Pilot ərazilərdə tütün çəkmə ilə mübarizəyə həsr olunmuş sağlamlıq həftələri başa çatıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə – Mingəçevir şəhərində və Yevlax rayonunda 04-17 dekabr 2017-ci il tarixində tütün çəkmə ilə mübarizəyə həsr olunmuş sağlamlıq həftələri təşkil etmişdir. Sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.
Tütün çəkmə ilə mübarizəyə həsr olunmuş sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 1149 nəfər tibbi müayinələrdən keçmiş və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilmişdir. Sağlamlıq həftələri müddətində 338 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçmişdir.
Müraciət edən vətəndaşların 36 nəfəri 0-15, 162 nəfəri 16-25 yaş, 250 nəfəri 26-35 yaş, 194 nəfəri 36-45 yaş, 227 nəfəri 46-55 yaş, 227 nəfəri 56-70 yaş arasında, 53 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Bu həftələrdə iştirak edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 329 nəfər son 1 ay, 358 nəfər son 3 ay, 166 nəfər son 6 ay, 95 nəfər son 1 il, 59 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçmişdir. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 27 nəfər təşkil edib. 115 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ilə vətəndaşların müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunmuşdur. Belə ki, ümumi müraciət etmiş 1149 nəfərdən 853 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.
Sağlamlıq həftələrində müayinələrdən keçənlərin 1006 nəfərinin tütün istifadəçisi olduğu müəyyən edilib. Tütün istifadəçilərində müayinələr zamanı bir sıra patologiyaların olduğu aşkar edilmişdir. Belə ki, müayinədən keçənlərin 26 nəfərində kəskin bronxit, 95 nəfərində xroniki bronxit, 9 nəfərdə isə ağciyərlərin xroniki obstruktiv xəstəliyi müəyyən edilmişdir.
Həmçinin, müayinə müddətində tütün çəkənlər arasında aludəçiliyin başlanma dövrünü müəyyən etmək məqsədi ilə sorğu keçirilmişdir. Sorğuda 317 nəfər şəxs iştirak etməyə razılıq vermişdir. Məlum olmuşdur ki, tütün çəkənlərin 24 nəfəri 10-14 yaş, 64 nəfəri 15-19 yaş, 123 nəfəri 20-29 yaş, 79 nəfəri 30-39 yaş, 20 nəfəri isə 40-49 yaş arası bu zərərli vərdişə başlamışlar. Sorğu nəticəsində diqqəti cəlb edən maraqlı məqamlardan biri də bəzilərinin tütündən istifadəyə başladığı yaşdır, belə ki istifadəçilərdən 3 nəfəri bu zərərli vərdişə 50-59 yaşında, 4 nəfəri isə 60-79 yaş arasında başlamışdır.
Ailə həkimləri müayinəyə gələn vətəndaşlara sağlam həyat tərzi, sağlam qidalanma, siqaretin səbəb olduğu xəstəliklər, siqaretdən imtinanın müsbət nəticələri, valideynlərə övladlarının həyat tərzinə diqqət yetirmələri, onları idmana yönləndirmələri haqqında mühüm məsləhətlər veriblər.
Qeyd edək ki, tütün çəkmə ilə mübarizə üzrə sağlamlıq həftələri çərçivəsində pilot ərazilərin sakinlərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Siqaretə YOX deməyi bacarın” bukleti də paylanmışdır.
Tütünlə mübarizə üzrə sağlamlıq həftələri ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetində təhsil alan tələbələr üçün maarifləndirici aksiya da təşkil edilmişdir. Çıxış edənlər təhsil ocağının akt zalında toplaşan tələbələrə tütün çəkmə kimi təhlükəli vərdişin zərərlərinə, tütün çəkmənin növlərinə və tütün çəkmədən imtina üsullarına həsr olunmuş mühazirə və “Tütün – öldürücü təhlükə” adlı təqdimatla çıxış etmişlər. Tədbir çərçivəsində aktiv və passiv tütün çəkmə, tütünlə bağlı dünyada və Azərbaycanda rəsmi statistik göstəricilər və tütün çəkmə ilə mübarizə tədbirləri haqqında ətraflı məlumat verilmişdir.