Azərbaycanda donuz qripi xəstəliyi yoxdur
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ölkəmizdəki epidemioloji vəziyyətə həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ölkədəki epidemioloji vəziyyətdən danışıb. Baş epidemioloq, həmçinin deyib: “Son zamanlar bəzi kütləvi informasiya vasitələrində (KİV) Azərbaycanın müxtəlif bölgələrində donuz qripinin olması barədə məlumatlar yayılıb. Həmin məlumatlar həqiqəti əks etdirmir. Ölkə ərazisində mövsümlə əlaqədar qrip xəstəliyinin müşahidə edilməsi normaldır. Əgər donuz qripi qeydə alınarsa, həmin xəstəliklə mübarizə aparmaq iqtidarındayıq. Bununla yanaşı, ölkəyə donuz qripinə qarşı vaksin gətirildiyi ilə də bağlı məlumatlara rast gəlinir. Donuz qripinə qarşı vaksin mövcud deyil”.
İ.Ağayev KİV nümayəndələrini dəqiqləşdirilməmiş məlumatları yaymamağa və əhali arasında təşviş yaratmamağa çağırıb.
Kliniki Tibbi Mərkəzin infeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov Gürcüstanda yayılan donuz qripindən ölüm halına əslində stafilokok mikroblarının səbəb olduğunu deyib: “Qonşu ölkədə xəstələr qripdən əlavə, bu törədiciyə də yoluxublar. Məhz həmin törədici xəstələrin vəziyyətinin ağırlaşmasına və vəfatına səbəb olub. Donuz, quş və insan qripi eyni virusdur. Xəstəliyin adı harada tapılması və yoluxma mənbəyi ilə əlaqədardır”.
Mütəxəssislər mövsümü xəstəlik olan qripdən qorunmaq üçün gigiyenik qaydalara əməl edilməsinin və immuniteti gücləndirən qidaların qəbulunun vacibliyini diqqətə çatdırıb və media nümayəndələrinin suallarını cavablandırıblar.