Körpəniz əmməkdən imtina edirsə: səbəblər və çıxış yolları. Həkim Nərmin Əzizova

Səbəblər | Nə etməli? |
Körpə xəstə ola bilər | Əgər körpə iştahsızdırsa və bu, qızdırma, halsızlıq, narahatlıqla müşayiət olunursa, pediatra müraciət olunmalıdır. Məsələn, qulaq infeksiyası əmməyə mane ola bilər. |
Burun tutulması | Əmdirmədən əvvəl burun dəliklərinə fizioloji məhlul damızdırmaq tənəffüsü rahatlaşdırır və əmməyə kömək edir. |
Ağızda pamukcuk və ya yara | Ağızda göbələk və ya yara ağrıya səbəb olaraq əmməni çətinləşdirə bilər. Həkim təyinatı ilə müalicə aparılmalı, ağız gigiyenası təmin olunmalıdır. |
Zəif və ya vaxtından əvvəl doğulmuş körpə | Körpə əmə bilmirsə, ana südü sağılaraq steril qabda toplanmalı, qaşıq və ya stəkanla verilməlidir. |
Doğuşdan sonra ana ilə ayrılıq və gecikmiş əmizdirmə | Dəri-dəriyə təmas, müntəzəm və səbirli əmizdirmə ilə bu problem zamanla həll olunur. |
Ana və ya körpədə stress | Əmizdirmə sakit və rahat mühitdə aparılmalıdır. Ana əvvəlcə emosional olaraq dəstək almalı və sakitləşməlidir. |
Ananın işi və ya xəstəliyi səbəbilə ayrılıq | Süd mütəmadi sağılaraq steril şəraitdə saxlanmalı və qaşıqla verilməlidir. Sağma və tez-tez əmizdirmə süd ifrazını artırır. |
Yanlış pozisiyada əmizdirmə və ya süd durğunluğu | Əvvəlcə bir qədər süd sağılaraq körpəyə qaşıqla verilə bilər. Daha sonra düzgün pozisiyada əmizdirməyə cəhd olunmalıdır. |
Butulka istifadəsi və döşdən imtina | Butulka dayandırılmalı, süd sağılaraq qaşıqla verilməlidir. Körpəni yenidən döşə alışdırmaq üçün çalışmaq lazımdır. |
Əlavə qidaların vaxtından əvvəl verilməsi | İlk 6 ay yalnız ana südü tövsiyə olunur. Süni qidalar döşdən imtinaya səbəb ola bilər. |
Ananın bəzi qidaları qəbul etməsi | Güclü qoxulu və ədviyyatlı qidalar südün dadını dəyişə bilər. Sağma yolu ilə süd balanslanmalı, pəhrizə diqqət yetirilməlidir. |
Süd axınının çox sürətli və ya zəif olması | Süd axını çox güclü və ya zəifdirsə, körpə narahat ola bilər. Əmizdirmədən əvvəl bir qədər süd sağılmalı, tələb əsasında tez-tez əmizdirmə aparılmalıdır. |
Hamiləlik hormonları | Ana hamilədirsə, südün dadı dəyişə bilər və körpə marağını itirə bilər. Pediatr və ginekoloqla məsləhətləşmək məsləhətdir. |
Qısa nəticə və tövsiyə
Körpənin əmməkdən imtina etməsi valideynlər üçün narahatlıq doğuran, lakin çox zaman müvəqqəti və düzəldilə bilən vəziyyətdir. Ən vacibi – səbəbi düzgün müəyyən etmək, həkim məsləhətinə əsaslanmaq və səbirli olmaqdır. Ana özünü günahlandırmamalı, əksinə, dəstək almalı və körpəsinə sevgi ilə yanaşmalıdır.
Nərmin Əzizova,
Pediatriya.az saytının təsisçisi