Dünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsidir
Bakı, 12 noyabr, AZƏRTAC
Hər il noyabr ayında Dünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçirilir. Məqsəd mikrob əleyhinə preparatlara davamlılıq problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaq və antibiotiklərə davamlılığın daha çox inkişaf etməsinə və yayılmasına yol verməmək üçün bu sahədə qabaqcıl təcrübəni ictimaiyyət, səhiyyə işçiləri və bu istiqamətdə siyasətin işlənib hazırlanmasına cavabdeh olan şəxslər arasında təbliğ etməkdir.
AZƏRTAC Dünya Səhiyyə Təşkilatının (DST) informasiya portalına istinadla xəbər verir ki, antibiotiklərin kəşfindən sonra bu dərman vasitələri müasir təbabətin əsasını təşkil edib. Bununla belə, antibiotiklərdən qeyri-rasional və yanlış istifadə olunması insan və heyvan sağlamlığı praktikasında mikrob əleyhinə preparatlara davamlılığın yaranmasına və yayılmasına şərait yaradır. Mikrob əleyhinə preparatlara davamlılıq mikroorqanizmlər, məsələn, bakteriyalar onların müalicəsində istifadə olunan dərman vasitələrinin təsirini hiss etməyəndə yaranır.
Noyabrın 12-də Bakıda Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində “Bir Sağlamlıq” yanaşması mövzusunda “dəyirmi masa” keçirilib.
Antibiotiklər qlobal sağlamlıq üçün artmaqda olan ciddi təhlükədir və onunla əlaqədar tədbirlərin görülməsi zəruri hala çevrilib. Bir çox bakteriyalara davamlı yoluxmanın nəticəsində hər il dünyada 70 min, Avropada isə 33 min nəfər həyatını itirir.
AZƏRTAC xəbər verir ki, bu problemlər “dəyirmi masa”da geniş müzakirə olunub.
Tədbiri Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı ofisinin rəhbəri xanım Fatoş Hande Harmancı açaraq antibiotiklərin sağlamlıqdakı rolundan və ondan düzgün istifadə barədə məlumat verib.
DST-nin Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova qeyd edib ki, insan, heyvan və ətraf mühit bir-biri ilə sıx əlaqədədir və antibiotiklərin zərərli təsirinə qarşı bu üç amilin birgə mübarizəsi tələb olunur. Onun verdiyi məlumata görə xəstəliklərin 60 faizi mənşəyini heyvanlardan götürür. Məhz bu səbəbdən həkimlər, baytarlar, həmçinin ictimaiyyət nümayəndələri öz səylərini birləşdirilməlidir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və Səhiyyə Nazirliyinin nümayəndəsi Nəzifə Mürsəlova “Antibiotik həftəsi” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd olunub ki, dünyanın 42 ölkəsində heyvanlarda istifadə edilən antibiotiklərin statistikası aparılır. Bu statistik göstəricilərə əsasən hər il təxminən 60 min ton antibiotikdən istifadə edilir.
Qida Təhlükəsizliyi Agentliyinin baş məsləhətçisi Mehriban Vəliyeva bu sahədə aparılan işlər, Azərbaycan Tibb Universitetinin təhsil keyfiyyəti və innovasiyalar şöbəsinin rəhbəri, professor Akif Qurbanov isə infeksion xəstəliklər zamanı mikrob və viruslara qarşı mübarizədə antibiotiklərdən istifadə edilməsi qaydaları haqqında məlumat veriblər.
Tədbirdə bildirilib ki, Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsinin əsas hədəfi insan, heyvan və ətraf mühit sağlamlığının “Bir sağlamlıq” yanaşmasında birləşməsidir. Dünyada bu problemin həllində uğur qazanmaq üçün “Bir sağlamlıq” yanaşması yeganə yoldur.
AZƏRTAC-0-UG