Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Hesabatda uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin dövlət tərəfindən ödənilməsi və sonradan borcludan məcburi qaydada alınması üzrə mexanizmin (Aliment Fondunun) yaradılması təklifi qeyd edilib.
Həmçinin Əmlak və gəlirləri aşkar edilməyən, maddi çətinlik səbəbindən aliment ödənişlərini vaxtında ödəyə bilməyən (aliment borcunun ödənilməsindən qəsdən yayınma halları istisna olmaqla) borclu barəsində ümumi qaydada İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin aliment borcunun ödənilməsinin təmin olunması baxımından səmərəli olmadığını nəzərə alaraq, aliment tələbinə dair məhkəmə qərarlarının icrası zamanı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətin ayrıca maddədə göstərilməsi, həmin pozuntuya görə cərimə cəzasının işin halları və pozuntunu törədən şəxsin maddi durumu nəzərə alınmaqla tətbiqi, bununla bağlı qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin olunmas təklif edilir.