Hazırda dünyada İİV-lə yaşayan 37.9 milyon insan var
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı (DST) və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birgə dəyirmi masa təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi milyonlarla İİV-li insanla həmrəyliyi nümayiş etdirmək, diskriminasiya və xəstəlik damğasına son qoymaq üçün bir fürsət olan Ümumdünya QİÇS-lə Mübarizə Gününü qeyd etməkdir. DST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı 1988-ci ildə təsis olunan bu günün məqsədinin İİV-ə qarşı mübarizə aparmaq, bu xəstəliyə yoluxmuş insanlara dəstək göstərmək və İİV səbəbi ilə vəfat edən xəstələrin xatirəsini yad etmək olduğunu deyib. H.Harmancı bildirib ki, 1984-cü ildən aşkar olunan virusdan indiyə qədər 35 milyon insan vəfat edib. Bu, xəstəliyin dünyanın ən böyük bəlalarından biri olduğunu göstərir.
“Həm dünyada, həm Azərbaycanda bu xəstəliyə yoluxma halları müxtəlifdir. QİÇS-ə hər kəs yoluxa bilər. Yoluxma hallarını aradan qaldırmaq və bu xəstəlikdən əziyyət çəkənlərə qarşı stiqmanın qarşısını almaq üçün maarifləndirmənin rolu böyükdür. Azərbaycanda bu sahədə görülən işlər təqdirəlayiqdir”, – deyə DST-nin Azərbaycandakı nümayəndəsi qeyd edib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova mərkəzin təsis olunmasından 30 il keçdiyini bildirib. O, bu illər ərzində müəssisənin genişləndiyini və xidmət səviyyəsinin yüksəldiyini qeyd edib: “Biz İİV-in üç yoluxma yolundan birini – anadan uşağa ötürülməsinin qarşısını ala bilmişik. Son 3-4 il ərzində İİV-lə yoluxmuş analardan doğulan uşaqların heç biri bu virusa yoluxmayıb. Ən əsası səylərimiz nəticəsində İİV-in yayılma göstəricisi demək olar ki, eyni səviyyədə qalıb.
Mərkəzin nümayəndəsi Natiq Zülfüqarov “Dünyada və Azərbaycanda İİV/QİÇS-lə əlaqədar epidemioloji vəziyyət və mübarizə proqramları” mövzusunda təqdimatla çıxış edib.
“DST-nin bu ilin iyununda dərc etdiyi məlumata əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37.9 milyon nəfər təşkil edir. Onlardan yalnız 24.5 milyonu antiretrovirus müalicə ilə əhatə olunub. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə İİV-lə yaşayan hamilələrin 82 faizi antiretrovirus müalicəyə cəlb olunub. Təqribən 8.1 milyon insan bu xəstəliyə yoluxduğu haqqında məlumatsızdır.
İİV/QİÇS problemi Azərbaycanda da aktual problem olaraq daima Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə yeni İİV-ə yoluxma faktı təsdiqlənib. Onlardan 563-ü Azərbaycan vətəndaşı, 29 nəfəri isə əcnəbidir. Virusa yoluxan Azərbaycan vətəndaşlarından 371-i kişi, 192-si qadındır. Dekabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69.4 faizi kişi, 30.6 faizi qadındır. QİÇS mərhələsinə keçənlərin və bu mərhələdə aşkarlananların ümumi sayı 149 nəfər olub. QİÇS mərhələsində olanlar 1765 nəfər təşkil edir. İİV infeksiyasından vəfat etmiş xəstələrin sayı 1045 nəfərdir”, – deyə N.Zülfüqarov təqdimat zamanı bildirib.
Onun sözlərinə görə ilin 11 ayının sonuna kimi mərkəz tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində qeydə alınıb.
N.Zülfüqarov bildirib ki, 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 761 nəfərə müalicə bu ilin 11 ayı ərzində tətbiq edilib.
O, həmçinin diqqətə çatdırıb: “Ötən ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində “Test and Treat” strategiyası tətbiq olunur. Strategiyaya əsasən İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən antiretrovirus dərmanları ilə təmin olunur. Ümumilikdə, dekabrın 1-dək İİV-lə yaşayan insanların 84.8 faizi antiretrovirus terapiya ilə təmin edilib.
“2016-2020-ci illər üçün İİV infeksiyası ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası üçün Səhiyyə Nazirliyinin Fəaliyyət Planının bütün istiqamətləri üzrə təşkilati tədbirlər davam etdirilib və genişləndirilib. Ölkə əhalisinin İİV statuslarından xəbərdar olması məqsədilə avqustda ölkədə “İİV müayinəsi ilə bağlı Milli həftəlik”, noyabrın 22-dən 29-na kimi isə “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” keçirilib. İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasına yönəldilmiş maarifləndirici məlumatlar dərc edilib. Əsas diqqət risk qrupları üzərində qalmaqda davam edir. İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədilə ölkə ərazisində 50 stasionar və 12 mobil könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq üçün qeyri-hökumət təşkilatları və əlaqəli beynəlxalq qurumlarla iş davam etdirilir”.
DST-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Cəvahir Süleymanova Avropada olduğu kimi, Azərbaycanda da İİV-ə yoluxma hallarının qadınlara nisbətən kişilər arasında daha çox müşahidə edildiyini qeyd edib. Onun sözlərinə görə Qərbdə QİÇS halları azalır, amma Şərqdə yoluxmada sabitləşmə qeydə alınır. Lakin İİV-in gecikmiş diaqnostikası problem olaraq qalır. C.Süleymanova 2020-ci il üçün nəzərdə tutulmuş hədəfə nail ola bilmədiklərini də diqqətə çatdırıb. O, hədəfə nail olmaq üçün birgə əməkdaşlığın vacibliyini qeyd edib.
Dəyirmi masa müzakirələrlə davam etdirilib.
Tədbirdə, həmçinin QİÇS-lə mübarizə mərkəzinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. Qalib və digər müsabiqə iştirakçılari təltif olunublar.