Qara Yara (Qarayara) Xəstəliyi: Yoluxma Yolları, Əlamətləri və Qorunma Üsulları. Həkim Nərmin Əzizova

Ümumi Məlumat
Qara Yara xəstəliyi (lat. Bacillus anthracis, digər adıyla “Sibir yarası”) — torpaqda uzun müddət spor şəklində qalan və əlverişli şəraitdə aktivləşən bakteriya tərəfindən törədilən zoonotik infeksiyadır. Xəstəlik əsasən otlayan ev heyvanlarına və vəhşi heyvanlara təsir edir. İnsanlar isə yoluxmuş heyvanlarla birbaşa təmasda olduqda və ya onların məhsullarını qəbul etdikdə xəstələnə bilərlər.
Əksər hallarda yoluxma dəri zədələri vasitəsilə baş verir. İnsanlar arasında yayılması nadirdir və yalnız dəri ilə birbaşa təmas zamanı mümkündür. Qara yara həm insanlarda, həm də heyvanlarda ciddi ağırlaşmalara səbəb ola bilər.
Kimlər risk altındadır?
- Heyvandarlıqla məşğul olan şəxslər
- Baytarlar
- Kəsimxana və yun zavodu işçiləri
- Yoluxmuş heyvanların dərisi və tükü ilə təmasda olan şəxslər
Xəstəliyin Forması və Əlamətləri
- Dəri Forması (ən çox yayılmış – ~95%)
- Yoluxma dəridəki kiçik kəsiklər vasitəsilə baş verir.
- 2–5 gün ərzində qaşıntılı papula əmələ gəlir, daha sonra mərkəzində qara eskar yaranır.
- Boyun, baş və ətraflarda daha çox rast gəlinir.
- Əlamətlər: baş ağrısı, halsızlıq, yüngül qızdırma.
- 1–3 həftə ərzində sağalır, iz qoymadan keçə bilər.
- Bağırsaq Forması
- Yoluxmuş heyvanın az bişmiş və ya çiy ətini qəbul etdikdə baş verir.
- Bakteriyalar ağız, boğaz, mədə və bağırsaqlarda çoxalır.
- Əlamətlər: qarın ağrısı, qanlı ishal, qusma, yüksək qızdırma.
- Ölüm riski 25–60% arasında dəyişir.
- Ağciyər Forması (ən təhlükəli forma)
- Havadakı sporların nəfəs alınması ilə yoluxma baş verir.
- Xüsusilə yun dəyirmanlarında və dabbal zavodlarında çalışan insanlarda müşahidə edilir.
- Əlamətlər: sinə ağrısı, nəfəs darlığı, yüksək qızdırma.
- Müalicə olunmazsa ölümcül ola bilər (ölüm riski 45–80%).
Klinik Simptomlar
Qarayaranın simptomları infeksiyadan sonra bir həftə ərzində ortaya çıxır. Bəzən 60 günə qədər latent qala bilər.
- Sinə ağrısı
- Nəfəs almaqda çətinlik
- Bulantı və qusma
- Yorğunluq və zəiflik
- Yüksək qızdırma və tərləmə
- Baş və əzələ ağrısı
- Dəridə qaşıntılı blisterlər
- Qarın ağrısı, qanlı ishal
- Şişkin limfa düyünləri
Qlobal Statistika və Qeyd
- ÜST-ə görə hər il dünyada təqribən 2,000–20,000 arasında insan bu xəstəliyə yoluxur.
- Ən çox risk altında olan ölkələr: Hindistan, Afrika ölkələri, Orta Asiya, Şərqi Avropa.
- 2025-ci ilin mayında Tailandda baş verən dəri qarayara hadisəsində bir ölüm qeydə alınıb.
Uşaqlarda Qarayara
Uşaqların immun sistemi zəif olduğu üçün qarayara infeksiyası daha ağır keçə bilər. Ağciyər forması tənəffüs çatışmazlığı və orqan funksiyalarının pozulması ilə nəticələnə bilər. Bu səbəbdən, uşaqlarda erkən diaqnoz və intensiv müalicə həyati əhəmiyyət daşıyır.
Müalicə
Müalicə erkən mərhələdə antibiotiklərlə aparılmalıdır:
- Ciprofloxacin
- Doxycycline
- Penicillin
Ağciyər forması hallarında əlavə olaraq antitoksinlər təyin olunur:
- Raxibacumab
- Obiltoxaximab
Profilaktika və Tövsiyələr
- Risk qrupunda olan şəxslər üçün peyvəndləmə tövsiyə olunur (xüsusilə baytar və laboratoriya işçiləri).
- Çiy və az bişmiş ət məhsullarından istifadə edilməməlidir.
- Heyvan dərisindən hazırlanmış suvenirlərdən çəkinin.
- Torpaqla təmasda ehtiyatlı olun, çünki sporlar onillərlə yoluxucu qala bilər.
- Endemik zonalarda əkinçilik sahələrində qoruyucu tədbirlər həyata keçirilməlidir.
Etibarlı Mənbələr
- ÜST: Anthrax – WHO Q&A
- CDC: Anthrax Clinical Overview
- Mayo Clinic: Anthrax Treatment
- NCBI: Anthrax Exposure & Pediatric Considerations
Həkim Nərmin Əzizova, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı, Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının əməkdaşı, Pediatriya.az saytının təsisçisi