İnstitut direktoru: "Siqaret tüstüsünə məruz qalanlar siqaret çəkənlər qədər sağlamlıq problemləri yaşayır"
“Siqaret tüstüsünə məruz qalan insanlar siqaret çəkənlər qədər sağlamlıq problemləri yaşayır”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
O bildirib ki, tibbdə xroniki tütünçəkmə tütün asılılığı, nikotin asılılığı, tütünə və ya nikotinə qarşı meyil kimi müəyyən edilir: “Bu, heç də zərərsiz bir vərdiş deyil ki, insan onu asanlıqla tərgitsin. Tütünçəkmədən imtina üçün təkrari müdaxilələrin və cəhdlərin göstərilməsi tələb olunur.
Aktiv tütünçəkmə – qurudulmuş və ya emal edilmiş közərən tütün yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə vasitəsi ilə) nəfəs yolları ilə qəbul edilməsidir”.
İnstitut direktoru vurğulayıb ki, passiv tütünçəkmə – ətrafa yayılan tütün tüstüsünün nəfəs yolları ilə qəbul edilməsidir: “Passiv tütünçəkmə adətən qapalı yerlərdə baş verir, lakin açıq havada da baş verə bilər. Üçüncülü tütünçəkmə – tütünçəkməni qutarandan sonra otaqda uzun müddət qalan nikotin qalıqları və digər kimyəvi maddələr ilə nəfəs alınmasıdır. Otaqda nikotin qalıqları və digər kimyəvi maddələr məkandakı əşyaların müxtəlif səthlərində qala bilər.
Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. Passiv siqaret çəkənlərin məruz qaldığı duman çevrəsi tütün dumanı adlanır və 2 hissəyə ayrılır – yanan siqaretdən ayrılan və siqaret çəkənin nəfəsi ilə yayılan”.
İ Axundova söyləyib ki, bu tip zərərli dumana məruz qalan insanlarda siqaret çəkənlər qədər sağlamlıq problemlər yaşanılır: “Əsasən uşaqlarda orta qulaq iltihabı, bronxit, astma, piylənmə, 2-ci tip şəkərli diabet və s. müşahidə olunur”.