Qızdırma haqqında vacib məlumatlar

Təcili yardıma müraciət edən uşaqların bir çox qisminin əsas şikayəti qızdırmadır. Buna görə ailələrin qızdırma ilə əlaqədar olan baza məlumatlarını bilmələri vacibdir. Bu mövzuda əsas məqsəd qızdırma ilə bağlı ümumi məlumatların ailələrə çatdırılmasıdır.

Qızdırma nədir?

Qızdırma- xəstəliklərə qarşı bir müdafiə mexanizmi olub, bədən temperaturunun yüksəlməsidir və özü təkcə bir xəstəlik deyildir. Öskürək, qusma kimi xəstəliklər də görülən əlamətlərdən biridir.

Qızdırmaya səbəb olan xəstəliklər hansılardır?

Qızdırmaya səbəb olan bir çox xəstəlik vardır. Bunların əsas qismini müalicəsi daha asan infeksion xəstəliklər olduğu halda, bir qismini isə daha ciddi və ya həyat üçün təhlükəli olan xəstəliklər təşkil edir. Uşaqlıq dövründə ən çox qızdırmaya səbəb olan infeksion xəstəliklərdən yuxarı tənəffüs yolları infeksiyaları, sinuzit və orta qulaq iltihabını (otit) misal göstərə bilərik.  Digər qisim vacib olan qızdırma verən infeksion xəstəliklər arasında sidik yolu infeksiyaları, aşağı tənəffüs yolu infeksiyaları və menengit təşkil edir. Ancaq infeksion xəstəliklər xaricində də bir çox xəstəliklər qızdırmaya səbəb ola bilər. Ona görə də qızdırması olan uşağın həkim tərəfindən müayinə olunması vacibdir.

Qızdırma ölçümü necə edilməlidir?

Qızdırma qoltuq altından, ağızdan, qulaqdan, alından və ya anal bölgədən ölçülə bilinər. Əsasən 38 C və yuxarısı olan ölçümlər qızdırma olaraq qəbul edilir. Qoltuq altından olan ölçümlər digər yollara nisbətən daha asan olmasına görə daha çox üstünlük verilir. Ölçərkən qoltuqaltının nəm olmamasına və termometrin 3-5 dəq.ərzində saxlanılmasına diqqət edin. Ailələr tərəfindən isə qızdırmanın qulaqdan ölçümü daha tez və asan olmasına görə daha çox üstünlük verilir.

Uşağınızın qızdırması olduqda nələr etməlisiniz?

  • Uşağınızın qızdırması olduqda ilkin öncə sakit olmağa, həyəcanınızı dəf etməyə və səbirli olmağa çalışın.
  • Əgər uşağınız 3 ayın altındadırsa mütləq qayda da təcili olaraq həkimə müraciət etməlisiniz və uşağınıza həkim məsləhəti olmadan heç bir dərman verməyin.
  • 3 aydan böyük olan uşaqlar da isə aşağıdakılara diqqət edin.
  1. Uşağınızın əynindən qalın paltarlarını çıxarın və əynində yalnız nazik paltarları saxlayın.
  2. Qızdırma uşağın mayeyə ehtiyacını artırır. Ona görə də qızdırması olan uşağa bol maye verməyə çalışın.
  3. Qızdırma 38C və ondan yuxarıdırsa qızdırma salıcı dərman verməyə çalışın.
  • Uşaqlıq dövründə qızdırma salıcı kimi ən çox istifadə olunan dərman parasetamoldur . Hər doz uşağınızın hər kilosuna uyğun olaraq 10- 15 mq. olacaq şəkildə 4-6 saat ara ilə verilə bilər. (yəni gündə 4-6 dəfə) (məsələn: 10 kq uşaqda 100-150 mq. Parasetamol verilə bilər. )
  • Qızıdrma salıcı kimi istifadə olunan digər preparat isə ibuprofendir. Onu isə hər kilosuna uyğun olaraq 5- 10 mq 6 saat ara ilə verilə bilər. (gündə 4 dəfə) (məs: 10 kq uşaq 50- 100 mq İbuprofen verilə bilər)
  • Hətta İbuprofen vəParasetamol bir birilərini əvəzləyərək gün ərzində verilə bilər. Gün ərzində 4-6 dəfə olmaq şərti ilə. Bunu həkiminizlə məsləhətləşməyiniz daha uyğun olar.
  • İlıq su ilə duş etdirmək və ya ilıq su ilə isladılmış bezlərin istifadəsi isə qızdırma salıcıların təsir effekti başlayanadək və ya dərman aralarında ən uyğun üsuldur.

 

Qızdırma zamanı ən çox müşahidə olunan səhvlər hansılardır?

 

  • “Uşağa soyuq olar” qorxusu ilə paltarlarının çıxarmamaq və ya daha da qalın geyindirmək
  • Qızıdrma salıcı kimi aspirin istifadə olunması (Uşaqlıq dövründə həkim təyinatı olmadan aspirin istifadəsi qəti qadağadır)
  • Çox soyuq su ilə duş qəbul edilməsi (Bu zaman qızdırma tez bir zamanda yenidən yüksələ biləcəyinə görə məsləhət görülmür)
  • Alkoqol və ya sirkə ilə qızdırmanı aşağı salmağa çalışmaq
  • Çox isti və ya çox soyuq içməyə maye verilməsi
  • Qızdırma salıcıdan başqa digər dərmanların həkimdən soruşmadan verilməsi
  • Soyuqdəymə üçün verilən dərmanlarla birgə qızdırma salıcı dərmanların verilməsi. Çünki bəzi öskürək və ya qrip üçün olan dərmanların içində parasetamol qrupu qızdırma salıcılar vardır. Ona görə bu tip dərmanlar verdiyiniz zaman həkiminizlə məsləhətləşməyi tövsiyə edirik.

 

Təcili yardıma müraciət olunması ehtiyac duyulan vəziyyətlər

  • Yenidoğulanlar və 3 ay altı körpələr qızdırması olan kimi təcili xəstəxanaya müraciət edilməlidir. (Bu yaş qrupunda immun sistem hələ tam formalaşmadığından infeksion proseslərlə mübarizə apara bilmir.  Ciddi infeksion proseslərə yatqınlıq olur. Ona görə qızdırmanın səbəbi təcili araşdırılmalıdır.)
  • Uşaq indi və ya əvvəlki dövrlərdə qızdırma ilə bağlı olaraq qıcolma keçiribsə
  • Hər hansı yaş qrupunda qızdırma ilə birlikdə huş pozğunluğu, yuxulu vəziyyət, durquza bilməmək, sualları cavabsız qoyma kimi hallar varsa
  • Qızdırma ilə bərabər ishal və təkrarlayan qusma, maye itkisi varsa
  • Qızdırma ilə bərabər ümumi vəziyyəti pisdirsə,
  • Körpədə və ya uşaqda qızdırma 40 C və ya ondan yuxarıdırsa
  • Körpə və uşaqda ağlama, inləmə və ya toxunduqda narahatçılıq hissi varsa
  • Qızdırma ilə bərabər bədəndə səpkilər varsa və xüsusən bu səpkilər tədricən solmursa
  • Uşağınız tənginəfəs (nəfəs almaqda çətinlik çəkirsə) olursa
  • Uşağınız qızdırma ilə yanaşı dayanmadan ağlayırsa və onu sakitləşdirə bilmirsinirsə
  • Uşağınızın dəri rəngi soluq, mavi- bənövşəyi rəngdə görünürsə uşağınız təcili həkim tərəfindən görülüb, müalicə təyin olunmalıdır.

 

Müayinə olunduqdan sonra təkrar həkimə müraciət edilməsi ehtiyacı  olan vəziyyətlər

 

Uşaqların bir qismində yüngül qəbul edilən şikayətlər getdikcə ağırlaşaraq ciddi xəstəliklər inkişaf edə bilər. Əgər uşağınızın vəziyyəti get gedə ağırlaşırsa o zaman təcili həkimə müraciət etməyiniz məsləhət görülür. Uşağınızın qızdırması 3 gündən daha uzun müddət davam edirsə və ya antibiotik istifadəsinə 48 saatdan çoxdur başlayıb amma ümumi vəziyyəti daha da pisləşirsə dərhal kontrola həkiminizin yanına müraciət etməyiniz məsləhət görülür.

 

Bəs antibiotiklər nə zaman istifadə olunmalıdır?

 

Uşaqlarda daha çox qızdırmaya səbəb olan yuxarı tənəffüs yolu infeksiyalarıdır ki, onun da törədiciləri əsasən viruslardır. Virusların yol açdığı xəstəliklərdə isə antibiotik istifadəsi mənasızdır. Hətta lazımsız olaraq antibiotik istifadəsi də orqanizmə müxtəlif yan təsirləredə bilər. Ona görə də həkiminiz antibiotik istifadəsini məsləhət görməyibsə, antibiotik istifadəsindən uzaq durmağınız tövsiyə olunur. Əgər həkimiz antibiotik istifadəsini məsləhət görübsə onda vaxt itirmədən müalicəyə başlamağınız məsləhətdir. Antibiotik müalicəsinə başladıqdan sonra 48-72 saat ərzində qızdırmanın davam etməsi gözlənilən bir əlamətdir.  Bu müddət ərzində qızdırma olarsa qızdırma salıcılar istifadə oluna bilinər.

 

Qızdırma ilə bağlı olaraq bilinməsi gərəkən məqamlar

  • Uşağınızın yüksək qızdırmasının olması həmişə ciddi bir xəstəlik olduğunu göstərmir.
  • Qızdırma salıcılar ilə çətinliklə düşürülən qızdırmanın xəstəliyin ciddiliyini göstərən əlamət deyildir.
  • Antibiotiklərin qızdırma salıcı təsiri yoxdur.
  • Daha əvvəl istifadə etdiyiniz qızdırma salıcı dərmanın qapağı açılıbsa və 1 aydan çox müddət keçibsə, dərman öz təsir effektini itirmiş ola bilər. Bu zaman yenidən dərman almağınız məsləhətdir.

 

 

Uşağınız infeksiyalardan qorumaq üçün ən azından ilk 6 ay ancaq ana südü verin. Hər zaman uşağınıza vaxtında peyvənd elətdirməyinizi məsləhət görürük.

Dr. Nərmin Əzizova