Professor: Peyvənd olunmayan insan qızılca qarşısında müdafiəsizdir

Bakı, 22 yanvar, AZƏRTAC

“Son vaxtlar ölkə ərazisində, xüsusilə, uşaqlar arasında yayılan qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur, simptomatik müalicə isə həkim tərəfindən aparılır”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva deyib. O, uşaqlar arasında yayılan qızılca xəstəliyi ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirib.

Professor bildirib ki, qızılca təhlükəli infeksiyalardandır: “O çox yüksək yoluxuculuğa malik virus xəstəliyidir. Bu o deməkdir ki, qızılcaya yoluxmuş insanla təmasda olan və spesifik immuniteti olmayan şəxslər yoluxmaya məruz qala bilər. Çünki infeksiya mənbəyi yalnız xəstə insandır”.

Son aylar Bakıda və bəzi rayonlarda uşaqlar arasında qızılcanın, eləcə də məxmərəyin yayıldığını vurğulayan L.Allahverdiyeva qeyd edib ki, bunun əsas səbəbi valideynlərin vaksinasiyadan imtinasıdır: “COVID dövründə əhali qapalı vəziyyətdə yaşadı və vaksinlə əlaqədar həkimə müraciət etmədi. Peyvənd olunmayan insanlarda isə qızılcanın ağırlaşması kimi meningit, laringit, otit, qıcolmalar və ensefalitlər inkişaf edə bilir. Yaşından asılı olmayaraq, əvvəllər bu xəstəliyə yoluxmayan və ya qızılca, parotit, məxmərəyə qarşı peyvənd almayan istənilən şəxsin bu xəstəliyə yoluxma ehtimalı var. Bundan əlavə, qızılca ilə əlaqəli pnevmoniya, inaq, orta qulağın iltihabı, ağız boşluğunda xoralar və ishal kimi ağırlaşmalar ən çox tənəffüs yollarına və ya həzm sisteminə təsir edir. Körpələrdə, həmçinin azyaşlı uşaqlarda, o cümlədən hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda qızılca xəstəliyi ilə bağlı ağırlaşmalar daha çox müşahidə olunur”.

Mütəxəssis qeyd edib ki, pnevmoniyaya qarşı vaksinasiya olanlar 40 yaşına qədər yoluxa bilər. Lakin bu xəstəlik 40-dan sonra yüngül keçir və elə də çox hiss olunmur. Bu xəstəliyi keçirməyən və ya qızılcaya qarşı vaksinasiya olunmayan şəxslər isə qızılca əleyhinə peyvəndlənməlidir. Ancaq qızılcaya yoluxmuş və allergiyası olan insanlar vaksinasiya oluna bilməz. Yəni kliniki simptomları qeyd edilənlər mütləq həkim müayinəsindən keçməlidir.

L.Allahverdiyeva bildirib ki, qızılca infeksiyasına yoluxmuş yüngül simptomlu xəstələrin müalicəsi həkim nəzarəti altında ev şəraitində, yataq rejimi gözlənilməklə aparılır: “Ümumiyyətlə, qızılcanın spesifik müalicəsi yoxdur, simptomatik müalicə isə həkim tərəfindən təyin olunur. Lakin risk qrupuna daxil olan və yanaşı xəstəlikləri olan şəxslərdə ikincili bakterial infeksiya inkişaf edə bilər ki, bu da ağırlaşmalara gətirib çıxarar. Bu zaman xəstənin hospitalizasiyası və stasionar şəraitdə müalicəsi tövsiyə olunur”.