Körpələrin dərisində qabıqlanma: Seboerik Dermatit barədə. Həkim Nərmin Əzizova

Seboreik Dermatitin yaranma səbəbləri
Körpələr doğulduqdan sonra sürətlə böyüyür və bu dövrdə dəri altındakı yağ vəziləri çoxlu miqdarda yağ ifraz edir. Bu yağlı təbəqə ölü dəri hüceyrələrinin yapışaraq saç diblərində qabıqlanma yaratmasına səbəb olur. Nəticədə baş dərisində ağ və ya sarımtıl-qəhvəyi rəngli, yapışqan qabıqlar meydana gəlir. Seboreik dermatit adətən 3 aylıqda öz-özünə yox olur, nadir hallarda 1 yaşa qədər davam edə bilər. Sadə müdaxilələrlə keçsə də, diqqət edilmədikdə ağırlaşa bilər.
Qabıqlanma əsasən baş dərisində müşahidə olunsa da, qaşlar, alın, qulaqlar, burun ətrafı, sinə, qoltuq altı və qasıq kimi bədən nahiyələrinə də yayıla bilər. Qabıqlar adətən qaşıntı yaratmır və körpəni narahat etmir. Lakin, bəzi hallarda, xüsusilə bez nahiyəsində göbələk infeksiyası ilə birlikdə müşahidə olunduqda qaşıntı və narahatlıq yarada bilər.
Seboreik dermatitin dəqiq səbəbi məlum deyil, lakin aşağıdakı faktorlarla əlaqələndirilir:
- Genetik meyillilik;
- Həddindən artıq yağ ifrazı;
- Anadan keçən hormonlar;
- Quru və soyuq hava;
- Stress və kimyəvi qıcıqlandırıcılar;
- Saçların nəmli qalması, başın daim bağlı saxlanılması və vitamin çatışmazlığı.
Qeyd etmək lazımdır ki, gigiyena qaydalarına əməl olunmaması seboreik dermatitə səbəb olmur.
Əlamətləri
- Baş dərisində ağ və ya sarı rəngli qabıqlanma;
- Qalın, yağlı və pulcuqlu görünüş;
- Bəzən pis qoxu;
- Nadir hallarda narahatlıq və qaşınma;
- İltihab və qızartı (xüsusilə göbələk infeksiyası qoşulduqda).
Müalicə
Seboreik dermatit xəstəlik kimi qiymətləndirilmədiyi üçün xüsusi müalicə tələb olunmur. Əksər hallarda öz-özünə keçər. Müalicə tədbirlərinə aşağıdakılar daxildir:
- Körpə yağı və ya xüsusi kremlərlə baş dərisinə masaj;
- Yumşaq körpə şampunu ilə saçın yuyulması və incə daraqla daranması;
- Qabıqların zorla qoparılmaması;
- Sürtülən məhsulların tam təmizlənməsi;
- Zeytun yağından istifadə tövsiyə olunmur (dəriyə zərər verə və göbələk infeksiyasına səbəb ola bilər);
- Göbələk infeksiyası varsa, müvafiq dərmanlarla müalicə olunmalıdır.
Aşağıdakı hallarda mütləq həkimə müraciət edilməlidir:
- Qabıqların ətrafında qızartı, qaşıntı və ya irinli səpgilər;
- Dəridə temperatur artımı və axıntı;
- Qabıqların bədənin digər nahiyələrinə yayılması.
Körpələr üçün şampun seçərkən:
- Pediatrik və dermatoloji testlərdən keçmiş olmalıdır;
- Allergik dərilər üçün uyğun olmalıdır;
- Tərkibində sabun, paraben və digər zərərli maddələr olmamalıdır.
Hər gün körpə çimizdirilsə belə, dərinin nəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Qabıqlanma azaldıqdan sonra 2-3 gündə bir çimizdirmək kifayətdir. Ailələr adətən əmgəyə toxunmaqdan çəkinirlər, lakin yumşaq masaj beyin toxumasına zərər vermir.
Ümumiləşmə
Seboreik dermatit – körpələrdə rast gəlinən, hormonal dəyişikliklər, aktiv yağ vəziləri və Malassezia göbələyinin çoxalması ilə əlaqəli, adətən keçici bir dəri problemidir. Yüngül hallarda ev şəraitində qulluqla, ciddi hallarda isə pediatrın təyinatı ilə müalicə olunur. Mühüm olan erkən mərhələdə düzgün yanaşmadır.
İstinadlar
- Lobato, S. N., və başqaları. (2021). “Uşaqlarda və körpələrdə seboreik dermatit.” Dermatologiya Hesabatları.
- Oresajo, C. O., və başqaları. (2016). “Seboreik Dermatitdə Malasseziyanın rolu.” Klinik Dermatologiya.
- Yamamoto, T., və başqaları. (2022). “Körpələrdə Seboreik Dermatitdə genetik və ətraf mühit faktorları.” Dermatoloji Elmlər Jurnalı.
- Boguniewicz, M., & Leung, D. Y. (2011). “Körpə və uşaqlıqda seboreik dermatit.” Uşaq Dermatologiyası.
- Zouboulis, C. C., və b. (2009). “Seboreik Dermatit üçün müalicə strategiyaları.” Dermatologiya.
Nərmin Əzizova,
K.Y.Fərəcova adına ETPİ-nin həkimi və dissertantı, ATU-nun I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı