Mənfi rezuslu qan qrupuna daha çox ehtiyac duyulur
Bakı, 9 yanvar, AZƏRTAC
Qan orqanizmi qidalandıran və ömür boyu dəyişməz olaraq qalan mayedir. Həmin maye həyati əhəmiyyət daşıdığından bədən üçün olduqca vacib rol oynayır. Bir çox xəstəliklərin kökündə qanda yaranan problemlər durur. Orqanizm aldığı xəsarət nəticəsində qan itirdikdə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilir. Belə hallarda yaralıya dərhal qan köçürülür.
AZƏRTAC xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankından verilən məlumata görə mənfi və müsbət olmaqla dörd qrupa bölünən qanın tərkibində əsasən dörd adda – HİV, sifilis, hepatit B və C infeksiyaları yoxlanılır.
Təmiz hesab olunan qan müəyyən prosesdən keçməlidir. Donorun qan verməyə yararlı olması heç də onun qanının təmiz və sağlam olması demək deyil. Ən çox ehtiyac duyulan qan mənfi rezusludur, çünki həmin qan qrupundan olan xəstələrə yalnız öz qrupundan olan qan uyğun gəlir. Statistikaya görə, dünya əhalisinin 85 faizi müsbət, 15 faizi mənfi qan rezusludur.
Narkomaniya və alkoqolizm xəstələri, ağır əməliyyat keçirənlər, hansısa orqanı transplantasiya olunanlar, bəzi infeksion xəstəliklər keçirənlər qan verməkdən məhrumdurlar. Diabet, anemiya, epilepsiya xəstəliyinə tutulanların, hamilə qadınlar və qanaxmaya meyilli olanların, xroniki bronxit xəstələrinin, eləcə də cərrahi əməliyyat olunanların müəyyən müddət qan verməsinə icazə verilmir.
Qan vermək üçün minimum çəki 55 kiloqram, minimum boy isə 150 santimetr olmalıdır.