Dəri tamlığının pozulması ilə əlaqədar çirklənmiş yaraların tetanusa çevrilmək riski var

Bakı, 6 iyul, AZƏRTAC

Dəri orqanizmin qoruyucu təbəqəsidir və bu təbəqə zədələndiyi zaman mikroblar asanlıqla orqanizmə daxil olur. Ona görə də vaxt itirmədən yaranı dezinfeksiya etmək lazımdır, çünki müdaxilə etmədikdə tetanus xəstəliyinə aparıb çıxara bilər.

Tetanus ağır infeksion xəstəlikdir və həmin bakteriya qum, torpaq və çirkli sudan keçir. Xəstəlik özünü qıcolmalarla büruzə verir. Əsas əlamətləri isə yüksək temperatur, oynaq ağrıları, ürəkbulanma, qızartı və şişkinlikdir.

AZƏRTAC xəbər verir ki, həkim-pediatr Günay Rəsulova deyib: “Uşaqları çirklənmiş yaralardan, yəni dəri tamlığının pozulması ilə bağlı torpaq və kirlənmiş yaralardan tetanus adlanan infeksiyaya yoluxma riski var ki, həmin infeksiyanı çox vaxt valideynlər paslı mismar batarkən yoluxan infeksiya hesab edirlər. Lakin qeyd etmək lazımdır ki, valideynlər çirklənmiş bütün yaralardan həmin infeksiyanın keçə biləcəyini nəzərə alaraq uşaqları peyvənd etdirməlidirlər. Ona görə tetanusa qarşı ən azı üç doza peyvənd olunmayan uşaqlar hər zaman həmin infeksiya qarşısında yüksək risk qrupuna malikdirlər”.

Peyvənd olunmayan uşaq zədələnibsə, dərhal ona tetanus əleyhinə xüsusi zərdab və yaxud anatoksin vurulmalıdır.