Qıcolma tutmaları zamanı şahidlərdən anamnez toplanılması epilepsiyanın diaqnozunda həlledici rol oynayır
Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir. O, beynin xroniki xəstəliyi hesab edilir, yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən sahəsində- epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır.
Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən Bakı Sağlamlıq Mərkəzinin həkim-nevroloqu Sevinc Salamova deyib:
– Qıcolma tutması baş-beyin qabığı neyronlarının anormal ifrat fəaliyyəti nəticəsində hissi hərəki, davranış pozulması və elektroensefaloqramda müvafiq dəyişikliklərin qeyd olunmasıdır. Əhalinin 2-4 faizində provokativ xarici səbəblərdən qıcolma tutması baş verə bilər. Xarici provokativ səbəblər dedikdə intoksikasiyalar, travmalar, istivurma, yuxusuzluq və s. nəzərdə tutulur. Epilepsiya dedikdə isə provokasiya olunmadan baş verən qıcolma tutmaları nəzərdə tutulur.
-Epileptik sindrom nədir?
–Epileptik sindrom qıcolma tutmalarının davamlı olaraq birgə, eyni tipdə təkrar olunan simptom və əlamətlər toplusudur. Onun əmələgəlmə səbəbləri həm genetik qazanılmış mübadilə pozulmaları və naməlum səbəblərdən ola bilər. Epileptik sindromların səbəbini bilmək həkim üçün vacibdir. Ona əsasən müalicə proqnozu barəsində fikir yürütmək mümkündür. Epilepsiya zamanı qıcolma tutmalarını iki böyük kateqoriyaya bölmək olar: fokal və generalizə qıcolmalar.
Epilepsiya geniş yayılmış nevroloji patologiyalar sırasına aiddir. Dünya əhalisinin təxminən 0,5-1 faizi epilepsiya xəstəsidir. Xəstəlik 70 faiz hallarda naməlum səbəblərdən baş verir və ya hansısa genetik problem nəticəsində yarandığı güman olunur. Digər hallarda isə simptom verən alt səbəblər aşkar olunur. Bunlara ən çox doğuş və kəllə-beyin travmaları, infeksion xəstəliklər, insult və şişləri göstərmək olar.
Tipinə görə ən çox mürəkkəb fokal qıcolmalara rast gəlmək mümkündür. İkinci ən çox təsadüf olunan tonik-klonik qıcolmalardır. Epilepsiyanın pik dövrləri körpə və yaşlı vaxtı olur. Alimlərin fikrincə, epilepsiyalı xəstələrin diaqnostikasında yüz il əvvəl olduğu kimi indi də həlledici əhəmiyyəti xəstənin onunla birgə yaşayan qohumları və qıcolma tutmaları şahidlərinin müşahidəsi əsasında anamnez toplanması daşıyır. Burada ən vacib məqamlar qıcolma tutmasının başlama yaşı, nevroloji zədələr, ailədə qıcolma tutmaları olmasına dair provokativ faktorlar, xəstənin tutmadan əvvəl özünü necə hiss etməsi, tutma zamanı özünü aparması, əlavə əlamətlərin olması, nevroloji xüsusiyyətlərin davam müddətinə, pastiktal yəni, tutmadan sonrakı nevroloji əlamətlərə fikir verilir.
-Qıcolma tutması zamanı ilk tibbi yardım nədən ibarətdir?
-Bütün qıcolma tutmalarında ilkin tibbi yardım tələb edən generalizə tonik klassik qıcolmalardır. Xəstəni ehmalca təhlükəsizlik, zədə olması mümkün olmayan bir yerdə uzatmaq, başının altına yumşaq material qoyub sol çiyni üstə döndərmək lazımdır. Həmin vəziyyət nəfəsalmanı yaxşılaşdırır, başı bir qədər aşağı çevirərək ağız suyunun rahat şəkildə kənar olunmasına şərait yaradılır. Xəstəni arxası üstə uzadaraq kilidləşmiş ağzını metal qaşıqla açmağa cəhd etmək lazım deyil. Əksər hallarda qıcolma 3-4 dəqiqə çəkir. Lakin 5 dəqiqədən artıq davam edən qıcolma tutması və ya xəstənin huşuna gəlmədən dalbadal qıcolma tutmaları təhlükəlidir. Həmin hal epileptik status adlanır, təxirəsalınmaz və kompleks tibbi yardım tələb edir. Epilepsiyanı 80-85 faiz hallarda dərman vasitələri ilə nəzarət altına almaq mümkündür. Müalicənin uğurlu alınması üçün yaxşı diaqnostika vacibdir. Dərman müalicəsinə tabe olmayan hallar üçün pəhriz, cərrahi müalicə və digər üsullar var.
-Epilepsiyalı xəstələrin həyat rejimi necə olmalıdır?
-Onlar özlərini nə fiziki, nə də zehni cəhətdən ifrat yükləməməli, lakin xəstələr kifayət qədər aktiv olmalıdırlar. Səhər gimnastikası və yüngül aerobika faydalıdır. Uzun müddət televizora baxmaq kimi passiv, yorucu, emosional, konflikt və stressli vəziyyətdən uzaq olmaq lazımdır. Alkoqollu və energetik içkilərdən qəti sürətdə imtina edilməlidir, çünki onların qəbul edilməsi baş- beyin qabığı hüceyrələrinin qıcolma oynaqlığını artırır. Xəstələr və onların qohumları nəzərə almalıdırlar ki, epilepsiya da digər xəstəliklər kimi çox ağır formalara malikdir. Digər xəstəliklər kimi burada da müalicəyə tabe olan bir sıra qənaətbəxş formalar var. Epilepsiya diaqnozu qoyulmasını hökm kimi qəbul etmək doğru deyil və xəstəni “bitmiş insan” hesab edib sosial həyatdan təcrid etmək olmaz. Əksinə, əksər hallarda onlar təhsil almalı və işləməlidirlər. İctimai həyatda lazımlı olduqlarını hiss etməyin özü də onlar üçün stimuldur.