Dərmanların ölkəmizə gətirilməsi qaydaları sadələşəcək

Bakı, 26 sentyabr, Xəyalə Məmmədova, AZƏRTAC

Sentyabrın 26-da Nazirlər Kabinetində dərman vasitələrinin qeydiyyata alınması, ölkəyə gətirilməsi və gömrük məntəqələrində rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məsələləri ilə bağlı iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar.

İclasda Əli Əhmədov bildirib ki, Azərbaycanın dərman bazarının bol çeşidli preparatlarla zənginləşməsi, ölkə vətəndaşlarının keyfiyyətli dərmanlarla təmin olunması, dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlar bir sıra yeni təkliflərlə çıxış ediblər. “Ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir”, – deyən Baş nazirin müavini bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb. Əli Əhmədov Azərbaycanda hər növdən olan dərman vasitələrinin əlçatanlığının səhiyyəmizin inkişafına təkan verəcəyini qeyd edib. “Hesab edirəm ki, dərman bazarında əlçatanlıq təmin olunmalıdır. Digər tərəfdən, dərman preparatlarının idxalı əsasən Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi dərmanlara istinad edilməsi meyarlarına əsaslanmalı, bütün idxal proseduru ciddi şəkildə sadələşdirilməlidir. Bunun üçün də Dövlət Gömrük Komitəsi dünya təcrübəsinə əsaslanaraq yeni təkliflərlə çıxış etməlidir. Eyni zamanda, dərmanların keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən gücləndirilməlidir. Lazım gəlsə, normativ hüquqi aktlarda dəyişiklik edilə bilər. Əminəm ki, bu təkliflərin əsasında qanunvericilikdə edilən dəyişikliklər vətəndaşlarımızın həm rahatlığına, həm də sağlamlıqlarının qorunmasına xidmət edəcək”, – deyə Əli Əhmədov vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, səhiyyə naziri Oqtay Şirəliyev və digər aidiyyəti qurumların rəhbərləri bu sahədə dünya təcrübəsindən yararlanaraq tez bir zamanda yeni təkliflərlə çıxış edəcəklərini bildiriblər.

İclasda dərman vasitələrinin qeydiyyata alınması, ölkəyə gətirilməsi və gömrük məntəqələrində rəsmiləşdirilməsi qaydalarının qısa vaxt ərzində əsaslı şəkildə sadələşdirilməsi barədə tapşırıq verilib.