Autizmə səbəb olan gen şəbəkəsi aşkar edilib
Bakı, 7 dekabr, AZƏRTAC
Alimlərin aşkar etdikləri genlər məcmusu əqli inkişafın gecikməsinin və autist spektrin pozulmasının müalicəsində mühüm rol oynaya bilər. Bu cür yanaşma xəstəliyi meydana gətirən müstəsna genlərin axtarılmasından daha səmərəlidir.
İntellektual inkişafın pozulmasını və autizmi tək bir genin vasitəsilə müalicə etmək mümkün deyil. Bu cür xəstəliklər zamanı mexanizmə mindən çox müxtəlif gen cəlb olunur və həmin səbəbdən alimlər yeni tədqiqatda beynin normal inkişafına mane olan genlər şəbəkəsini tapmağa səy göstəriblər. Komandanın aşkar etdiyi USP9X geni əqli inkişafın gecikməsinin və autist spektrin pozulmasının bünövrəsində olan genlər şəbəkəsini tənzimləyir.
AZƏRTAC xəbər verir ki, tədqiqat beynəlxalq alimlər qrupu tərəfindən aparılıb, onun nəticələri isə Kvinslend Universitetinin saytında yerləşdirilib. Siçanlar üzərində eksperimentlər göstərib ki, USP9X geni beyin neyronlarının qarşılıqlı fəaliyyətinə təsir edən zülallar ailəsini tənzimləyir. Onların müşahidələri onu da aşkar edib ki, həmin genin beynin normal inkişafı üçün həlledici rol oynadığı məqamda doğumdan sonra ikihəftəlik mühüm dövr mövcuddur.
Kvinslend Universitetinin alimi Maykl Payper bununla bağlı qeyd edib: “Potensial olaraq bu imkanlar pəncərəsi terapevtik müdaxilə üçündür. Bu genlər şəbəkəsində istiqamətlənərək müxtəlif nevroloji pozuntuları olan pasiyentlərin müalicə metodlarını da işləyib hazırlamaq mümkündür”.
Alimlər hələ ki, növbəti kilinik eksperimentlərdən əvvəl sınaqdan keçiriləcək konkret terapevtik tədbirləri təqdim etməyiblər. Bununla belə, USP9X geninin identifikasiyası geniş pasiyent dairəsinin müalicə metodlarının hazırlanması üçün yeni imkanlar yaradır.
Autizmin genetik təbiəti çox mürəkkəbdir. Bu yaxınlarda aparılmış tədqiqatlarda alimlər belə qənaətə gəliblər ki, autizmin səbəbi hətta “zibil” DNT-sində də ola bilər. Heyvanları üzərində keçirilən digər laboratoriya testləri göstərib ki, artıq autist spektrin pozuntuları olan yaşlı insanların da müalicəsi ehtimalı mövcuddur.