Göyöskürək xəstəliyi barədə qısa məlumat
Göyöskürək xəstəliyi (Whooping cough – pertussis) barədə qısa məlumat
Göyöskürək – ağciyərlər və tənəffüs yollarında rast gəlinən yüksək yoluxdurmaq qabiliyyətinə malik olan bakterial infeksion xəstəlikdir.
Klassik göyöskürək peyvəndlənməmiş 1-10 yaş uşaqlar arasında çox müşahidə edilir. Müddət olaraq 6-12 həftə bəzən daha uzun müddət davam edə bilir. Bir qayda olaraq uşaqlarda boğulma səsinə oxşayan nəfəs almaqdan sonra şiddətli öskürək tutmaları kimi özünü göstərir.
Göyöskürək – peyvəndlənmə aparılmamışdan əvvəl uşaqlar arasında çox geniş yayılmışdır. İndiki dövrdə peyvəndlənmə tam olaraq aparılmamış insanlarda daha çox müşahidə edilir. Göyöskürək hava damcı yolu ilə (öskürək və ya asqırma damlaları) yayılır. Əsas klinik əlaməti öskürək və tənəffüs çatışmazlığıdır. Xəstəliyin ilkin dövründə müalicəsi antibiotik ilə mümkündür. Xəstəliyin sonrakı dövrlərində isə bir qayda olaraq antibiotiklər təsir etmir və sadəcə əlamətləri yüngülləşdirmək üçün simptomatik müalicə aparılır.
Göyöskürək yuxarı tənəffüs yollarının kəskin yoluxucu xəstəlik olub, əlamətləri “bortadellapertusis” bakteriyaların bədəndə yayılması ilə ortaya çıxır. Müalicədə gecikmələr olarsa orqanlarda qalıcı zədə və qüsurlara səbəb ola bilər. 2-3 ay, bəzən daha uzun müddət davam edən öskürək tutmaları şəklində özünü büruzə verir. Uşağın yaşı nə qədər azdırsa daha ağır müşahidə edilir. Xəstəlik yuxarı tənəffüs yollarının xəstəlikləri kimi – burun axıntısı, asqırma, gözlərdə sulanma və qızarıqlıq əlamətləri ilə başlayır. Xəstənin hərarət əsasən normal olur, lakin bəzən yüngül qızdırma əlamətləri də ola bilər. Nonspesifik əlamətlər ilə gedən bu dövr 1-2 həftə davam edir. Kataral dövrün sonunda öskürək tutmaları başlayır. Başlanğıcda rahat olan xəstədə soyuq hava, çoxlu fiziki hərəkət, həyəcan və sair kimi qıcıqlandırıcı amillərin təsiri ilə öskürək tutmaları başlayır. Öskürək tutmaları vaxtı xəstə qızarır, göyərir və boğulma hissi üz ifadəsindən bəlli olur. Tutma sonunda xəstə qatı, yapışqan, selik şəklində bəlğəm xaric edib rahatlayır.
Öskürək tutma arası dövrdə xəstənin ümumi vəziyyəti yaxşı olur. Tutmaların tezliyi və ağırlığı tədricən artır, xəstəliyin zirvə dövründə tezliyi hər saatda bir dəfə müşahidə edilə bilər. Daha sonra tədricən tutmaların sayı və tezliyi azalır və sağalma dövrünə keçirilir. Bu dövr həftələrlə davam edə bilər. 1 yaşdan aşağı uşaqlarda isə sağalma dövründə belə öskürək tutmalar müşahidə edilə bilər. Göyöskürək xəstəliyindən sonra keçirilən tənəffüs yolu infeksiyaları bu tutmaları təkrarlaya bilər. Peyvəndlənmiş uşaqlarda bu dövr qısa müddət davam edir və tutmaların ağırlığı azdır.
Göyöskürək xəstəliyinə necə yoluxulur?
Göyöskürək – həddindən artıq yoluxucu xəstəlikdir. Öskürdükdə və ya asqırdıqda mikrob kiçik damlacıqlar vasitəsi ilə havaya yayılır. Xəstə ilə yaxın təmas ilə də yoluxmaya səbəb ola bilər.
Göyöskürək xəstəliyinin əsas əlamətləri hansılardır?
Göyöskürək xəstəliyinin ilkin əlamətləri: burun axıntısı, gözlərdə qızarıqlıq və axıntı, boğaz ağrısı və bədən temperaturunda yüngül qızdırma ilə müşahidə edilən soyuqdəymə şikayətləri ilə özünü büruzə verir. 1 həftə sonra isə ağır öskürək tutmaları başlayır. Sonrakı mərhələdə isə aşağıdakı əlamətlər müşahidə edilə bilər:
- Öskürək tutmaları: əsasən qəfil başlayır və bir neçə dəqiqə dayanmadan davam edir. Tutmalar daha çox gecə vaxtlarında müşahidə edilir. Öskürək əsasən qatı bəlğəmlə bərabər müşahidə edilir və öskürəyin ardınca qusma müşahidə edilir;
- Tənəffüs çatışmazlığı. Öskürək tutmaları arasında tənəffüs çatışmazlığı müşahidə edilir;
- Tənəffüs vaxtı tipik səsin olması. Göyöskürək zamanı öskürək tutmalarında oksigen çatışmazlığını bərpa etmək üçün nəfəs almağa çalışılır və bu da şiddətli bir səsə səbəb olur;
- Dodaq və dırnaqlarda göyərmə;
- Tənəffüs dayanması. Çox kiçik uşaqlarda öskürək çox bəlli olmaya bilər.Ancaq qısa müddət və apnoe (tənəffüsün müvəqqəti kəsilməsi) olaraq bilinən tənəffüs dayanması periodları kimi müşahidə oluna bilinir. Bu çox təhlükəli vəziyyətdir. 1 yaşdan aşağı uşaqlar buna görə xəstəxanada müalicə almalı olurlar;
- Üzdə qızarıqlıq. Öskürəyin etdiyi təzyiqə görə üzdə qızarıqlıq yarana bilər. Xüsusən də dəri altında ya da gözlərdə yüngül qanama müşahidə edilə bilər;
- Halsızlıq və yorğunluq;
- Öskürək tutmaları qusmaya səbəb ola bilər;
- İshal. Bəzi xəstələrdə əlamətlər arasında ishal da müşahidə edilə bilər.
Göyöskürəyin tam sağalması tədricən baş verir. Vaxt keçdikcə öskürək yüngülləşir və tezliyi azalır.
Körpələrdə göyöskürək xəstəliyi
Xüsusən körpələr (6 aydan aşağı olanlar) və kiçik yaşlı uşaqlarda ağırlaşma verən 2-3 ay arası bəzən daha uzun müddət öskürək tutmaları müşahidə edilir. 18 aydan aşağı olan uşaqlarda tənəffüs dayanmasına səbəb ola biləcəyinə görə daha yaxından müşahidə edilməlidir. 3 aylıqdan aşağı olan körpələrdə əsasən kataral dövr bir neçə gün davam edə bilər. Xəstəlik anidən apnoe (tənəffüsün müvəqqəti kəsilməsi), sianoz (göyərmə) və tutma ilə başlayır. Xarakterik reprizlər müşahidə edilməz. Öskürək əsas simptom deyildir. 6 aydan aşağı uşaqlar arasında ölüm, ağırlaşma və xəstəxanada saxlanma səviyyəsi yüksəkdir. Körpələrdə göyöskürək zamanı aşağıdakı ağırlaşmalarmüşahidə oluna bilər:
- Bədən funksiyalarını poza biləcək çoxlu maye itkisi;
- Tənəffüs çatışmazlığı;
- Çəki itkisi;
- Pnevmoniya;
- Epileptik tutmalar;
- Böyrək problemləri;
- Beyin zədələnmələri.
Körpələrə nisbətən böyük uşaqlarda və böyüklərdə ağırlaşmalar az olsa da burun qanaması, qabırğalarda zədə və ya yırtıq kimi təkrarlayan şiddətli öskürək tutmaları ola bilər.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Uzun müddət davam edən öskürək tutmaları aşağıdakı şikayətlərə səbəb olursa dərhal həkimə müraciət etmək lazımdır:
- Qusma;
- Üz və dodaqların qırmızı və ya mavi rəngə keçməsi;
- Nəfəs almaqda çətinlik çəkmə;
- Tənəffüs vaxtı gözlə görülən durmaların olması;
- Boğulmuş səslə nəfəs alma.
Göyöskürək xəstəliyinin ağırlaşmaları
Göyöskürəyin ağırlaşmaları əsasən şiddətli tutmalar dövründə ortalığa çıxır. Ən çox rast gəlinən ağırlaşmalara apnoe (tənəffüsün müvəqqəti kəsilməsi), ikincili infeksiyalaşma (otit, pnevmoniya) aiddir. Xəstəxanada saxlanılan xəstələrdə ən çox müşahidə olunan ağırlaşma pnevmoniyadır. Öskürək tutmaları dövründə gözdə (konyuktivada və sklerada) qanama ocaqları, gövdənin üst qismində nöqtəvari qansızma, pnevmotoraks, dəri altı emfizema inkişaf edə bilər. Bəzən hətta malnutrisya olan uşaqlarda (zəruri qida maddələri qəbul etməyən pis qidalanan uşaqlar) da düz bağırsaq sallanması da inkişaf edə bilər.
Göyöskürək xəstəliyinin müalicəsi necə aparılır?
Erkən dövrdə diaqnoz qoyulduqda və antibiotik müalicəyə başlandıqda öskürək tutmaları və digər əlamətlər daha az müşahidə edilir. Erkən müalicə ilə xəstənin başqa insanları yoluxdurma qabiliyyəti də azalır. İlk 3 həftədə antibiotik müalicəsi xəstəliyi nəzarətdə saxlamaq üçün effektiv sayıla bilər. Amma, bir çox hallarda diaqnoz gec qoyulduğu üçün antibiotik müalicə fayda vermir.Xəstəlik əlamətləri 3 həftədən daha uzun müddət davam edirsə onda xəstələrə dəstək müalicə aparılmalıdır. İstirahət, bol maye qəbulu və yüksək temperatur zamanı qızdırmasalıcı verilir. Öskürək əleyhinə preparatların verilməsi faydalı deyildir. Bu dərmanların ağır yan təsirləri ola bilər və buna görə kiçik yaşlı uşaqlara istifadəsi məsləhət görülmür.
Göyöskürəkdən qorunmaq üçün nə edilməlidir?
Profilaktik olaraq peyvəndlənmə aparılmalıdır. Göyöskürəklə təmas edən şəxs aşağıdakı risk qrupuna aiddirsə həkimə müraciət edərək antibiotik istifadəsinə başlamaq məsləhət görülür:
- Hamilələr;
- Tibb işçiləri;
- 12 aydan kiçik körpələr;
- İmmun sistem çatışmazlığı olanlar;
- Astma kimi tənəffüs problemi olan xəstələr;
- Göyöskürəyə tutulmuş xəstə ilə eyni evdə yaşayanlar.
Göyöskürək peyvəndi
Xüsusilə ilk 1-ci həftədə evdə kontakda olan şəxslərin yoluxma ehtimalı 90%-dir. Peyvəndlənmiş və ya əlamətlərin olmamasına, yaxın təmas olan insanlara profilaktik olaraq antibiotik (makrolid) verilir. Körpələr və uşaqları göyöskürəkdən qorumaq üçün ən yaxşı üsul peyvəndləmədir. Peyvəndlənmə cədvəlinə uyğun olaraq göyöskürəyə qarşı peyvəndlənmə uşağın 2, 3, 4 cü və 18-ci aylarda edilir.
Nərmin Əzizova, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi