Fevralın 9-u Beynəlxalq Stomatoloq Günüdür
Hər il fevralın 9-u dünyada diş həkimləri və stomatoloqların bayramı-Beynəlxalq Stomatoloq Günü qeyd edilir. Həmin günün qeyd olunması ənənəsi dünyada ildən-ilə daha geniş yayılır.
AZƏRTAC xəbər verir ki, müqəddəs Apolloniya Günündə stomatoloq və diş həkimlərinin peşə bayramını qeyd edilməsinin əsaslı səbəbləri var. Həmin gün katolik kilsəsinin şəhidi Apolloniya xatırlanır. İsaya inam gətirən İskəndəriyyə məmurunun qızı Apolloniyanın xristianlıqdan dönməsi üçün ona dəhşətli işgəncələr verilib. İşgəncələrin xarakterinə görə müqəddəs Apolloniyanın atributları dişlər və ya kəlbətin olub, bütün işgəncələrə davam gətirən qadını tonqalda yandırmaqla hədələyəndə o özü alovun içinə addımlayıb. Həmin hadisə 249-cu il fevralın 9-da baş verib.
ABŞ və Fransa alimləri tədqiqatlar zamanı qədim “stomatoloqların” hələ 9 min il əvvəl ilk bormaşının prototipindən istifadə etdiklərini üzə çıxarıblar. Pakistanın Belucistan əyalətində tapılan bizim eradan əvvəl VI-IV əsrlərdə yaşamış insan qalıqlarını tədqiq edərkən onların bəzi dişlərində 1-3 millimetr diametrdə və 3,5 millimetrə qədər dərinlikdə deşiklər aşkar edilib. Həmin fakt stomatologiyanın qədimliyinin sübutudur və maraqlıdır ki, açılan deşiklərdən biri çənənin iç tərəfindən olub.
Azərbaycanda diş həkimlərinin ilk təşkilatı 1871-ci ildə Bakıda yaradılıb. 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibbi fakültədə tələbələr diş xəstəliklərini öyrənməyə başlayıblar. 1977- ci ildə uşaq stomatologiyası kafedrası açılıb. 2002-ci ildən Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası fəaliyyət göstərir.
Hazırda ölkəmizdə mövcud olan 875 özəl tibb müəssisəsinin 430-u stomatoloji fəaliyyətlə məşğul olur.