Hansı maskalar uşaqlarda problem yarada bilər?- Mütəxəssisdən XƏBƏRDARLIQ

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində uşaqlara da maska taxılır. Tibbi maskalarla yanaşı parça, şəkilli, naxışlı, üzərində müxtəlif cizgi filmlərinin qəhrəmanlarının əksi olan maskalara da rast gəlinir. Bir qədər əvvəl bəzi mütəxəssislər uşaqlarda maskaya maraq oyatmaq üçün belə maskalardan istifadə etməyi tövsiyə etmişdilər. Amma bu maskaların koronavirusa qarşı qoruyucu təsirə malik olmadığını, əksinə zərərlərinin olduğunu açıqlayan həkimlər də var. Onlar hesab edir ki, bu dövrdə xüsusilə kiçik yaşlı uşaqlara taxılan, üzərində müxtəlif rəsmlər çap olunmuş maskaları təhlükə yaradır.

e-tibb.az xəbər verir ki, Türkiyədən olan qulaq, burun və boğaz xəstəlikləri uzmanı, dosent  Muhammed Fatih Evcimik bununla bağlı valideynlərə xəbərdarlıq edib. Yerli mediaya açıqlama verən mütəxəssisin sözlərinə görə, boyanmış, üzərinə naxışlar, fotolar çap edilən, yapışdırılan və s. maskalar müəyyən standartlara uyğun olmadığı halda sağlamlıq üçün ciddi problemlər yarada bilər. Ailələr bu cür maskalardan mümkün qədər istifadə etməməlidirlər.

Həkim deyib ki, uşaqların diqqətini cəlb etmək, həmçinin yuyula bildiyi üçün daha çox istifadə olunan maskalar virusdan qorumaq əvəzinə bir çox xəstəliklərə yol açır. Beləliklə, ailələr uşaqları  virusdan qorumağa çalışarkən daha böyük xəstəliklərə səbəb ola bilərlər: “Maskalar tənəffüslə birbaşa təmasda olduğuna görə diqqətli olmaq lazımdır. Son zamanlarda xüsusilə kiçik yaşlı uşaqlarda rəngli, parça maskaları görürük. Cizgi filmi personajları uşaqların daha çox diqqətini cəlb etdiyi üçün bu maskalara üstünlük verirlər. Ancaq təəssüf ki, bu boyalı maskalar allergik uşaqlar üçün xüsusilə problemlidir, çünki birbaşa onunla nəfəs alırlar”.

Həkim bildirib ki, bu maskalar uşaqlarda nəfəs darlığına səbəb ola bilər. Xüsusilə allergiyası olan uşaqlarda burun qaşınır, asqırma olursa, bu kimi problemlər maska istifadəsi zamanı ortaya çıxırsa, maskalardakı kimyəvi maddələrin allergiyanı alovlandırdığını düşünmək olar.

Digər bir problem, istifadə olunan boya standartlara uyğun olmadığı təqdirdə maska üzərindəki boya hissəcikləri tənəffüs yollarından keçib digər problemlərə səbəb olur. İstifadə edilən material və boyanın tərkibi kimyəvi deyilsə, problem olmur. Ancaq ümumiyyətlə, ailələr onlardan dəfələrlə istifadə edirlər. Bu da həmin boya hissəciklərinin tənəffüs yollarına daxil olmasına səbəb olur. Boyanın kanserogen təsiri varsa, daha ciddi problemlərə səbəb ola bilər. Ailələr bu maskalardan mümkün qədər istifadə etməməlidirlər. Bu cür parça maskalarından mümkün qədər çəkinərək tibbi, cərrahi maskalardan istifadə etmək lazımdir”.

O, evdən  bayıra çıxanda və ya qaıpalı yerlərdə mümkün qədər tibbi, cərrahi maskalar taxmağı, onları da 3 saatdan artıq olmadan istifadə etməyi tövsiyə edib.