Bu gün Ümumdünya Anesteziya Günüdür
Bakı, 16 oktyabr, AZƏRTAC
Hər il oktyabrın 16-da bir çox ölkələrdə Ümumdünya Anesteziya Günü kimi qeyd olunur. Bu gün ənənəvi olaraq anestezioloq-reanimatoloqlar və təbabətin həmin sahəsinin bütün mütəxəssisləri tərəfindən peşə bayramı kimi qəbul edilir.
AZƏRTAC xəbər verir ki, təbabətin bu sahəsinin tarixi 19-cu əsrin ortalarından başlayıb. Belə ki, 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi Tomas Morton efir anesteziyası altında əməliyyat keçirib. O, anesteziyaedici olaraq dietil efir inhalyasiyasından istifadə edərək uğurlu əməliyyat aparıb. Buna görə də həmin tarix Ümumdünya Anesteziya Günü kimi qeyd olunur.
Anesteziya sinir həssaslığının itirilməsidir. Süni anesteziya cərrahi əməliyyatlar zamanı, diş müalicəsində, zədələnmələrdə və s., eləcə də təbabətin digər sahələrində ağrıları aradan qaldırmaq üçün istifadə olunur.
Təbii ki, ağrıkəsicilər dünyada qədim zamanlardan mövcuddur. Məsələn, bir çox hindu tayfaları həssaslığı azaltmaq üçün müxtəlif bitkilərin şirəsindən istifadə edirdilər. “Anesteziya” terminini ilk dəfə qədim yunan həkimi və filosofu Dioskorid istifadə edib. O, eramızdan əvvəl I əsrdə imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayıb və onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparıb.
Cəmiyyətin inkişafı ilə yanaşı, tibb sahəsində, o cümlədən anesteziologiya sahəsində biliklər təkmilləşdi. Bu, son nəticədə onun ayrı bir tibb sahəsinə çevrilməsinə səbəb oldu. Hazırda anesteziologiya tək cərrahiyyəni deyil, həm də psixiatriya, narkologiya və digər sahələri müşayiət edir. Bundan əlavə, müasir tibb ümumi, yerli və onurğa anesteziyasını fərqləndirir.