Bakıda ana öz uşaqlarına işgəncə verib - Komitə faktı araşdırır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda 3 uşaqlı ailədə valideynlərin övladlarına işgəncə verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Komitənin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev AzVision.az-a bildirib ki, faktla bağlı Xətai rayon icra hakimiyyətinin komissiyası iş aparır, məsələ araşdırılır.

“Hazırda komissiya ilə birgə iş aparırıq. Ailənin sosial vəziyyəti araşdırılır. Komissiya araşdırma apardıqdan sonra bizə məlumat veriləcək. Bundan sonra uşaqların taleyi ilə bağlı qərar qəbul olunacaq”.

Qeyd edək ki, Bakıda 3 uşaqlı ailədə valideynlərin övladlarına işgəncələr verməsi ilə bağlı məlumat yayılıb. Xədicə Mahirova adlı şəxs hadisə ilə bağlı yazıb: “Bacım işdən gələrkən, balaca bir oğlanın ağladığını görüb, səbəbini öyrənmək üçün küçədəki adamlardan maraqlanıb. Qonşular deyib ki, uşağın anası hər gün onu və iki bacısını evdə qoyub harasa gedir. Uşaqlara baxmır, yemək belə vermir, çimizdirmir, artıq uşaqların başlarında bit var. Gedib evə baxanda gördük ki, qapını iplə bağlayıb, peçi söndürüb, uşaqları yeməksiz qoyub gediblər”.

Aytən Zəhra
AzVision.az