İnfeksionist: "COVID-in müalicəsində edilən səhvlərdən biri ehtiyac olmadan antibiotik istifadə olunmasıdır"
Virusların müalicəsində antibiotiklərin heç bir təsiri yoxdur. Göstəriş olmadan antibiotik istifadəsi orqanizmdə başqa ağırlaşmalara səbəb ola bilər. e-tibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-infeksionisti Aygül Əliyeva “COVID-19 pandemiyasının ümumi klinik xüsusiyyətləri və müalicəsi” adlı məqaləsində açıqlayıb.
Həkim bildirib ki, SARS-CoV-2 ağciyərlərdə hüceyrə iltihabına səbəb olaraq kəskin ağciyər çatışmazlığı və KRDS, qanda iltihabi göstəricilərin yüksəlməsi, monosit/makrofaq aktivləşməsinin aşkarlanması, laxtalanma və iltihabi sitokin kemokin profillərinin aktivləşməsi ilə müşahidə edilir. SARS-CoV-2 hüceyrə reseptoru olaraq ACE2 reseptorlarından istifadə etməkdədir.
Onun sözlərinə görə, ACE2-nin ürəkdə və damar endotelində yüksək olması ürək-damar fəsadlarına səbəb olur. COVİD-19 xəstəliyi-yüksək hərarət, öskürək kimi əlamətlə başlayıb pnevmoniya və çoxlu orqan çatışmazlığına səbəb ola bilir. Başağrısı, epilepsiya, şüur dəyişkənliyi kimi əlamətlər də ola bilməkdədir.
İnfeksionist xatırladıb ki, hazırda, COVİD-19 üçün təhlükəsiz və effektiv olduğu sübut edilmiş xüsusi bir müalicə üsulu yoxdur. Müalicəyə başlama qərarı xəstənin yaşı, klinik vəziyyəti, yanaşı xəstəlikləri və istifadə olunan dərmanların qarşılıqlı təsiri baxımından dəyərləndirildikdən sonra verilir.
Həkim müalicə zamanı istifadə olunan dərmanlar barədə bunları bildirib:
Favipiravir – Yaponiyada influenza virusunun müalicəsi üçün təsdiq almış bir antiviraldır. Purin nükleik asid analoqu olub, virusun çoxalması zamanı virusun RNT-yə bağlı RNT polimerazanı inhibə etməklə təsir edir. İnfluenza virusundan başqa Arena, Bunya, Flavi və Filoviruslar üçün də effektli olduğu bildirilib. Başqa dərmanlarla istifadəsi zamanı dərmanların qarşılıqlığı baxımından diqqətli olmaq lazımdır.
Konvalesent plazma müalicəsi – bütün dünyada ağır xəstələrə tətbiq edilir. 18 yaşdan böyük və xəstəliyin ilk 14 günündə simptomların başlamasından 7-10 gün sonra istifadə edilməlidir. Sitokin fırtınasının ön plana çıxdığı simptomların başlamasından sonra və İgA çatışmazlığı olan xəstələrə immun plazma müalicə tətbiq edilməməlidir.
Tosilizumab–İL6 100pg/ml’dən yüksək olduğu zaman verilməsi, klinik simptomlarda və oksigen saturasiyasında yaxşılaşma, limfositlərin miqdarında və CRP səviyyəsində normallaşmanı təmin edir. Tosilizumab müalicəsi ilə ciddi bir əlavə təsir ya da ölüm bildirilməyib. Bu səbəbdən hiperinflamasyon əlamətləri olan xəstələrdə İL6, ferritin, trombosit və iltihabi göstəricilərnə görə istifadə edilməlidir.
Lopinavir250mg/Ritonavir50mg-hamilə qadınlarda və uşaqların müalicəsində istifadə olunur.
Kortikosteroidlər-iltihab əleyhinə təsirinə əsasən klinik vəziyyəti ağır olub oksigen ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunmalıdır. Yüngül simptomları olan və nəfəs almada çətinlik çəkməyən xəstələrdə istifadəsi məsləhət deyil.
Həkim vurğulayıb ki, COVID-19 xəstəliyinin müalicəsində edilən səhvlərdən biri ehtiyac olmadığı halda xəstələrə antibiotik istifadə olunmasıdır: “Bildiyimiz kimi COVID-19 virus infeksiyasıdır, müalicəsində antiviral dediyimiz dərmanlar istifadə olunmalıdır. Virusların müalicəsində antibiotiklərin heç bir təsiri yoxdur. Antibiotiklər tamamən bakteriyaları hədəf alan dərman qrupudur. Amma COVID-19 xəstələrində sonradan bakteriyal bir infeksiya ilə yoluxma olduğu zaman antibiotik əlavə olunmalıdır. Əks təqdirdə göstəriş olmadan antibiotik istifadəsi orqanizmdə başqa ağırlaşmalara səbəb ola bilər”.