Hepatit A Virusuna Diqqət: Uşaqlar üçün Görünməz Təhlükə. Həkim-mütəxəssis Nərmin Əzizova

Hepatit A virusu nədir və virusun yayılması üçün əsas mənbələr hansılar hesab olunur?

Hepatit A virusu, qaraciyəri zədələyən və sarılıqla müşayiət olunan yoluxucu bir xəstəlikdir. Virus nəcis vasitəsilə yayılır və əsasən təmiz olmayan içməli sular, bu sularla yuyulan qidalar və gigiyenik olmayan mühitlər yoluxma üçün əsas mənbələr hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 1.4 milyon insan Hepatit A virusuna yoluxur. Xəstəliyin xüsusilə uşaqlarda yayılması daha tez-tez rast gəlinir, çünki onlar tez-tez gigiyenik qaydalara riayət edə bilmir.

Hepatit A virusundan necə qorunmaq olar?

Hepatit A virusundan qorunmanın ən təsirli yolu peyvəndlənmə və düzgün gigiyena qaydalarına əməl etməkdir. Virus insandan insana asanlıqla keçə bilər – xüsusilə də uşaqlar arasında, çünki onlar oyuncaqları, əllərini və qidaları tez-tez ağızlarına aparırlar. Xəstəlik çirkli əllər, su, çiy və ya az bişmiş qidalar, şəxsi əşyalar və yoluxmuş şəxsin hazırladığı yeməklərlə yayıla bilər. Gigiyenik şəraiti zəif olan məktəb və bağçalarda yayılma riski yüksəkdir.

Hepatit A virusunun əlamətləri nə vaxt ortaya çıxır?

Virusla təmasdan 2-6 həftə sonra əlamətlər meydana çıxa bilər. Uşaqlarda bəzən əlamətlər zəif olur və valideynlər bunu sadə həzm problemi ilə səhv sala bilərlər.

Hepatit A virusunu kimlər daha ağır keçirə bilər?

Böyüklər arasında xəstəliyin daha ağır keçməsi müşahidə olunur. Lakin, bəzi hallarda uşaqlarda da ciddi qaraciyər problemləri baş verə bilər, xüsusilə də zəif immun sisteminə malik olanlarda.

Uşaqlarla bağlı vacib məlumatlar:

  • Hepatit A uşaqlarda çox zaman yüngül keçir, lakin onlar virusu ətrafdakılara ötürə bilərlər.
  • Körpələr və məktəb yaşlı uşaqlar üçün Hepatit A peyvəndi vacib qoruyucu tədbirdir.
  • Uşaqların tualet sonrası əl yuma vərdişi mütləq formalaşdırılmalıdır.
  • Bağça və məktəblərdə gigiyenik şəraitin saxlanılması Hepatit A-nın yayılmasının qarşısını alır.

Klinik əlamətlərə aiddir:

  • İştahsızlıq, halsızlıq, ürəkbulanma, qarın ağrısı;
  • Gözlərdə və dəridə sarılıq;
  • Tünd rəngli sidik və rəngsiz nəcis;
  • Yüksək temperatur və qaşınma.

Diaqnoz və müalicə necə aparılır?

Əlamətlər müşahidə olunduqda mütləq həkimə müraciət edilməli, qan analizləri ilə diaqnoz təsdiqlənməlidir. Hepatit A-nın spesifik müalicəsi yoxdur. İstirahət, bol maye qəbulu və sağlam qidalanma əsasdır. Xəstə uşaqlar digərlərindən təcrid olunmalı, şəxsi əşyalar ayrılmalıdır.

Qorunma yolları:

  • Hepatit A peyvəndi;
  • Yalnız təmiz içməli sudan istifadə;
  • Əllərin mütəmadi və düzgün yuyulması;
  • Meyvə-tərəvəzin yaxşı yuyulması və bişirilməsi;
  • Uşaqlara gigiyena vərdişlərinin öyrədilməsi.

Uşağın məktəbə hazırlığı: valideynlər üçün bir sıra tövsiyələr. Həkim Nərmin Əzizova

Nərmin Əzizova,

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı,

Azərbaycan Tibb Universitetinin əməkdaşı