Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilib

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar Həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən konfransda institutun professor-müəllim heyəti, həkim-müdavimlər və rezidentlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə institutunun rektoru, professor Nazim Qasımov açıb. Rektor qeyd edib ki, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Əliyev Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhər səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən bilik və bacarığını, istedad və enerjisini səhiyyənin güclənməsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə və elmin inkişafına yönəldib. O, 1959-cu ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik edib və ömrünün sonuna qədər həmin vəzifədə işləyib. Qeyd olunub ki, institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə yeni-yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı yaxşılaşdırılıb, kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanıb, tibb sahəsində yüksək kateqoriyalı alimlər yetişdirilib. Tibb müəssisələrində çalışan həkimləri ixtisasartırma kurslarına cəlb olunub, həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edilib. Təhsil müəssisələri respublikamızda əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrilib.

Professorun elmi fəaliyyətindən danışarkən rektor bildirib ki, Əziz Əliyevin 87 elmi əsərinin 70-i təbabətin ayrı-ayrı sahələrinə,17-si isə tarixi və siyasi problemlərə həsr olunub. O, bu sahədəki fəaliyyətinə görə SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb. 1962-ci il sentyabrın 27-dən institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmmədkərim oğlu Əliyevin adı verilib.

Rektor bildirib ki, Ə.Əliyevin əsasını qoyduğu ənənələr bu gün də davam etdirilir. İnstitutda elmi-pedaqoji və müalicə ilə məşğul olan kadrların yetişdirilməsi daim diqqət mərkəzindədir və bu sahədə uğurlar ilbəil artır.

Sonra konfransda institutun gənc alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışlar dinlənilib. Məruzələrlə terapiya, onkologiya, mamalıq və ginekologiya, oftalmologiya, otorinolarinqologiya, nefrologiya, anesteziologiya və reanimatologiya kafedralarından dosent Gülüstan Sadıqova, Ruslan Məmmədov, Fidan Babaşova, Gülşən Mehdiyeva, Pərviz Aslanov, Gülər Gəncəliyeva və Fərhan Haqverdiyev çıxış ediblər.