Övladımın Covid-19 testinin nəticəsi pozitiv olubsa (övladım koronavirusa yoluxubsa) nə etməliyəm? Dr. Nərmin Əzizova
Övladımın Covid-19 testinin nəticəsi pozitiv olubsa (övladım koronavirusa yoluxubsa) nə etməliyəm?
Bir qayda olaraq uşaqlarda yeni növ koronavirus infeksiyası (Covid-19) daha yüngül əlamətlərlə müşahidə olunmaqdadır. Bəzi hallarda uşaqlar bu virusu hər hansı bir əlamət olmadan da belə keçirə bilirlər. Böyüklərdə olduğu kimi uşaqlarda da əlamətlər soyuqdəymə əlamətlərinə (halsızlıq, burnun və səsin tutulması, öskürək, titrəmə və sair) oxşayır. Yuxarıda qeyd olunan əlamətləri, xüsusilə də eyni evdə yaşayan ailə üzvünün Covid-19 testinin nəticəsinin pozitiv olduğu hallarda uşaqların da PCR testindən (boğaz və burundan yaxma testinin götütürlməsi) keçmələri və ciddi nəzarət altına saxlanılmaları tövsiyə olunur. Təhlil göstərir ki, uşaqların koronavirus infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi (müalicə olunması) hallarına az rast gəlinir.
Bir çox hallarda Covid-19 virusuna yoluxmuş uşaqlarda aşağıdakı əlamətlər müşahidə olunur:
- hərarət (qızdırma) və ya titrəmə
- öskürək
- tənəffüs çatışmazlığı
- əzələ ağrısı
- boğaz ağrısı
- baş ağrısı
- halsızlıq
- qarın ağrısı
- ürəkbulanma
- qusma
- ishal
- burun tutulması
- burun axıntısı
- gec dövürdə dad və ya qoxu itməsi.
Həmçinin, qeyd etmək lazımdır ki, koronavirusa yolxumuş yenidoğanlarda letargiya (ətrafa və qıcıqlara qarşı laqeydli olma və ya hərəkətsizlik) kimi əlavə əlamətlər müşahidə edilə bilinər.
Covid-19 virusuna yoluxmuş uşaqlarda yuxarıda göstərilən əlamətlərdən biri və ya bir neçəsi ola bilər.
Aşağıda qeyd olunan xəstəliyi olan uşaqlar Covid-19 virusunu daha ağır keçirə bilərlər:
- Astma və ya xronik ağciyər xəstəliyi olan uşaqlar
- Diabet (şəkər) xəstəliyi olan uşaqlar
- Genetik, nevroloji və ya metabolik xəstəliyi olan uşaqlar
- Oraq hüceyrəli anemiyası olan uşaqlar
- Anadangəlmə ürək xəstəliyi olan uşaqlar
- İmmun çatışmazlığı olan uşaqlar
- Piylənmə olan uşaqlar
- Xronik xəstəliyi olan uşaqlar
Tövsiyə olunur ki, Covid-19 virusuna yoluxmuş və ya bu virusa yoluxma ehtimalı olan uşağın valideyni ən qısa zamanda yaşadığı və ya qeydiyyatda olduğu sahə həkiminə müraciət etsin. Bu xəstəliyin ən qısa zamanda aşkar olunaraq ixtisaslaşmış şəxs tərəfindən müalicəyə başlanılması xəstəliyin daha yüngül və fəsadsız keçməsinə səbəbolacaqdır. Qəti surətdə valideynlərin özbaşına olaraq Covid-19 virusuna yoluxmuş və ya ya bu virusa yoluxma ehtimalı olan uşağınaın müalicəsi ilə məşğul olmamalıdır.
Yadımızda saxlayaq ki, uşağınızda heç bir klinik əlamətin olmaması onun yoluxdurucu olmayacağı demək deyildir. Aparılan tədqiqatlara görə sağlam qidalanmaq, nizamlı yatmaq, bol maye içmək, təmiz havada olmaq, gündəlik yaşa uyğun fiziki hərəkətlər etməklə qoruyuculuq əldə etmək olar.
Həmçinin təhqiqatlar göstərmişdir ki, D vitamini səviyyəsi aşağı olan Covid-19 virusuna yolxumuş xəstələrin bu xəstəliyi daha ağır keçirdiyi müəyyən edilmişdir. Qorunma məqsədi ilə C vitaminin və Sinkin mühüm rol oynadığı qeyd olunur.
Covid-19 virusuna yoluxmuş və ya bu virusa yoluxma ehtimalı olan uşağın valideynləri ilkin olaraq nə etməlidirlər?
- Virusa yoluxmuş (yoluxma şübhəsi olan) uşağın imkan daxilində ayrıca otaqda izolyasiya olunması;
- Virusa yoluxmuş (yoluxma şübhəsi olan) uşağın olduğu otağın havasının hər 2 saatdan bir dəyişdirilməsi;
- Xəstənin və onunla bir evdə yaşayan hər bir şəxsin tibbi maskadan istifadə etməsi, tibbi maskanın gündə 2-3 dəfə dəyişdirilməsi;
- Uşaq sahə həkiminə, həmçinin xəstə ilə bir evdə yaşayan şəxslərin sahə həkimlərinə müraciət edərək məlumat vermələri;
- Xəstənin və ailə üzvlərinin tez-tez əl-üzlərinin sabunla yuyulması;
- Mövsümə uyğun olaraq təbii meyvə və tərəvəzlərdən bol-bol istifadə olunması;
- Özünüzdə hər hansı bir əlamət hiss edirsizsə mütləq PCR testindən keçilməsi;
- İstər uşağın, istərsə də valideynlərin panikaya düşməməsi.
Övladınızda qızdırma vardırsa buna qarşı simptomatik müalicə aparılır. Bu barədə Pediatriya.az saytında geniş məqaləmiz vardır. Ailədə Covid-19 virusuna yoluxmuş şəxs olduqda uşaqlarda əlamətin olub-olmamasından asılı olmayaraq PCR testi verməli, pediatrla məsləhətləşməli və ehtiyac olduqda pediatr-kardioloq tərəfindən müayinə olunmalıdır.
Körpə və Covid-19
Virusun ana südü ilə keçmədiyi ilə bağlı ədəbiyyat məqalələri vardır. Ana südünün körpəyə faydaları barədə düşündükdə anaların Covid olsalar belə övladlarına əmizdirməyə davam etmələri məsləhət görülür. Lakin, ana körpənin yanında olduqda maska taxmalı, əl gigiyenası qaydalarına riayət edilməlidir. Simptomlar çox ağır gedişatlı olduqda südünü pompa ilə toplamalı və pompa təmizliyi sterilliyi qorunmalıdır. Ana ilə körpə arasında 2 metr məsafə qorunulmalıdır.
“MİS C” sindromu
Ən çox maraq edilən suallardan biri Covid-19 keçirən uşaqlarda “MİS C” sindromudur. Xüsusilə koronavirus təqibində 2-4 həftə sonrasında yaranan aşağıdakı əlamətlərə diqqət edilməlidir:
- 24 saatdan uzun davam edən 38 dərəcə və yuxarı qızdırma
- ürəkbulanma, qusma, ishal və şiddətli qarın ağrısı
- bədəndə səpkilər
- baş ağrısı
- tənəffüs problemləri
- gözdə qanlanma
- çatlamış dodaqlar
- əzələ-oynaq ağrıları
- dəridə soyulmalar
Uşaqlar Covid-19- a yoluxduqda nə vaxt təcili yardıma müraciət edilməlidir:
- Qızdırma 38 dərəcədən yuxarı olduqda və hərarəti aşağı salmaq mümkün olmursa;
- 5 gündən artıq davam edən qızdırma varsa;
- Təngnəfəslik müşahidə edildikdə – bu halda tənəffüs say artır, tənəffüs çatışmazlığı müşahidə edilir və kifayət qədər oksigen ala bilmir;
- Halsızlıq – sanki yuxulu olduğu kimi;
- Tərləmə – xüsusən başda tərləmə;
- Ürək sayının artmasının hiss olunması;
- Səpgilər varsa – barmaqla basdıqda solmursa;
- Zəif ağlama – tənəffüs çatışmazlığına bağlı olaraq ağlamağa sanki halı qala bilmir;
- Göyərmə – kifayət qədər oksigen alına bilmədikdə ağız ətrafında, dodaqların iç tərəfində və ya dırnaqlarda görülən mavi rəng.
Covid-19- a yoluxmuş körpələr nə vaxt təcili olaraq xəstəxanaya aparılmalıdır?
- Körpənizin yaşı 3 aydan aşağıdırsa və qızdırması 38 dərəcədən yuxarıdırsa
- Dayanmadan ağlayır və sakitləşə bilmirsə
- Ağlamaları həmişəki kimi olmayıb, zəif ağlayırsa
- Letargiya – yuxuludursa və ya yuxudan oyandırmaq olmursa, ətrafa qarşı reaksiyası azalıb və ya yoxdursa
- Lazım olduğu qədər maye qəbul etmirsə (uşaq alt bezləri quru olursa yəni sidik ifrazı olmursa və ya bezdən sərt bir qoxu gəlirsə və ya sidik tünd rənglidirsə)
Biz Covid-19 infeksiyasına yoluxmuş hər bir halda uşağın mütləq həkim müayinəsindən keçməli və ya nəzarətində olmasını məsləhət görürük. Yuxarıdakı hallar müşahidə edildikdə valideynlər dərhal həkimlə əlaqə saxlanılmalı və yaxında yerləşən tibbi müəssəsinə müraciət etməlidirlər.
Nərmin Əzizova
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı