox başqa faktorlardan asılıdır. Nəm mühit, uşaqların ana südü ilə qidalanmaması, immun sisteminin zəif olması, endokrin sisteminin müəyyən pozğunluqları, avitaminoz, yaşayış şəraitin pis olması damaq badamcıqlarının xəstələnmələrini tezləşdirir. Havanın tez-tez dəyişdiyi mühitlərdə olmaq, istidən soyuğa, soyuqdan istiyə düşmək xəstəliyin yaranmasına gətirib çıxarır. Tez-tez angina ilə xəstələnmə tonzillitin yaranmasına səbəb olur. Angina kəskin tonzillit də adlanır. Bu zaman damaq badamcıqları qızarır, şişir, üzərində irinli ərp əmələ gəlir. İl ərzində insan 3-5 dəfə angina olursa, badamcıqların toxumasında kəskin iltihabı proses inkişaf edərək xroniki formaya keçir. Düzdür, təkrar anginalar heç də həmişə xroniki tonzilliti yaratmır. Bu, hər şeydən əvvəl mərkəzi sinir sisteminin vəziyyətindən və onun orqanizmdə gedən neyrotrofiki proseslərə təsirindən asılıdır. Bundan başqa, anginaların badamcıqların özündə yaratdığı patoloji dəyişikliklərin xarakteri və dərinliyinin də əhəmiyyəti var.
– Xroniki tonzillit zamanı xəstələr hansı şikayətlərlə müraciət edir?
– Xəstələrin şikayətləri müxtəlif olur. Bəzi xəstələr boğazda xoşagəlməyən diskomfort hissindən, başqaları isə danışıq, ya da udqunma zamanı boğazda yad cismin olmasından, quruluq və göynəmədən şikayət edirlər. Bəzi hallarda xəstənin yeganə şikayəti ağızdan qoxu gəlməsi olur. Eləcə də, xəstələr şikayət edirlər ki, öskürən zaman qlandanın içərisindən kiçicik, düyüyə bənzər kazios kütlələr ağızdan çıxır. Bəzən xəstələr özləri güzgüdə ağız boşluğuna baxaraq damaq badamcıqlarının üzərində kiçik ağ nöqtələr görürlər. Hətta, bəzən özləri bu ağ nöqtələri qaşıqla və ya hər hansı bir predmetlə sıxaraq onları çıxarmağa çalışırlar. İrinləri sıxmaq məqsədəuyğun deyil. Bir sıra hallarda onu sıxan zaman iltihab prosesi daha dərin qatlara keçə və bu, absesləşə bilər. Düzdür, xəstəliyin konservativ müalicəsində də tıxacların yuyulub təmizlənməsi var. Amma bu proses kortəbii olaraq xəstə tərəfindən deyil, həkim tərəfindən aparılmalıdır. Konservativ müalicə zamanı həmin tıxaclar xüsusi şprislərlə yuyulur və təmizlənir. Sonradan damaq badamcıqlarının üzəri müəyyən məhlullarla – tərkibində yod, qliserin olan, luqol məhlulları ilə silinir. Əlbəttə, sıxıb çıxarmaq o demək deyil ki, xəstəlik keçdi. Qida qəbul etdiyimiz zaman qida qalıqları tıxacların yerinə yaranan boşluqlara dolur və yenidən həmin tıxacların yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, konservativ müalicəyə kompleks yanaşmaq lazımdır. Tıxacların yuyulub çıxarılması ilə yanaşı fizioterapevtik üsullara əl atmaq lazımdır. Damaq badamcıqlarına elektrofarez də yaxşı təsir edə bilər. Müalicədə boyun arxasına xüsusi palçıq yaxmaları da effket verir. Bunlarla yanaşı müəyyən qarqaralar təyin edilir. Qarqaralar bitki və ya kimyəvi mənşəli ola bilər. Məsələn, şalfey, palıd ağacının qabığı dəmləmələri ilə ağız vannası edilməlidir. Palıd qabığı dəmləmələri həm büzücü, həm də antiseptik təsirə malikdir. Bu kimi tədbirlərin keçirilməsi bir sıra hallarda cərrahi müdaxilədən imtina etməyə imkan verir. 3-6 ay ərzində müalicə təkrar oluna bilər.
– Hansı hallarda tonzillit zamanı əməliyyat təyin olunur? Tonzillit müalicə olunmasa, bu xəstəliyə etinasız yanaşsaq, fəsadları nə ola bilər?
– Uşaq, istərsə də böyük anginalara tez-tez tutulursa, damaq badamcıqlarının kəskin iltihabı olursa, damaq badamcıqlarında irinli iltihab prosesi baş verirsə, üç, beş, yeddi gün ərzində qızdırma ilə müşaiyət olunursa, baxış zamanı damaq badamcıqlarının üzərində ağımtıl, bozumtul kiçik həlqəvi irinciklər görünürsə, bu yalnız antibiotiklə müalicə olunduqda, çoxlu maye içdikdə sağalırsa, ümumi intaksikasiya əleyhinə dərmanlar, vitaminlər təyin etdikdən sonra keçirsə, deməli proses xronikləşir. Gələcəkdə xroniki tonzillitin yaranmasına, damaq badamcıqlarının funksiyasının pozulmasına gətirib çıxarır. Onların həm sinir trafikası, həm də baryer trafikası, qoruyucu funksiyası pozulur. Bu da sonradan ikincili dəyişikliklər verir. Belə ki, damaq badamcıqlarının həm də ürəklə sıx sinir reflektor əlaqəsi var. Belə bir termin də var tonzilla kardial refleks. Bunu hətta təcrübə ilə də, əgər damaq badamcıqlarını qıcıqlandırsaq, elektrokardioqrammada müəyyən dəyişikliklər yaranır. İnsan orqanizmində də belədir. Damaq badamcıqlarında hər hansı iltihab prosesi başlayırsa, ürəkdə də müəyyən dəyişikliklər yaranır. Yəni ürəyin funksional xüsusiyyətləri pozulmağa başlayır, son anda revmatizmin yaranmasına gətirib çıxarır. Yəni qlandalar dediyimiz damaq badamcıqları həm də tək ürəklə deyil, oynaqlarla da sıx əlaqəsi var. Eləcə də, damaq badamcıqlarında tez-tez xəstələnmələr baş verirsə, anginalardan sonra proses xronikləşirsə, xroniki tonzillit yaranırsa, həm də böyrəklərdə problem yaşanır, böyrəklərdə zülal tapılır, sidik ifrazında pozğunluq yaranır və s.
İmkan daxilində çalışmaq lazımdır ki, damaq badamcıqlarının xəstəliyi konservativ yolla aradan qaldırılsın və bu orqan saxlanılsın. Ancaq aparılan konservativ müalicə, yəni tədbirlər kömək etmirsə, son yol damaq badamcıqlarının kəsilib götürülməsi olur. Bu da tonzillektomiya əməliyyatı adlanır. Əvvəllər bu əməliyyat daha çox yerli keyitmə ilə aparılırdı, amma müasir dövrdə tonzillektomiya əməliyyatı narkoz altında aparılır. Xəstənin özünün xəbəri olmadan ağrısızlaşdırma şəraitində qlandalar kəsilir və bu daha yüksək effekt verir. Dünya praktikasında daha çox bu üsul uğurla tətbiq olunur.
https://www.ekspress.az/news/338-qlandalari-kesdirmeye-telesmeyin