Hiperaktiv uşaqlara 3 yaşından sonra diaqnoz qoyulur
Bakı, 9 fevral, AZƏRTAC
Övladının sağlam, şən və gümrah olması valideyn üçün ən vacib məsələlərdən biridir. Lakin qəbul etmək lazımdır ki, hər şeyin ifratı zərərli və təhlükəlidir. Diqqət əskikliyi və həddindən çox hərəkətlilik simptomları olan uşaqlar hiperaktiv adlanır. Bəzi uşaqlarda öz həmyaşıdları ilə yola getməmək kimi problemlər də meydana çıxır.
Hiperaktivlik hazırda valideynləri ən çox narahat edən problemlərdən biridir. Təəssüf ki, məsələ ilə bağlı məlumatsızlıqdan əksər valideynlər uşaqların sağlamlığı ilə bağlı yanlış qərarlar verirlər. Bəzən heparaktivlik uşaq şıltaqlığı kimi dəyərləndirilir və qarşısının alınması üçün vaxtında həkimə müraciət olunmur. Digər halda isə nisbətən aktiv olan uşaqlara diqqət əskikliyi diaqnozu qoyulur və yanlış olaraq dərmanlarla müalicə aparılır.
AZƏRTAC xəbər verir ki, həkim-nevropatoloq Aytən Məmmədbəyli deyib: “Uşaqlarda hiperaktivlik ananın hamiləlik zamanı keçirdiyi hər hansı bir xəstəlik zamanı və ananın pis vərdişləri olduğu halda, həmçinin körpələrdə mərkəzi sinir sisteminin orqanik zədələnməsi zamanı meydana çıxa bilər. Həmin uşaqlar adətən öz emosiyalarına nəzarət edə bilmirlər. Ancaq dəcəl uşaqların seçilmə kriteriyası var. Məsələn, onlar həkim otağında olanda öz hərəkət hüdudlarını bilirlər, yəni artıq-əskik hərəkət etmirlər və onların hərəkətlərində hiperaktivlikdən əsər-əlamət olmur. Onlar o halda, o yerdə belə hərəkətlərə yol verirlər ki, həmin yerdə buna imkan verirlər”.
Bəzi uşaqlarda həmin problem olsa da, bəzilərində son dərəcə hərəkətliliyin bir az yüksək formasıdır, çünki həmin uşaqların sadəcə enerjisi çox olur. Bir az çox oynayan uşaqlara hiperaktivlik diaqnozu qoymaq düzgün deyil. O, daim evdə olduğu üçün həmin enerjini sərf edə bilmir. Belə uşaqlar bağçaya, müəyyən məşqlərə və dərnəklərə yönləndirilir ki, öz enerjisini daha rahat sərf etsin.
Psixoloq Könül Cəfərova deyib: “Hiperaktiv uşaqlara 3 yaşından sonra diaqnoz qoyulur. Beyin disfunksiyası pozulmuş uşağa hiperaktiv deyilir. Bu, nevrotik proseslər müəyyən qədər artıq tənzimlənməyən hərəki və serebral davranışları artıq cəmiyyətdə də özünü formalaşdırmağa başlayır. O, dağıdıcı qüvvəyə malik olur, götürdüyü əşyanı dərk etmədən sındırmaq, atmaq kimi hərəkətlərlə məşğul olur. Əgər bir uşaq deyək ki, maşını sındırır, sonra onun içinə baxaraq sındırdığını dərk edirsə, bu, dəcəllik deməkdir. Əgər uşaq əlinə verilən əşyanı yerə çırpıb sındırır və onu tullayıb başqa bir əşyanı götürüb sındırırsa, bu, artıq hiperaktivlik sindromudur. Hiperaktiv sindrom nevrotik pozuntunun fonunda əmələ gəlir. Hiperaktiv uşaqlarla müalicəvi idman, mərhələli şəkildə psixoloji-pedaqoji iş aparıldıqdan 3-6 ay sonra disleksiya probleminin aradan qaldırldığının fərqinə varmaq mümkündür”.
Uşaqları əzizləmək, onlara gözəl sözlər demək çox vacibdir. Ən uyğun davranış forması isə onları hər zaman mükafatlandırmaqdır.