Artıq leykozların diaqnostikası məqsədi ilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmayacaq.

Son vaxtlar leykozların diaqnostikası və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu, ilk növbədə leykozların molekulyar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin hədəf terapiyası üsullarının işlənib-hazırlanmasına aiddir.

Hazırkı dövrdə inkişaf etmiş ölkələrdə qanın bədxassəli xəstəliklərinin patogenezinin və şiş hüceyrələrinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində baş verən tərəqqi, diaqnostikanın və müalicənin nəticələrinin qiymətləndirilməsinin yeni metodlarının tətbiqi, yeni dərman preparatlarının və müalicə metodlarının istifadəsi ağır patologiyadan əziyyət çəkənlərin xəstəliyinin proqnozunun əhəmiyyətli şəkildə dəyişdirilməsinə səbəb olub. Elə bunun nəticəsində əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinə olan münasibəti tamamilə dəyişərək onları sağalması mümkün olan xəstəliklər sırasına daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda leykoz xəstələrinin diaqnostikasının ən müasir səviyyədə aparmağa imkan verən immunohistokimyəvi laboratoriyanın açılışında məlumat verilib.

İnstitutun direktoru Zöhrə Əlimirzəyeva laboratoriyanın üstünlükləri barədə jurnalistlərə deyib: “Onkohematoloji xəstəliklərlə mübarizə səhiyyənin ən aktual problemlərindən biridir. Leykozların müayinəsində çox böyük və həlledici rol oynayan immunohistokimyəvi müayinələrin aparılması üçün açılan laboratoriya ən müasir avadanlıq və reaktivlərlə təchiz olunub. Laboratoriyada aparılan 48 növ müayinə onkohematoloji xəstəliklərin differensial diaqnostikasını, ən başlıcası isə həmin xəstəliklərin müalicəsində ən müasir üsul hesab olunan hədəf terapiyasının və onun monitorinqini aparmağa imkan verir. Bütün bunlar leykozlu xəstələrin müalicəsini innovasion aparatlarla ən müasir standartlara uyğun şəkildə aparılmasını təmin edir. İnnovasion preparatlar orqanizmin digər hüceyrə və orqanlarına deyil, birbaşa şiş hüceyrələrinə təsir göstərərək onların məhv edilməsinə yönəldilib. Tətbiq edilən həmin diaqnostika və müasir müalicə metodları son nəticədə xəstələrin həyat keyfiyyəti yaxşılaşması və ömrünün uzanmasına səbəb olur”.

Jurnalistlərə o da məlumat verilib ki, qanın bədxassəli xəstəlikləri mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Həmin qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə malik olması xüsusilə diqqəti cəlb edir. Leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir.

Statistik məlumatlara görə, hazırda ölkəmizdə qeydiyyatda olan 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyindən əziyyət çəkir.

2017-ci ildə Dövlət Proqramı çərçivəsində yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriyanın yaradılması həmin xəstəliklərin müalicəsində çox böyük irəliləyişə səbəb olacaqdır. Artıq leykozların diaqnostikası məqsədi ilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmayacaq.

 

AZƏRTAC