Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı”
İyunun 1-də və 2-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək.
Mərkəzdən Trend-ə verilən məlumata görə, uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə iyunun 1-də keçiriləcək tədbirdə Bakı və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edəcək.
Festival hər iki gün saat 16:00-dan 19:00-dək davam edəcək.
Tədbir çərçivəsində müxtəlif əyləncə proqramları təqdim olunacaq. Uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan attraksionlarda, buz meydançasında əylənə, rəsm, musiqi proqramlarında və digər əyləncə növlərində iştirak edə, müsabiqələrdə yarışa biləcəklər.
Mərkəzin parkındakı göldə ilk dəfə olaraq qayıq müsabiqəsi təşkil olunacaq, konsert proqramı təqdim ediləcək.
Uşaqlar sevimli nağıl personajları ilə görüşəcək, bayramlarını dostlarının əhatəsində, bir-birindən maraqlı sürpriz və hədiyyələrlə dolu şənlikdə keçirmək imkanı qazanacaqlar.
Əraziyə giriş və əyləncələrdən istifadə pulsuz olacaq.
Trend