Baş pediatr: Peyvəndlər vaxtında vurulmazsa, uşaqlar arasında digər yoluxucu xəstəliklər yayıla bilər

Bakı, 9 iyul, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyası dönəmində uşaqların Milli Peyvənd Təqviminə əsasən peyvəndlənməsi zəifləyib.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov nazirliyin rəsmi instaqram səhifəsində “Uşaqların vaksinasiyası” mövzusundakı çıxışı zamanı bildirib.

Baş pediatr bildirib ki, vətəndaşlar koronavirusa yoluxmaqdan qorxduqları üçün tibb müəssisələrinə getmirlər: “Bu dönəmdə xəstəliyi olan uşaqların peyvənd olunmasına daha az rast gəlinir. Demək olar ki, yalnız sağlam uşaqlar peyvənd olunurlar. Lakin valideynlər bilməlidir ki, əgər peyvəndlər vaxtında vurulmazsa, uşaqlar arasında koronavirusdan daha təhlükəli hesab edilən göyöskürək, qızılca, tetanus və digər xəstəliklərin yayılma ehtimalı arta bilər”.

Erkin Rəhimov peyvəndlərin istehsalı məsələsinə də toxunub: “Vaksinlərin istehsal prosedurları təkmilləşib və zərərlər minimuma endirilib. Bir çox dövlətlərdə peyvəndlənmə məcburidir. Yəni, valideynlər övladlarını vaksinasiyadan keçirmədən onları bağçaya və yaxud da məktəbə göndərə bilməzlər. Valideynlər maariflənməlidirlər. Uşaqları vaxtında peyvənd etdirmək lazımdır ki, sadə xəstəliklərdən dünyasını dəyişməsinlər”.

Baş pediatr əlavə edib ki, peyvənd vurulan yerdə qızartı və səpkinin əmələ gəlməsi normaldır: “Lakin bəzən iynə yerində yaranan irinləmə bir müddət davam edir. Bədən temperaturu isə 38.5 dərəcəyə qədər qalxır. Ümumiyyətlə vaksin vurulandan sonra uşaqda qıcolma, huşun itməsi və süstlük hiss edirsinizsə, mütləq həkimə müraciət etmək lazımdır. Bunlar çox nadir müşahidə olunan yan təsirlərdir”.