Boy problemi olan uşaqlara pulsuz dərman veriləcək
Bugünlərdə uşaqların boy probleminin aradan qaldırılması ilə bağlı bir Dövlət Proqramının həyata keçirilməsinə start veriləcək. Hazırda bu istiqamətdə müvafiq qurumlarda lazımi işlər həyata keçirilir.
e-tibb.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidməti məlumat açıqlayıb.
ATU-nun Tədris Terapevtik Klinikasının Uşaq pulmonolgiya, allerqologiya və endokrinologiya şöbəsinin müdiri Gündüz Əhmədov bildirib ki, onun rəhbərlik etdiyi şöbəyə boy problemi ilə bağlı çoxsaylı müraciətlər olur: “Bu tipli xəstələrin müalicəsi bahalı müalicələrdən hesab olunur.
Səhiyyə Nazirliyi uşaqlara kömək məqsədilə bir sıra proqramlar həyata keçirir. Belə proqramlardan biri də uşaqlarda boy probleminin aradan qaldırılması ilə bağlıdır. Bir sıra ölkələrdə boy çatışmazlığı problemini aradan qaldırmaq məqsədilə “Norditropin” dərman preparatından istifadə olunur. Proqram çərçivəsində adıçəkilən preparat ölkəmizdə uşaqlara ödənişsiz veriləcək və bunun dəyəri dövlətimiz tərəfindən qarşılanacaqdır”.
G.Əhmədov “Norditropin” preparatının yalnız Tədris Terapevtik Klinikada xəstəliyi təsdiqlənən və Respublika Endokrinoloji Mərkəzində qeydiyyata götürülən uşaqlara veriləcəyini bildirib: “Adıçəkilən preparatın birinin qiyməti haradasa 250 manatdır. Xəstəliyin dərəcəsinə uyğun bir uşağa bu preparatdan 2-4 ədəd arası təyin olunur. Bu da haradasa 500-1000 manata başa gəlir. İllərlə bu müalicə davam etdikdə bir uşağa 10 min manat civarında vəsait sərf olunur. Xəstələrin əksəriyyətinin bunu almağa imkanları olmadığından, proqramın həyata keçirilməsinin valideynlərə böyük dəstək olacağı şəksizdir”.
G.Əhmədov iyunun 22-də uşaqlarda boy çatışmazlığı problemi ilə bağlı Gəncə və Gəncə ətrafında fəaliyyət göstərən endokrinoloqların iştirakı ilə regional tədbirin keçirildiyini də qeyd edib. Bildirib ki, endokrinoloqlar xəstələrin vəziyyəti və digər məsələlərlə bağlı hərtərəfli təlimatlandırılıblar.
Hazırda Respublika Mərkəzində 200-ə yaxın uşağın qeydiyyatda olduğunu bildirən şöbə müdiri, onların sayının ölkə üzrə haradasa 400-500-ə yaxın olduğunu da diqqətə çatdırıb və xəstələrin aşkarlanması istiqamətində lazımi tədbirlərin görüldüyünü bildirib.