ATU-nun həkimləri Türkiyədə beynəlxaq konqresdə iştirak ediblər

Türkiyənin Antalya şəhərində “Fetal Həyatdan Uşaqlığa – ilk 1000 gün” adlı 6-cı Beynəlxalq Konqres keçirilib.

Konqres Türkiyə Səhiyyə Nazirliyinin və TİKA-nın dəstəyi ilə Yüksəliş İqtisadi və Strateji Tədqiqatlar Fondu (YİSAV) tərəfindən təşkil olunub. ABŞ, Böyük Britaniya, Türkiyə, Finlandiya, Norveç, Hollandiya, İspaniya, İordaniya, Ukrayna, Azərbaycan və s. ölkələrdən 600 nəfər nümayəndə konqresdə təmsil olunub. Tədbirdə ölkəmizi Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.e.d. Səbinə Qarayeva, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı, t.ü.f.d. Səmayə Əlizadə və Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşı Gültəkin İsayeva iştirak ediblər.

Konqresin açılış mərasimində YİSAV-ın prezidenti və konqresin sədri professor Ferit Saracoğlu, Türkiyənin Səhiyyə Nazirinin müşaviri Dr.Rıfat Köşe və başqaları çıxış edib. 4 gün davam edən konqresdə perinatologiyanın aktual problemləri, ana-uşaq-qidalanma mövzularına yeni yanaşmalar haqqında çıxışlar olub. Konqres iştirakçıları uşağın sağlamlıq vəziyyəti, mayalanmadan sonra 1000 gün müddətində düzgün qidalanma, qulluq, ana və uşaq ölümünə təsir edən bir çox amillər haqqında müzakirələr aparıblar.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı