Nə üçün son dövrlərdə intiharların sayı artıb? Nə üçün insanlar intihar edir? Klinik-psixoloq Minayə Kazımlı

Nə üçün son dövrlərdə intiharların sayı artıb? Nə üçün insanlar intihar edir?

İnsanların intihar etmə səbəbi hər bir insanda fərqli və fərdidir, ona görə də hamını bir tərəziyə qoyaraq “hamı məhz bu səbəblə intihar edir” kimi düşünməyimiz yalnışdır. Amma hal-hazırda ölkəmizdə bəzi dəyişikliklər baş verib ki, bu dəyişikliklər ictimai olaraq insanların ruhi vəziyyətini gərginləşdirə, stressə sala bilər. Bundan əlavə bəzi amillər də bu stressi dəstəkləyib, daha da artıraraq intihar halına gətirib çıxara bilər.

Hal-hazırda ölkəmizdə insanların ruhi vəziyyətini gərginləşdirən əsas amil karantin vəziyyətidir. Bununla əlaqədar bir çox insan işini itirib, iş rejimi dəyişib, ya da evdən işə başlayıb. Uşaqların təlim fəaliyyətində ciddi dəyişikliklər  olub ki, bu da uşaqlarda kompyuter və telefondan asılılıq, valideynlə münasibətdə problemlər yaradıb. Yəni, bu vəziyyət cəmiyyətin əsas dəyərləri olan “əmək” və “təlim fəaliyyəti”ndə dəyişikliklər yaradıb. Bu da insanların çaşqınlıq və xaosa düşmələrinə, nəticədə insanların ruhi vəziyyətində mənfi istiqamətdə dəyişikliklərə və gərginliyə səbəb olub.

Bu gərginliyi dəstəkləyib daha da artıran və intihara aparan amillər hansılardır?

  1. İnsanların psixoloji narahatlıqlar haqqında az məlumatlı olması. İnsanlar çox hallarda psixoloji narahatlıq yaşadıqda narahat, gərgin olduğunu və həmçinin ətrafındakı insanlarla münasibətlərinin dəyişdiyini hiss edirlər. Amma çox az insan bunun psixoloji problemdən qaynaqlanacağının fərqində olub, yardıma müraciət edirlər.  Nəticədə bəzən bu hal daha da ağırlaşıb, intihara gətirib çıxara bilir. Necə ki, digər fiziki xəstəliklərdə müalicə almadıqda ağırlaşmalar ola bilir, psixi xəstəliklər də belədir.
  2. İnsanların öz psixoloji sağlamlığına səthi yanaşması. Bizim cəmiyyətdə əksər insanlarda sağlamlığa qarşı səthi yanaşma mövcuddur. 100-dən artıq insanla apardığım psixoloji sorğunun nəticəsi göstərdi ki, onların 88%-i öz sağlamlığına qarşı səthi yanaşır. Vaxtın olmaması, “zaman keçdikcə düzələrəm” kimi düşüncələr bunun bariz nümunəsidir.
  3. Bizim cəmiyyətdə “psixoloji yardıma müraciət” dəyərinin zəif olması. Yeni apardığım psixoloji sorğunun nəticəsi göstərir ki, insanların əksəri hər hansı psixoloji problemi olduqda psixoloji yardıma müraciət etməkdənsə, bunu özü həll etməyi üstün tutur. Belə ki, sorğu iştirakçılarının yalnız 9%-i psixoloji narahatlığı olduqda psixoloqa müraciət etməyi üstün tutur, qalan 91% insan isə müxtəlif səbəblər gətirərək yardımdan yayınır. Bu səbəblər arasında ən çox göstərilən maddi vəziyyət(halbuki ödənişsiz yardım edən dövlət müəssisələrimiz var), vaxtın olmaması, “zaman keçdikcə düzələrəm” və “psixoloqa gedirsə normal deyil” düşüncələri üstünlük təşkil edir.

Bütün bu amillər insanların psixoloji yardıma müraciətinə mane olur və insanların ruhi vəziyyətini gərginləşdirərək intihar hallarının baş verməsinə kimi gətirib çıxarır.

Biz bilirik ki, karantin vəziyyətini idarə etmək bizdən asılı deyil, amma psixoloji gərginliyi dəstəkləyib artıran amilləri aradan qaldırmağımız mümkündür. Bunun üçün ilk növbədə edəcəyimiz iş insanların yaxşı şəkildə maarifləndirilməsi, məlumatlılığın artırılması məsələsidir. Belə ki, keçirdiyim sorğuya əsasən insanların 56%i psixoloji problemlər haqqında çox az fərqindəliyə malikdir. 22%i orta dərəcədə, qalan 18% isə yüksək dərəcədə psixoloji problemlərdən xəbərdardır. Həmçinin nəticə göstərir ki, insanların məlumatlılığı artdıqca psixoloji sağlamlığına qarşı səthi yanaşması da azalır. Bu onu göstərir ki, biz insanları kifayət qədər psixoloji olaraq maarifləndirib, məlumatlandırsaq müəyyən qədər ağırlaşmaların və intihar hallarının qarşısını ala bilərik.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinik psixoloqu Minayə Kazımlı