Bakıda nəfəs borusunda qələm başlığı qalan uşaq xilas edilib

Nəfəs borusunda qələm başlığı qalan və boğulmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas olunub.

Bu barədə Mərkəzi Klinikasının uşaq cərrahiyyəsi və urologiyası uzmanı Fuad Hüseynov məlumat açıqlayıb.

Həkim qeyd edib ki, yaş yarımlıq uşaq evdə oynayarkən anidən boğulmağa, qaralmağa başlayıb. Ailəsi təcili ən yaxınlıqdakı xəstəxanaya çatdırıb, müdaxilə edə biləcək mütəxəssisləri olmadığı üçün yardım göstərə bilməyiblər.

Daha bir neçə xəstəxanaya müraciət etsələr də uşağa köməklik etmək mümkün olmayıb. Son anda çox ağır vəziyyətdə təcili yardımla Mərkəzi Klinikaya gətirilib: “Bizim klinikaya gələndə artıq ciddi təngnəfəslik, boğulma, hətta göz ətraflarında qansızma mövcud idi. Uşaq təcili olaraq birbaşa əməliyyatxanaya götürüldü və bu vəziyyətdə olma səbəbi bəlli oldu. Nəfəs borusunda qələmin baş hissəsinin qaldığı məlum oldu. Bronxoskopiya – yəni işıqlı alətlə nəfəs borusuna girib yad cismi çıxardıq”.

Uşaq evə yazılıb. Mütəxəssis “Bu uşağı xilas etmək mümkün oldu, amma hər uşaq bu qədər şanslı olmaya bilər”, deyə valideynləri diqqətli olmağa çağırıb.

e-tibb.az