Uşaqlarda ishal. İshal (diareya) nədir? Necə yanaşılmalıdır? Həkim Nərmin Əzizova

Uşaqlarda ishal – 1 sutkada üçdən artıq, adi vaxtdan daha tez-tez və ya daha sulu nəcis ifrazatının olmasıdır.

Uşaqlarda normal nəcis ifrazı barədə

Uşaqların yaşına görə nəcis ifrazının tezliyi və qatılığı dəyişir. Körpələrdə gündə 3-10 dəfə yumşaq ifrazatın olması normal hesab edilir. İlk 3 ayda bəzi körpələr gündə 2 və ya daha çox, başqaları isə həftədə bir dəfə yumşaq nəcis ifraz edirlər. Hər iki halı norma kimi qəbul edə bilərik. Yaşa görə nəcis ifrazının rəngi və qatılığı dəyişir. Xüsusən ana südü qəbul edən körpələrdə sarı, yaşıl və ya qəhvəyi rəngində ola bilər.

İshalın yaranma riski faktorları:

  • Körpənin ana südü ilə qidalanmaması;
  • Butulka və əmziyin tez-tez çirklənməsi;
  • Uşaq yeməklərinin düzgün hazırlanmaması və saxlanmaması;
  • Təmiz sudan istifadə edilməməsi;
  • Şəxsin ozünün risk faktorları (xronik xəstəlik, immun sisteminin zəif olması və sair).

İshalın əsas baş vermə səbəbləri:

  • Bağırsaq infeksiyaları: viruslar, bakteriyalar, parazitlər və sair;
  • Qida zəhərlənmələri;
  • Diş çıxarma;
  • Bəzi qidalara qarşı yaranan həssaslıq (allergiya);
  • Həddindən çox meyvə və ya meyvə suyu, ishal yarada biləcək digər qidaların istifadəsi (xüsusən alma, üzüm, əncir və sair);
  • Antibiotik istifadəsi;
  • Laktoz intoleransı;
  • Yuxarı-aşağı tənəffüs yolu infeksiyası;
  • Metabolik xəstəliklər;
  • Fruktoz həzmində problem (fruktoza xüsusən meyvələrdə və balda olur);
  • Bəzən nadir görülən xəstəliklərdə Chron xəstəliyi, Ulserativ (xoralı) Kolit, Çölyak xəstəliyi, Qıcıqlandırılmış bağırsaq sindromu kimi xəstəliklərdə də xronik ishal görülür.

İshalın əlamətləri nədir?

  • Yumşaq və sulu nəcis ifrazatı;
  • İfrazat tezliyinin artması;
  • İfrazat miqdarının artması;
  • Selikli və ya qanla qarışıq ifrazat;
  • Qızdırma;
  • Qusma;
  • Qarın ağrısı;
  • Narahatlıq.

İshal hər fəsil yarana bilər. Amma, yay aylarında yeməklər daha tez xarab ola biləcəyinə, gigiyenik qaydalara tam düzgün əməl olunmama ehtimalına, yemək vərdişlərinin dəyişməsinə və mövsümi meyvələrin qəbulu artdığına görə daha çox rast gəlinir.

İshala yoluxma yolları

İnfeksiya ən çox nəcisə ağız və əl təması ilə keçir. Həmçinin, uzun müddət saxlanmış və ya yaxşı bişirilməmiş, hazırlanmamış qidalar, konservalar, qaynağı bəlli olmayan sularda da mikroblar çoxalaraq ishala səbəb ola bilər.

İshal nə qədər davam edir?

Əsasən bir neçə saatdan bir neçə günə qədər müddət dəyişə bilər.

Nə vaxt həkimə müraciət edilməlidir?

  • 1 yaşından aşağı uşaqlar, bir neçə saat ərzində hər hansı bir şey yeyib içmirlərsə;
  • Çoxlu miqdarda və tez-tez sulu nəcis ifrazatı olursa;
  • Susuzluq əlamətləri (xüsusən uşaqda susuzluq hissiyatı, ağızda quruluq, gözdə yaş olmaması, gözlərin içə çökük olması, dərinin quru və büzüşmüş olması, tüpürcəyin azalması, nəbzin sürətlənməsi) varsa;
  • Təkrarlayan qusmalar baş verərsə;
  • Şiddətli qarın ağrıları varsa;
  • Halsızlıq, davamlı yuxulu vəziyyət, ətrafa reaksiyanın olmaması, xarakter dəyişikliyinin olması;
  • Nəcisdə qan görünməsi;
  • Yüksək qızdırmanın olması (39°C dərəcədən yuxarı);
  • Sidik ifrazının nəzərə çarpacaq dərəcədə azalması və ya 6 saat daxilində sidik ifrazatının olmaması;
  • İshal 10 gündən uzun müddət davam edirsə.

İshalın müalicəsi

Səbəbləri fərqli olsa da ani başlanğıclı ishallarda müalicə taktikası bir qayda olaraq eyni olur. Əsas olaraq ishal olan körpəyə həkim məsləhəti olmadan antibiotik və ya başqa dərman vermək qəti qadağandır. Kiçik yaşlı uşaqlarda isə əgər ishalla yanaşı qusma da müşahidə edilirsə xüsusilə diqqətli olmaq lazımdır. Çünki, uşaqlarda su itkisi özünü çox kəskin klinika ilə göstərə bilər. Orqanizm ehtiyacı olduğu qədər su almadıqda isə tez bir zamanda şoka (hipovolemik) belə girə bilər. Xüsusən ishal başladıqda əmizdirilməsi və qidalanması azalan, maye qəbul edə bilməyən, gündə 8 dəfə və ya daha çox sulu nəcis ifrazı olan, gündə 2 dən çox qusması olan və 12 aydan kiçik olan körpələr susuzluğa daha həssasdırlar. Əsasən ishallar 3-7 gün davam edir. 10 günü keçən ishallar infeksiyalar, həzm pozğunluqları, genetik xəstəliklər, qida allergiyaları kimi fərqli səbəblərə bağlı ola bilər. Ona görə də 10 günü keçən ishallarda mütləq həkimə müraciət edilməlidir.   Ağızdan qidalana bilməyən uşaqlara sistem edilə bilinər. Virus mənşəli ishallarda antibiotikin heç bir təsiri olmayacaqdır. Ona görə də səbəbi müəyyən edilməmiş müalicəyə başlamaq düzgün deyildir. Qeyd edək ki, probiotiklər ishalda istifadə olunur, amma ishalın davametmə müddətini qısaltmır.

İshalı olan uşaq necə qidalandırılmalıdır?

  • Ana südü alan körpələrdə əmizdirmə tez-tez edilməli və ana südünə davam edilməlidir;
  • Ana südü almayan körpələrdə isə həmişə yediyi süni qidanı daha tez-tez verməli və davam edilməlidir;
  • 6 aydan böyük və qatı qida alan uşaqlara əlavə olaraq yağsız suplar verilə bilinər;
  • Qatıq, yaxşı bişirilmiş ət və ya balıq, kartof püresi, düyü həlimi, yüksək kaloriya və zülal tərkibində olan qidalara, təzə meyvə şirəsi (alma şirə, üzüm şirə istisna edilir) və banana (kaliumdan zəngin qida) daha üstünlük verilir;
  • Uşaq hər 3-4 saatdan bir yedizdirilməlidir. Az-az və tez-tez yedizdirilməlidir. Bir anda çox yedizdirmək vəziyyəti daha da gərginləşdirə bilər;
  • İshal dayandıqdan sonra belə bir müddət yeməklərə diqqət edilməlidir.

İshalı olan uşaqda günlük kalori ehtiyacı və maye tələbatı ödənilməlidir. 6 aydan kiçik uşaqlar tez-tez əmizdirilməlidir. Böyük uşaqlara isə yağsız suplar, düyü həlimi və qaynadılmış ilıq su, şəkərli çay verilərək kalori və maye ehtiyacı ödənilməlidir.

Nə qədər maye verilməlidir?

Uşaqlarda ishal zamanı çox diqqətli olmaq lazımdır. Çünki, diqqətsizlik nəticəsində uşaqda su – duz mübadiləsi pozula, şoka girə və hətta vəfat edə bilər.

Hər sulu ifrazatdan sonra:

  • 2 yaşdan aşağı uşaqlarda 50-100 ml maye (1/2- 1 çay stəkanı);
  • 2 yaşdan böyük 100-200 ml maye (½- 1 su stəkanı);
  • Böyük uşaqlarda isə içə bildiyi qədər maye verilməlidir.

Əgər uşaqda qusma da yanaşı əlamət kimi görülürsə onda mayeni 5 dəqiqədən bir qaşıqla və ya qurtum- qurtum verilməlidir. Qısa müddət ərzində çoxlu maye verilməsi və ya qidalanmaya məcbur edilmə uşaqda qusma ehtimalı artacaqdır. Adi təmiz su orqanizmin maye tələbatını ödəyə bilər, amma, bu elektrolit balansını düzəltməyəcəkdir. Ona görə verəcəyimiz maye nin elektrolitlərlə zəngin olmasına çalışmalıyıq. Bunun üçün mayenin yanında kaliumla zəngin olan banan və ya meyvə şirələri (alma və üzüm meyvə şirələri istisna olmaqla), suplar verilə bilər.

İshaldan necə qorunmaq lazımdır?

  • Əllər tez-tez və ən azından 30 saniyə ərzində yuyulmalıdır. Əllər təkcə uşaq (körpə) tərəfindən deyil, uşağa qulluq edən şəxs tərəfindən də yuyulmalıdır. Xüsusilə, əllər tualet istifadəsindən və pampers dəyişdikdən, asqırdıqdan, öskürdükdən və burnu sildikdən sonra ətraflı yuyulmalıdır;
  • Əgər əl yumağa şərait yoxdursa əllər spirt ilə dezinfeksiya edilməlidir;
  • Təmizliyindən əmin olmadığınız sulardan istifadə olunmamalıdır;
  • Çiy yeyilən qidalar yaxşı yuyulmalıdır;
  • Uşaqlarda viral ishalın əsas səbəbi olan rotavirusa qarşı peyvəndlər vardır. Bu peyvəndləri mütləq elətdirmək lazımdır;
  • İshal dövründə uşağın məktəbə getməməsi və digər uşaqlarla kontakta olmaması məsləhət görülür.

Beləliklə də, uşaqlarda ishal viral, bakterial və ya parazitar infeksiyalardan qaynaqlanır və susuzluğa səbəb ola bilər. Əsas müalicə oral rehidrasiya məhlulları ilə rehidratasiya və susuzlaşdırma əlamətlərinin monitorinqini əhatə edir. Profilaktik tədbirlərə yaxşı gigiyena, təhlükəsiz qida və su təcrübələri və rotavirusa qarşı peyvənd daxildir. Simptomlar davam edərsə və ya pisləşirsə təxirəsalmadan həkimə müraciət etmək lazımdır.

Yekun olaraq bir daha bildiririk ki, uşaqlarda ishalın ağır nəticələri susuzlaşdırma, qidalanma və ekstremal hallarda ölüm ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə (https://www.who.int/news-room/fact-sheets/detail/diarrhoeal-disease), diareya 5 yaşa qədər uşaqlar arasında əsas ölüm səbəblərindən biridir və hər il dünyada təxminən yarım milyon uşağın ölümünə səbəb olur. Dehidrasiya riski: İnkişaf etməkdə olan ölkələrdə diareyadan əziyyət çəkən uşaqların təxminən 50%-i ağır dehidrasiyadan əziyyət çəkir və bu, təcili müalicə edilmədikdə şoka və orqan çatışmazlığına, bəzi hallarda isə ölümə səbəb ola bilər. Rotavirus: Peyvəndlərin tətbiqindən əvvəl, 5 yaşa qədər kiçik uşaqlarda diareya ilə bağlı bütün ölümlərin təxminən 40% -i rotavirusdan olmuşdur.

https://www.thelancet.com/

https://www.nejm.org/

Dr. Nərmin Əzizova - Onlayn rezervasiya edin, rəyləri oxuyun | doktorsitesi.az

Həkim Nərmin Əzizova, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinin həkim-neonatoloqu, Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı